Siyavuş Novruzov: "Vətəndaşların vəsaitləri mənimsənilir"

Siyavuş Novruzov:

12-10-2018 18:27 / Bu xəbər 396 dəfə oxundu

Komitə sədri mənzil tikintisi sahəsində dələduzluqdan danışdı

"Bir qrup insan bir mənzili bir neçə nəfərə satır, burada vətəndaşların vəsaitləri mənimsənilir”.

Bunu Millii Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, mənzil dələduzluğu ilə vətəndaşlardan mütəmadi şikayət aldığını deyib:

"Bir qrup insan bir mənzili bir neçə nəfərə satır, burada vətəndaşların vəsaitləri mənimsənilir. Onlara hüquqi əsası olmayan müqavilə verilir. İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız adamı həbsə salırlar”.

Deputat vurğulayıb ki, belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır:

"Araşdırılmalıdır ki, bu insanın daxma tikməyə imkanı var, yoxsa yox? Düzdür, buna qadağa qoymaq olmaz, amma hansısa formada nəzarət olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil”.

Deputatın sözlərinə görə, burada maraqlı və narahatlıq doğuran bir məqam da odur ki, çox zaman aidiyyəti olmayan adamlardan, qaçqın-köçkünlərdən istifadə olunur:

"Yəni guya onlar mənzil tikintisi ilə məşğuldurlar. Amma onların heç birinin buna aidiyyəti yoxdur, başqaları pul qazanır, pul oğurlayır, insanların əməyini oğurlayır, günahasız insanlar isə həmin dələduzların yerinə cəza çəkməli olurlar. Ona görə bu məsələ ilə bağlı icazə, lisenziya verilərkən müəyyən edilməlidir ki, əvvəla, kimdir əsl sahbkar, ikincisi də, həmin adamın ümumiyyətlə, tikintidən anlayışı varmı, başı çıxırmı? Deməkdə məqsədim odur ki, bu məsələ çox ciddi narahatçılıq doğurur. Bizə, millət vəkillərinə qalaq-qalaq məktublar gəlir, insanların aldadıldıqlarını bildirirlər, imdad diləyirlər. Ona görə həmin şəxslərə qarşı daha ciddi cəzalar nəzərdə tutulmalıdır”.

Deputat Elman Məmmədov isə həbsdən azadlığa çıxan insanlar iş tapa bilməməsi probleminə toxunub:

"Qanunda göstərilib ki, onlara bu istiqamətdə köməkliklər göstərilməlidir. Ancaq məmurlar niyə buna əməl etmirlər? O adamlar necə işsiz qala bilər? Onlar nə ilə dolansınlar? Bəyənmədiyimiz Sovet dövrünün belə bir şey vardı ki, həbsdən azadlığa çıxan insan yaşadığı yer üzrə nəzarətə götürülürdü və işlə təmin olunurdu. Bu insanların bir daha həbsə qayıtmaması üçün bu addımı atmalıyıq”.
 
Meydan.Tv