Siyavuş Novruzov bir neçə dairədə seçki nəticələrinin ləğvini təxribat sayır

Siyavuş Novruzov bir neçə dairədə seçki nəticələrinin ləğvini təxribat sayır

25-02-2020 17:46 / Bu xəbər 839 dəfə oxundu

Anar Məmmədli: "Siyavuş Novruzovun dedikləri qeyri-ciddidir”

YAP İcra Katibinin müavini Siyavuş Novruzov partiyadaşları Hüseynbala Mirələmov və Hadi Rəcəblinin deputat seçilməməsinin səbəbini onlara qarşı gerçəkləşdirilən təxribatla əlaqələndirib.

Bu barədə hakim partiya funksioneri APA-ya müsahibəsində deyib.

S.Novruzov deyib ki, YAP-ın dəstəklədiyi 33 saylı Xətai Birinci Seçki dairəsindən Hüseynbala Mirələmova və 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən irəli sürdüyü Hadı Rəcəbliyə qarşı təxribata nail oldular: "Həmin dairələrdən şikayətlər daxil oldu və MSK şikayətlər əsasında bu məsələni həll etdi. Şikayətlər obyektiv olanda dairə üzrə səsvermənin nəticələri ləğv edilir. Həmin dairələrdə maraqlı tərəf çox idi. Onlar da çalışırdılar ki, orda təxribat yaratsınlar. Buna da nail oldular. Araşdırmalar aparıldı və nəticə etibarı ilə dairələr ləğv olundu. Buna baxmayaraq, həmin şəxslərdən biri bizim rayon təşkilatının sədri, digər namizəd isə YAP Siyasi Şurasının üzvüdür. Onlar yenə də partiya fəaliyyətlərini davam etdirirlər”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Siyavuş Novruzovun açıqlamasını qeyri-ciddi adlandırıb.

Anar Məmmədli hakim partiya funksionerinin ciddi fakt gətirmədiyini deyib: "Əgər cənab Novruzov təxribat olduğunu iddia edirsə, bu, MSK-da baxılmalıydı. Hər iki dairədə seçkilərin nəticələrini MSK ləğv edib və bu qərar məntəqələrdəki pozuntularla bağlıdır. Hanısa şəxslərə qarşı, konkret olaraq YAP namizədlərinə qarşı pozuntu olubsa, bunu sübut etmək lazımdır. İddia edib kənara çəkilmək olmaz. Bu mənada Siyavuş Novruzovun dedikləri qeyri-ciddidir. Faktiki olaraq, Mirələmovun da, Rəcəblinin də xeyrinə qutulara bülleten atılıb, adları siyahıda olmayan şəxslərin səsverməyə gətirilməsi halları olub. Bu prosesin də başında yerli icra hakimiyyətləri dayanıb. İcra hakimiyyətləri özbaşına deyillər ki, hakim partiyanın namizədlərinə qarşı təxribat törətsinlər. İcra hakimiyyətləri təlimat əsasında çalışırlar. Novruzovun dediklərindən belə çıxır ki, yerli icra hakimiyyətləri təxribatla məşğul olurlar? Əgər hakim partiya funksioneri bunu nəzərdə tutursa, həmin şəxslərə qarşı tədbirlər görülməli, onlar məsuliyyətə cəlıb olunmalıdır”.

Anar Məmmədli
Mənbə: Foto: sosial şəbəkə

Anar Məmmədli hesab edir ki, yalnız 33 və 74 saylı dairələrdə deyil, başqa dairələrdə də eyni qanunsuzluqlar müşahidə olunub. Ona görə də eyni pozuntu halları üzrə bir çox dairələrin nəticələri ləğv edilməlidir.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Fevralın 13-də MSK iclasında 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd dairəsi, 80 saylı İmişli-Beyləqan dairəsi üzrə seçkinin nəticələrini ləğv edib. Bu dairələrdən MSK müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli, Çingiz Qənizadəni lider elan etmişdi.