Siyasətlə məşğul olmanın mədəni vərdişləri 30 ildə niyə dəyişmədi?

Siyasətlə məşğul olmanın mədəni vərdişləri 30 ildə niyə dəyişmədi?

11-02-2019 16:01 / Bu xəbər 332 dəfə oxundu

İlqar Məmmədov
REAL sədri
 
Hazırda ölkəni bürümüş inqilabi dəyişiklik həvəsini bir çox daxili və xarici amillər yaradıb. Bu amillərin rəsmini cızsanız, 1988-92-ci illərin surəti alınacaq.

Həmin illərdə bürokratik elita, sosialist dövlətin resurslarına sahiblənmək uğrunda sərt mübarizəyə girərək iki düşərgəyə bölündü. 

Rəsmi hakimiyyət, bir qrup yerlipərəstlərin əlində cəmləşmişdi və o, başqa bir qrup yerlibazları gəlirli dövlət vəzifələrindən sıxışdırırdı. Üçüncü qüvvə isə müxtəlif liberal və milliyyətçi xadimlərin rəhbərlik etdiyi narazı kütlələrin hərəkatı idi.

Bu gün, iki böyük oliqarx qrupu "mülkiyyət" kimi təsvir edə biləcəyimiz dəyər daşıyıcılarının miqyaslı şəkildə yenidən bölüşdürülməsinə çalışır. Ən fərqli səbəblərdən. Onlar arasında neft gəlirlərinin azalması ilk yerlərdən birindədir. 1980-ci illərin sonlarındakı xalq hərəkatının potensialı ilə müqayisə ediləbiləcək ictimai narazılıq da bu gün geniş yayılıb.

Siyasi-ictimai həyatın oyanışı faktı, hətta surət halında olsa belə, məni ancaq sevindirərdi, əgər bu oyanma, 1990-cı illərin əvvəllərində baş verən fəlakətlərə tərəf bizi aparmış zərərli siyasi instinktlər və ya mədəni vərdişlərə tabe olmağa meyllənməsəydi. Müstəqillik qazansaq da, onda edilən səhvlərin acısı, istiqlalın əsl məqsədlərindən diqqətimizi hələ də yayındırır.

1980-ci illərin sonlarında olduğu kimi, bugünkü oliqarxik qruplar da rəqib qrupa qarşı küçə təzyiqləri göstərmək üçün uyğun siyasi element axtarmağa başlayıblar. Son bir-iki ayda bu, demək olar açıq-aydın həyata keçirilir və yuxarılarda qarşıdurmanın qızışdığına bir işarədir.

Onları şərti olaraq hakim "A" qruplaşması və hakimiyyətdən sıxışdırılan "B" qruplaşması kimi təyin edək. B qruplaşması, sözü gedən təzyiqi öz adına çıxara biləcək "müxalifət partiyalarının koalisiyası"nı demək olar qurub qurtardı. 

A qruplaşması, görünür, partiyalar arasında etibarlı tərəfdaşını hələ axtarır. Ehtiyyatı ondan doğur ki, hətta yuxarıda göstərilən o koalisiyada elə "ağıllılar” var ki, münaqişənin küçə müstəvisi həlledici səciyyə qazanandan sonra onlar oliqarxlara öz qaydalarını diktə etmək xəyalındadırlar, yəni vaxtı gələndə öz oyunlarını oynamağı düşünürlər.

Beləliklə, heç kim seçkilər barədə düşünmür və hər kəs hesabları küçədə "çürütməyə” köklənib.

Eynən bunlar 1988-92-ci illərdə baş verirdi. 1989`cu ilin sonunda Azərbaycan SSR Ali Sovetinin səlahiyyət müddəti sona çatmışdı. Qismən liberal, qismən milliyyətçi kütlənin hərəkatı o dövrdə artıq iki ilə yaxın mövcud idi. Onun bayraqdarı Xalq Cəbhəsi isə yarım il idi möhtəşəm mitinqlər keçirirdi. 

Hakimiyyətdə təmsil olunan iki rəqib yerlibaz qrupdan heç biri seçkilərin tezliklə keçirilməsi üçün tərpənmədilər, çünki onlar, Xalq Cəbhəsinin demək olar bütün yerləri qazanacağını bilirdilər.

Təəssüf ki, Xalq Cəbhəsi də seçkilər haqqında dinmirdi, çünki siyasi mübarizəsinin bütün məntiqi və tərzi, onu hakimiyyəti ancaq zorla ələ keçirməyə proqramlaşdırılmışdı.

Nəticə: 1990-cı ilin yanvarında Qorbaçov iqtidarı Azərbaycandakı hakimiyyətdaxili "müxalif” yerlipərəstləri və onlarla oyuna girmiş Xalq Cəbhəsini cilovlamaq üçün kütləvi təxribat törətdi, məsum vətəndaşların qanını axıdaraq Bakıya ordu yeritdi.

Doqquz aydan sonra, 1990-cı ilin sentyabrında, gecikdirilmiş parlament seçkilərini nəhayət keçirdilər, ancaq artıq avtomat lülələri altında. Xalq Cəbhəsinə az sayda deputat yeri verildi, bütün digər mandatlar isə hakim elita içərisindəki maraqlar tarazına uyğun olaraq paylandı. Beləcə, Xalq Cəbhəsinin mitinq resursu elit düşərgələr arasındakı haqq-hesablarda xərcləndi.

Milli maraqlar xaricində bütün maraqlar təmin edildi və çox sayda məsum vətəndaş həyatını itirdi.

Bu gün proqram tam olaraq eyni alqoritmlə işləyir. B qrupu öz iqtisadi maraqlarını qorumaq üçün A qrupuna küçə təzyiqi göstərmək yollarını arayır. A qrupu oxşar metodları nəzərdən keçirir. 

A və B, qarşıdurmanı müəyyən bir nöqtəyə gətirib bir-biri ilə razılaşa da bilərlər. Belə bir anlaşma, 1980-ci illərin nümunəsinə oxşar şəkildə oyuna qatılmış ya da qatılmaq istəyən sistemdaxili siyasi partiyalara baha oturacaq. Özü də, "yuxarıların" qarşıdurması anlaşma öncəsi nə qədər qızğın olsa, "aşağıları” təmsil edən oyunçular o qədər baha qiymət ödəyəcəklər.

A və B qrupları şiddətsiz qarşıdurmanın zirvəsində qarşılıqlı razılığa gələ bilməsələr, onların rəqabəti sərt bir küçə hərəkətliliyinə çevrilsə və hadisələr nəticəsində qruplardan biri qələbə qazansa, bu, ölkə üçün heç bir demokratik sıçrayış vəd etmir. Əksinə, azadlıqlar daha da məhdudlaşdırılacaq – 1990-cı ilin 20 yanvar sonrasından da pis. Doğrudur, müəyyənlik yaranacaq, ancaq bu müəyyənliyə aparan yolda baş vermiş hadisələrin yükü ölkəni daha da sərt bir diktatorluğa tərəf dartacaqdır.

Oliqarxik qruplar arasındakı rəqabət fonunda bugünkü geniş ictimai narazılıq ölkəyə xeyir də verə bilər, onu fəlakətlərə də apara bilər. Biz, Respublikaçı Alternativ, dinc siyasi iştirakçılığın yeganə yolu kimi seçkini və səslərin müdafiəsini önə çəkirik. Bütün digər yollar xətalı macəraçılıqdır və bunu tarix sübut etmişdir.

Yazı müəllifin bloqundan götürülüb.