Siyasi hakimiyyətlərin soyuq silahı: Mentalitet

Siyasi hakimiyyətlərin soyuq silahı: Mentalitet

01-02-2018 01:42 / Bu xəbər 2216 dəfə oxundu

Həzi Bəy

Bu günlərdə bir neçə dostla birlikdə "Diren” (Suffragette) filmini izlədik. Film 100 il bundan öncə İngiltərədə qadınların səsvermə hüququ əldə etməsi üçün apardıqları mübarizədən bəhs edirdi.

Hər səhnədən sonra diqqətimi çəkən acınacaqlı bir situasiya var idi ki, biz onun acısını indi də çəkirik.

Öncə onu deyim ki, təbii ki, mübarizə olan yerdə repressiya, işgəncə, itki, ümumilikdə təzyiqlər mütləq olacaq. Ona görə filmə baxanda öncədən bilirdim ki, məqsəd, mübarizə və müsbət nəticə mütləq olacaq. Filmin bu hissəsində diqqətimi, marağımı çəkəcək heç nə görmədiyim üçün, ona fokslanmışdım ki, axı görəsən, İngiltərədə həmin dövr baş verənlərin içərisində fərqli nə var idi? O fərq nə idi ki, indi də o problem Azərbaycanda var və qadınların aktiv siyasi, ictimai proseslərdə iştirakının qarşısını kəsir?

Təbii ki, bir neçə kadrdan sonra sezmək olurdu - fərq mentalitet idi!

Hətta İngiltərənin o zamanlarında belə, mübarizə aparan, haqqını, hüququnu tələb edən qadınlara fahişə, elə dili ilə desək "harsın” kimi baxırdılar. Hesab edirdilər ki, qadın övladının anası olmalıdır. Vəssalam!

Azərbaycanda da eyni durumdur. Mitinqdə həbs olunduğuna görə, bir qadından nəsli də imtina edər. Evinə polis gələn qadın artıq fahişə hesab olunur. "Axı bu harsının əri yoxdur? Qızışıb düşüb mitinqlərin canına”, – deyə düşünür insanlar.

Mən mentalitetə tamamilə qarşı insanam, ona görə yox ki, çox liberalam. Ona görə yox ki, çox geniş düşüncəliyəm, və s. 

Ona görə ki mentalitet diktatura hökm sürən ölkələrdə hakimiyyətlərin ən amansız silahları olur. Bu silahla bir ailəni dağıtmaq, bir nəsli "Məhv etmək” olar.

Hüquq varsa, mentalitet nə üçündür?

Dövlət idarəetməsində milli mənəvi dəyərlərin də, hüququn da payı hər zaman çox olub. Düşünürəm ki, hüququn daha çox pay sahibi olduğu dövlətlərdə inkişaf, rifah və təhlükəsizlik daha möhkəm köklərə bərkidilir. Milli mənəvi dəyərləri isə iki kateqoriyaya bölmək olar. Adət-ənənələrə və mentalitetə. Adət-ənənələri qismən qəbul edirəm. Mentalitet isə, hüquq varsa, gərəksizdir. Zatən mental dəyərlər hüquq, qayda-qanun olmayan yerlərdə münasibətləri tənzimləmək üçün xalqların qəbul etdiyi davranış qaydalarından ibarətdir.
Adət-ənənələr nədir? Təbii ki, Adət-ənənələr də ya hüquqa istinad etməli, ya da hüququ pozmamalıdır. Misal üçün hansısa insan düşünürsə ki, qızının toyunda üç dəfə əyilib-qalxanda qızı xoşbəxt olacaq və artıq illərdir kəndlərində bu adət halına çevrilib, qoy əyilib qalxsın. Hüquq heç bir halda buna qarşı çıxmır. Təbii ki, hüququn qəbul etmədiyi adət-ənənələr də var – onlardan biri də toylarda havaya atəş açmaqdır. Hətta Azərbaycanda da bəzi bölgələrdə bu adət-ənənə yaşayır. Ancaq bu adət-ənənənin daha geniş vüsət aldığı Türkiyədə insanlar arasında sorğu keçirəndə böyük əksəriyyət buna qarşı çıxmışdı. Təhlükəlidir və dəfələrlə insan həyatına son verdiyi üçün hüquq bu adət-ənənəni qəbul etmir.

Mentalitet isə ümumiyyətlə qəbul oluna bilməz, bu, hüquqi dövlətdə faciədir. Adət-ənənələr bir qrup insanı, ərazini əhatə etsə də, mentalitet tamamən fərdi seçimlərə görə dəyişir. Misal üçün, ictimai nəqliyyatda fiziki qüsurlu insanlara, hamilə qadınlara, uşaqlı qadınlara yer vermək mentalitetin bir təzahürü hesab olunur. İnkişaf etmiş hüquqi dövlətlərdə isə fiziki qüsurlu insanların, hamilə qadınların və digərlərinin yükünü dövlət öz üzərinə götürür. İctimai nəqliyyatda fiziki qüsurlu insanlar, hamilə qadınlar və s. üçün oturacaqlar nəzərdə tutulub ki, orda ancaq bu kateqoriyanın insanları əyləşə bilir. Mentalitet yardımsevərlikdirmi? Bəs dövlət qurumları, vətəndaş cəmiyyəti və s. qurumlar nə üçündür? Kimsəsiz, diqqətə ehtiyacı olan insanlarla hökumət qurumları, bələdiyyələr, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri məşğul olmalıdırlar, yardım etməlidirlər. İşi olmayan, pulsuz qalan vətəndaşlara dövlət iş verə bilmirsə, müavinət verməlidir və s. Normal hüquqi dövlətlərdə, hüququn aliliyi qorunduğu cəmiyyətlərdə bu məsələlər ciddi şəkildə həllini tapır, özü də heç kimi narahat etmədən. Azərbaycanda isə hakimiyyət öz vəzifələrindən yayındığı üçün, vətəndaş cəmiyyəti demək olar tam məhv olduğu üçün, bu işlərin yükü insanların çiyninə düşür. Abırlı don geyindirmək üçün isə adını qoyurlar MENTALİTET.

Bu məsələ ilə bağlı geniş izahlar yazmaq olar, hələlik mən bu qədəri ilə kifayətləndim. Hüquq nədir? Pozitiv və normativ hüquq nəzəriyyəsinə görə – ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə – hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.

Dövlətlərdə idarəetmə zamanı hüquqa istinad edəndə həm mərkəzi icra aparatı, həm də yerli özünü idarəetmə orqanları işlək mexanizmə çevrilir. Bu zaman vətəndaşlar hüquqları pozanda və ya digər qanunsuzluqlar edəndə, onları ictimai qınaq yox, hüquqi məsuliyyəti gözləyir. Hüquq qadını kişidən, kişini də qadından üstün etmir. Zəruri hallarda yaş məhdudiyyətləri isə tətbiq olunur: eynən mentalitetdəki kimi. Hüquq bərabərlik, bir sözlə, bərabər hüquqlu olmaqdır. Milli mənəvi dəyərlər donu geyindirilmiş, abırlı geyim növü hesab olunan mentalitet isə, hər zaman avtoritarizm hökm sürən dövlətlərin hakimiyyətlərinin əlində soyuq silaha çevrilir. Həm siyasi rəqiblərinə, həm nəzarət altında saxlamaq üçün vətəndaşlarına mentalitet silahı tuşlanır.

Ona görə sağlam bağlara sahib olmaq üçün hüququ qəbul etməliyik. Heç bir şəxsin hüququn pozmayın və hüququnuzu da pozdurmayın.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. 

Abzas.net