"Siyavuş Novruzov da prokurorluğa göstəriş verə bilirmiş" - Əli Kərimli

22-04-2017 01:59 / Bu xəbər 2410 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli aprelin 21-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində mühacirlərlə bağlı açılan cinayət işi üzrə ifadə verib. 

Ə.Kərimli təxminən 4 saat şahid qismində dindirilib. 

O, jurnalistlərə açıqlamasında deyib ki, AXCP adından kimlərəsə saxta sənədlərin verildiyi, əslində, partiyanın funksionerləri tərəfindən ifşa edilib və sosial şəbəkələrdə ictimailəşdirilib. 

"AXCP bu məsələdə zərərçəkəndir və prokurorluğun istəyi olsa, saxtakarlıq edənləri partiya rəhbərliyini dindirmədən də tapa bilər", - deyə Kərimli bildirib. 

AXCP sədri hesab edir ki, onu və partiya funksionerlərini ifadə verməyə çağırılması birbaşa siyasi fəaliyyətlərilə bağlıdır. 

Əli Kərimli Toplum.Tv-yə açıqlamasında aprelin 18-də 1 saylı Bakı İstintaq təcridxanasında köməkçisi və "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirliyə qarşı yeni ittihamların irəli sürülməsinə də münasibət bildirib. 

O deyib ki, bu hadisələrin ardıcıl baş verməsi AXCP-yə təzyiqdir: "Əvvəla onu qeyd edim ki, Faiq Əmirli həbs olunanda biz bəyanat vermişdik ki, əslində, Faiq bəyin həbs olunma səbəbi " Azadlıq” qəzetinin çapını dayandırmaqdır. Həbsindən 1 ay keçməmişdi ki, qəzetin çapı dayandırıldı. Bu yaxınlarda sayta giriş də bloklanıb. Faiq bəyi imam adı ilə dini fəaliyyətə görə həbs eləmişdilər, lakin 8 ay sonra ona vergidən yayınma ittihamını irəli sürdülər. Bizim ilkin versiyamız özünü doğrultdu. Faiq bəyin həbsi "Azadlıq” qəzetinin çapının dayandırılması üçün idi. AXCP-nin funksionerlərinin sonra da özümün cinayət işi ilə əlaqədar olaraq prokurorluğa çağırılması da, əslində, bizə təzyiqin bir formasıdır". 

AXCP sədri saxta sənəd məsələsinə münasibət bildirərkən vurğulayıb ki, təşkilat bu cinayəti törədənlərin tapılmasında maraqlıdır: "Formal baxımdan müəyyən adamlar saxta sənədlər hazırlayıb, AXCP-ə aid olmayan adamlara həmin sənədləri veriblər və bu işi araşdıqmaqda bir qəbahət yoxdur. Biz də şahid kimi dindirilirik. Bu adamların tapılmasında maraqlıyıq. Əslində, hakimiyyət həmin saxta sənəd hazırlayan adamların bir gün içində kimliyini ifşa edə bilər. Bu prosesi hakimiyyət bilərəkdən bitirmir. Bir tərəfdən bu saxtakarlığn qarşısını almaq üçün tədbirlər görünür, digər tərəfdən də bundan məqsədli şəkildə bizə qarşı təbliğat üçün istifadə olunur. Ona görə də, mən bütün bunların hamısını AXCP-ə təzyiq kimi qəbul edirəm". 

Onun sözlərinə görə, cinayət işi ilə bağlı sifariş hakimiyyətin yuxarı dairələrindən verilib: "Bu cinayət işi, əslində, çoxdan açılıb. 8 aprel mitinqindən sonra Siyavuş Novruzov bizi korrupsiya ilə məşğul olmaqda ittiham etdi. Hətta Siyavuş Novruzov da prokurorluğa göstəriş verə bilirmiş. Bundan sonra da bizi tək-tək prokurorluqda dindirdilər". 

Aprelin 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində beş saatdan çox dindirilib. Gözəl Bayramlı ilə yanaşı, AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da prokurorluğa dəvət edilib. 

Aprelin 18-də isə Bakı İstintaq təcridxanasında "Azadlıq" qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirliyə qarşı yeni ittihamlar irəli sürülüb. 

Bu barədə azadliq.info-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib. İstintaq orqanı onun Cinayət Məcəlləsinin 213.1 ci maddəsi (vergidən yayınma) və 308.2-ci maddəsi (vəzifə səlahətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib. Faiq Əmirli ittihamı qəbul etməyərək, ifadə verməkdən imtina edib. 

Aprelin 19-da Faiq Əmirli barəsində cinayət işinin istintaqı başa çatıb. Vəkilin bildirdiyinə görə, F.Əmirli cinayət işinin materialları ilə tanış olub. 

"Gələn həftə materiallar vəkillərə də təqdim ediləcək. Bizim tanış olmamızdan sonra materiallara məhkəməyə göndəriləcək ”, - deyən vəkil materialların detalları haqda məlumatlı olmadıqlarını bildirib.

Alya A.
Toplum.Tv