Şirkət Gömrük Komitəsini məhkəməyə verib

Şirkət Gömrük Komitəsini məhkəməyə verib

27-07-2018 18:54 / Bu xəbər 3210 dəfə oxundu

''Bakı Baş Gömrük idarəsinin rəisi Kənan Məmmədov özünün təyin etdiyi qiymətlər əsasında yükün bəyan olunmasını tələb edib''

İrandan Azərbaycana kafel-metlax idxal edən "Aztexnika” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. 

İş üzrə cavabdeh Bakı Baş Gömrük İdarəsidir. Məhkəməyə təqdim olunan müraciətdə qeyd olunur ki, "Aztexnika” MMC müxtəlif vaxtlarda idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz halların aradan qaldırılması ilə bağlı dəfələrlə Dövlət Gömrük Komitəsinə, aidiyyəti gömrük orqanlarına şikayətlər edib.

İran İslam Respublikasından 9 iyul 2018-ci ildə dəmiryolu vasitəsilə cəmiyyətin ünvanına vaqonla "keramik plitələrdən kafel metlax” yükü gəlib və Keşlə dəmiryolu stansiyasına daxil olub. Yükün gömrük rəsmiləşdirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə həmin tarixli yük gömrük bəyannaməsi təqdim olunub. Yükün rəsmiləşdirilməsi zamanı heç bir səbəb olmadan Bakı Baş Gömrük idarəsinin rəisi Kənan Məmmədov satıcı ilə alıcı arasında olan sövdələşmə qiyməti ilə deyil, onun özünün heç bir əsas olmadan təyin etdiyi qiymətlər əsasında yükün bəyan olunmasını tələb edib. "Aztexnika” MMC rəsmilərini narazı salan da budur.

Məhkəməyə təqdim olunan iddiada qeyd olunur ki, cavabdeh tərəfindən həmin mallar heç bir əsas olmadan Keşlə dəmir yolu stansiyasında saxlanılır. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tələb olunan sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən yükü buraxmaqdan qanunsuz və əsassız olaraq imtina edir.

İddiada yazılır: "Uzun müddətdir ki, idxal olunan mallar gömrükdən buraxılmır. Bizim müəssisə həmin yükün saxlanılmasına görə hər gecikmiş gün üçün "Dövlət Dəmir Yolu” QSC cərimə ödəməlidir və bunun hansı müddətə davam edəcəyi məlum deyildir. Müəssisənin də bunu ödəməyə maddi vəsaiti yoxdur”.

İddia ərizəsinə əlavə edilən sənədlərdən məlum olur ki, "Aztexnika” MMC Bakı Baş Gömrük İdarəsinə dəfələrlə yükün saxlanılması ilə bağlı şifahi və yazılı müraciət edib. Hər dəfə müraciət cavabsız qalıb.

"Bakı Baş Gömrük İdarəsi qanunla müəyyən edilmiş vəzifələrini icra etməməklə heç bir səbəb olmadan və müəssisəyə bununla bağlı hər hansı rəsmi məlumat vermədən ünvanımıza göndərilmiş yükün uzun müddət qeyri-qanuni olaraq saxlamaqla bugünə kimi müəssisəyə 2 min 646 manat məbləğində maddi ziyan vurub”.

"Aztexnika” MMC rəsmiləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə də müraciət ünvalamaqla Bakı Baş Gömrük İdarəsində üzləşdikləri qanunsuzluqların aradan qaldıırlmasını xahiş ediblər.

"Qanuna müvafiq sənədlər İdarəyə təqdim olunmasına baxmayaraq, yük bugünə kimi gömrük orqanı tərəfindən rəsmiləşdirilmir. Problemlə bağlı İdarənin rəisi Kənan Məmmədovun qəbulunda olmuşuq. Kənan Məmmədov satıcı ilə alıcı arasında olan sövdələşmə qiyməti ilə deyil, onun özünün heç bir əsas olmadan təyin etdiyi qiymətlər əsasında yükün bəyan olunmasını tələb edir, əks təqdirdə yükün buraxılmayacağını bildirir. Yükün mədaxil sənədlərində, qarşı tərəflə bağlanılmış müqavilədə və yük daşıyan nəqliyyat şirkətinə aid sənədlərdə dəqiq qiymət göstərildiyi halda, bu tələbin Gömrük Məcəlləsinə və Gömrük Tarifi haqqında qanuna zidd olduğunu bildirsək də, rəsmiləşdirmənin başa çatdırılması ilə bağlı cəhdlərimiz nəticəsiz qalır. Malın qanunsuz tələblə uzun müddət rəsmilədirmədən saxlanılması və məktublarımıza uzun müddət cavab verilməməsi müəssisəyə külli miqdarda ziyan vurulmasına gətirib çıxarır. Hesab edirik, bütün bunlar gömrük orqanı əməkdaşları tərəfindən məqsədli şəkildə həyata keçirilir.

"Gömrük Tarifi” haqda Qanununun 12-ci maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin 6 üsulu müəyyən edilib:

12.1.1. malların sövdələşmə qiyməti ilə;
12.1.2. eyni malların sövdələşmə qiyməti ilə;
12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə;
12.1.4. dəyərin çıxılması üsulu ilə;
12.1.5. dəyərin toplanması üsulu ilə;
12.1.6. ehtiyat üsulu ilə.

Həmin qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq gömrük orqanı əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısını almağınızı, tərəfimizdən təqdim olunmuş yük gömrük bəyannamələri və yük sənədləri əsasında rəsmiləşdirilməsi üçün təcili tədbirlər görüləməsini xahjiş edirik” – deyə MMC rəsmiləri müraciətlərində yazırlar.

Bakı Baş Gömrük İdarəsindən Meydan TV-nin sualını şərh etmək istəmədiklərini bildiriblər.