Siyasi məhbusun intiharı ilə bağlı Baş Prokurorluqdan açıqlama

Siyasi məhbusun intiharı ilə bağlı Baş Prokurorluqdan açıqlama

30-04-2017 15:19 / Bu xəbər 1410 dəfə oxundu

Baş Prokurorluq siyasi məhbus Mehman Qələndərovun intihar etməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, həmin faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Qeyd edək ki, M. Qələndərov aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib. 

Onun barəsində Nəsimi məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. M. Qələndərov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

Qeyd edək ki, Mehman Qələndərov həbsindən əvvəl Tbilisidə yaşayan azərbaycanlı mühacirlərin "Qul bayramınız mübarək!” şuarı altında keçirdikləri aksiyanın təşkilatçılarından biri olub.