Siyavuş Norvuzov: ABŞ Dövlət Departamentinin hesabatı ''divar kağızıdır''

Siyavuş Norvuzov: ABŞ Dövlət Departamentinin hesabatı ''divar kağızıdır''

15-03-2019 16:20 / Bu xəbər 332 dəfə oxundu

Gültəkin Hacıbəyli: ''Hakim partiya yetkilisindən başqa reaksiya gözləmirəm''

ABŞ Dövlət Departamenti 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb.

"Amerikanın Səsi” radiosunun məlumatına görə, hesabatı martın 13-də təqdim edən dövlət katibi Mayk Pompeo ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan hüquqlarının mühüm yer aldığını vurğulayıb.

Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində baş verən hüquq pozuntuları təsvir edilib. Azərbaycanda arbitrar qətllərin və işgəncə halları ilə bağlı məlumatlar geniş yer alıb.

"Azərbaycan hökuməti insan haqlarını pozan rəsmilərin əksəriyyətini nə təqib edir, nə də cəzalandırır - cəzasızlıq problem olaraq qalır”, hesabatın Azərbyacana aid hissəsində qeyd edilir.

Hesabatda çoxsaylı faktlara istinad edilir.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov radioya müsahibəsində bildirib ki, ABŞ Dövlət Departamentinin hesabatı heç bir fakta, araşdırmaya söykənmir.

"Dövlət Departamenti köhnə materialları belə dəyişdirmədən dərc edib. Yəni Əli Kərimlinin, Milli Şuranın bəzi üzvlərinin yazdıqlarının nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil ediblər. İstinad etdikləri mənbə nədir? Ailə üzvlərinin dediyinə görə bu, belə olub. Ailə üzvləri deyəcək ki, mənim ailə üzvüm filan cinayəti törətmişdi, ona görə cinayət məsuliyyətinə cəlb olunub? Doğrudan da gülüş doğuran bir məsələdir. İkincisi insanları toka vermək, ayaqlarının altına dubinka ilə, belə deyək də, vurmaq, nə bilim, nə... Orada olubsan, iştirak edibsən, görübsən? Hansı əsasla yazıbsan?” , o sual edir.

İcra katibinin müavini hesab edir ki, Dövlət Departamenti hər bir insanın verdiyi informasiyaya əsaslanmamalıdır.

"Böyük bir dövlətin, aparıcı bir dövlətin Dövlət Departamenti tərəfindən bazar, çayxana, küçə söhbətləri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalıdır.”

O, hesabatı həm də birtərəfli hesab edir.

S.Novruzov hesab edir ki, belə hesabatların yayılmasında xüsusi maraqlar var: "Çünki Azərbaycanın apardığı müstəqil siyasət, cənab prezident tərəfindən qəbul olunan qərarlar, sərəncamlar, bu yaxınlarda olacaq əfv sərəncamı bunlara sərf etmir. Bunlar istəyir ki, Azərbaycan dövləti bunların diqtəsi ilə durub-otursun, filan ölkəyə qarşı bunu elə, filan ölkəyə qarşı onu elə. Azərbaycan müstəqil ölkədir, öz xalqının maraqlarını qoruyaraq siyasət aparır”.

Siyavuş Novruzov Dövlət Departamentinin hesabatını "divar kağızı” hesab etdiyini deyib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hakim partiya yetkilisindən Dövlət Departamentinin hesabatına başqa reaksiya gözləmədiyini söyləyib.

Gültəkin Hacıbəyli Meydan TV-yə deyib ki, hökumət hesabata daha sərt reaksiya da verə bilər, hətta Milli Məclis ABŞ-a sanksiyalarla bağlı qanunu yenidən gündəmə gətirə bilər.

"Çünki bir dəfə belə qanun layihəsi Milli Məclisə təqdim olunub. Amma sonradan hakimiyyət ABŞ-a güzəşt edərək geri çəkildi”.

Milli Şura yetkilisinin sözlərinə görə, Dövlət Departamentinin hesabatı peşəkarlıqla hazırlanıb, ortaya qoyulan faktlar isə düşündürücüdür.

Gültəkin Hacıbəyli

O qeyd edib ki, hesabat həbsxanalarda, polis bölmələrində insanların sorğusuz, sualsız işgəncəyə məruz qalmasından danışır.

"Departamentin sənədində cəzaçəkmə müəssisələrində korrupsiya halları, məhbuslara verilən işgəncələr öz əksini tapıb. Bu mənada hakim partiya funksionerinin bu faktlar qarşısında deyəcəyi sözü də yoxdur, ona görə Novruzovun dediyi başadüşləndir”.

Bu cür hesabatların "nəticəsi olacaqmı” sualına cavabında, Gültəkin Hacıbəyli bildirib ki, indiyə qədər açıqlanan hesabatlar içərisində ən əhatəlisi, detallısı və sərti bu dəfə yayılan sənəddir.

Onun sözlərinə görə, hesabatın 40 səhifədən artıq hissəsi Azərbaycana həsr olunub.

"Xüsusilə həmin faktlarda insanların vəkilin yardımından məhrum edilməsi, istintaq aparılmadan sorğusuz güllələnməsi tükürpədisi faktlardır. Vəziyyətin dəyişməsinə gəlincə, ola bilsin Azərbaycanla bağlı hansısa qərarlar qəbul edilmir, amma sabah qərarların qəbul edilməyəcəyini heç kim istisna edə bilməz”.

G.Hacıbəyli xatırladıb ki, bugünlərdə ABŞ Maliyyə Nazirliyi bəyan etdi ki, insan hüquqlarını pozan diktatorlara qarşı sərt sanksiyalar qəbul edəcəklər.

"Dövlət Departamentinin hesabatı Konqresə təqdim olunur və bu qurumda Azərbahycan barədə konkret fikir formalaşır. İstisna deyil ki, Azərbaycan məmurları haqda sanksiya qərarları qəbul edilsin. Məsələ ondadır ki, bu hesabatdan Avropa Birliyi və başqa təşkilatlar da faydalanır. Mehman Hüseynovla bağlı Avropa Parlamentində bir ay əvvəl keçirilən dinləmələri xatırlayın. Həmin müzakirələrdə yalnız bloger haqda açılan ikinci cinayət işi yox, ümumiyyətlə, Azərbaycandakı durum müzakirə obyektinə çevrildi, sərt və birmənalı qiymət verildi. Departamentin hesabatı da həmin qiyməti bir az da dolğunlaşdırır və bütün bunlar nəticə etibarı ilə rəsmi Bakı üçün perspektivdə çox ciddi təhlükələrin yarandığını bəyan edir”.

Meydan TV