“Sifariş belədir ki, Əbülfəz Sadıqbəyli həbsdə qalmalıdır”

“Sifariş belədir ki, Əbülfəz Sadıqbəyli həbsdə qalmalıdır”

19-01-2019 01:45 / Bu xəbər 1407 dəfə oxundu

Yanvarın 18-də Qaradağ Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib. 

Vəkil Osman Kazımov bildirib ki, məhkəmədə Əbülfəz Sadıqbəylinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və cinayət işinin istintaqa qaytarılması barədə vəsatətlər qaldırılsa da, hakim  Fuad Hüseynov vəsatəti təmin etməyib. 

Məhkəmə prosesində Müsavat başqanının müavinləri Razim Əmiraslanlı, Fərəc Kərimli, Divan üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqov və Elman Fəttah da daxil olmaqla, bir qrup müsavatçı iştirak edib.

Elman Fəttah Əbülfəz Sadıqbəylinin həbsdə saxlanması üçün heç bir hüquqi əsasın olmadığını bildirib.

"Əbülfəz Sadıqbəylinin ittiham olunduğu maddələrin sanksiya müddəti keçib, iddia olunan maddi ziyan ödənilib. İttihamın hüquqi nəticəsi bitib, ancaq siyasi sifariş belədir ki, bəy əsassız olaraq həbsdə qalmağa davam etməlidir”, - deyə Elman Fəttah özünün feysbuk səhifəsində yazıb.

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Əbülfəz Sadıqbəyliyə cinayət məcəlləsinin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.

Müsavatçı ittihamı qəbul etmir. 

Müsavat Partiyası bəyanat yayaraq həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib. 

Bastainfo.com