Sirrimin üstündə bu canım qapı...
25-12-2017 02:16 / Bu xəbər 2851 dəfə oxundu
Arqument.az şair Qəşəm Nəcəfzadənin yeni şeirini təqdim edir:
Sirrimin üstündə bu canım qapı
Sirrimin üstündə bu canım qapı,
Məni görmək üçün göy, oynar?
-Oynar.
Gələrəm evimə ürəyimdə sirr,
Sirri bilmək üçün öy, oynar?
-Oynar.
Nədi məni belə yandıran yaxan,
Çöl üçün bir belə içdə darıxan.
Yüz yerdən dartınan, yüz yerdən sıxan
Canımda damarım göy, oynar?
-Oynar.
Xəttin düz olarsa yolda azarsan,
Şeir yox, özünə qəbir qazarsan.
Istəsən bir gözəl şeir yazasan,
Qələmin burnunu əy, oynar?
- Oynar.
Samit ağız bağlar, sait dil açar,
Anlayar halımı könlü alçaqlar.
Sevincim ağlayar, qəmim əl çalar,
Dərdim ortalıqda bəy, oynar?
-Oynar.
Tünlükdü aranı tutub neçə baş,
Ay kimi tutulub alnındakı qaş.
Bir azca başını yana əy yavaş,
Gözünün birini qıy, oynar?
-Oynar.
Burda nə danışım burda nə dinim?
Segah havasıdı bu halım, dəmim.
Gündüzlər qulağım kar olar mənim,
Gecələr başımda küy, oynar?
-Oynar.