Skripala sui-qəsd necə edildi? - Britaniya polisinin fotoları

Skripala sui-qəsd necə edildi? - Britaniya polisinin fotoları

06-09-2018 12:05 / Bu xəbər 5271 dəfə oxundu

Britaniya hüquq-mühafizə orqanları keçmiş rusiyalı casus Sergey Skripal və qızının zəhərlənməsinə görə iki rusiyalıya ittiham irəli sürüblər. 

Şübhəlilərin fotoları yayılıb. Məlumata görə, onların adları Aleksandr Petrov və Ruslan Boşirovdur. Eyni zamanda polisdən bildirilir ki, bu adlar uydurma və onların pasportları saxta ola bilər.

Britaniyanın baş naziri Tereza Mey bu şəxslərin Rusiya hərbi kəşfiyyatının – GRU-nun əməliyyatçıları olduğunu deyib.

"Bu, sadəcə bir yaramaz əməliyyat olmayıb. Buna, GRU-dan kənardan Rusiya dövlətində yüksək səviyyədə rəvac verilib”, – Mey söyləyib.

Polis bildirir ki, Petrovun və Boşirovun təqribən 40 yaşları var və onlar saxta sənədlərlə Britaniyaya gəliblər. 

Məlumata görə onlar bu il martın 2-də "Aeroflot”un reys təyyarəsi ilə Moskvadan Londonun Qetvik hava limanına gəliblər və martın 4-də – Skripalların zəhərləndiyi gün Britaniyanı tərk ediblər. 

Şübhəlilər həm Londonda, həm də Solsberidə video-müşahidə kameralarına düşüblər. 

Skripallara sui-qəsd "Noviçok” sinir qazı vasitəsilə həyata keçirilib. 

Polisin məlumatına görə, ətir flakonunda Solsberiyə gətirilən "Noviçok” zəhərini burada Skripalın evinin qapısındakı dəstəyə vurublar. 

Bundan 3 ay sonra həmin flakonu yaxınlıqdakı Eymsberi şəhərinin sakini Çarli Rouli tapıb. O, zəhərlənmədən xilas olsa da, rəfiqəsi Don Sterjest həlak olub. 

Britaniya polisinin Serqey Skripal və onun qızına sui-qəsd etməkdə şübhəli bildiyi Aleksandr Petrov 


 


"Boşirov” kimi tanıdığımız şəxs Londonun Qetvik hava limanında. İzləmə kamerasından görüntü. Cümə, 2 mart, 16:22. 
 
"Petrov” kimi tanıdığımız şəxs Londonun Qetvik hava limanında. İzləmə kamerasından görüntü. Cümə, 2 mart, 16:22.

Şübhəli şəxslər Solsberi dəmiryolu stansiyasında Londona qayıtmaq üçün qatar gözləyirlər. Şənbə, 3 mart, 16:11. 
Bazar günü,  4 mart, 11:48. Şübhəlilər yenidən Solsberidə, dəmiryolu stansiyasından çıxarkən. İzləmə kamerasından görüntü. 
Şübhəli şəxslər Solsberidəki Vilton-roudda, 4 mart, 11:58. Polisin məlumatına görə, izləmə kamerasının bu görüntüsü zəhərdən istifadə olunması ərəfəsinə aiddir. 
Şübhəli şəxslər Solsberinin mərkəzindəki Fişerton küçəsi ilə dəmiryolu stansiyasına gedirlər. İzləmə kamerasından görüntü. 4 mart 13:05. 
Şübhəli şəxslər Solsberinin mərkəzindəki Fişerton küçəsi ilə dəmiryolu stansiyasına gedirlər. İzləmə kamerasından görüntü. 4 mart, 13:08. 
Şübhəli şəxslər Solsberi dəmiryolu stansiyasında, Londona qayıdırlar. İzləmə kamerasından görüntü. 4 mart 13:50. 
Şübhəli şəxslər (Petrov, onun arxasında Boşirov) Londonun Hitrou hava limanında passport qeydiyyatından keçirlər. Bazar günü,  4 mart, 19:28. 
Polis şübhəli şəxslərin Londonda qaldığı City Stay otelində,  5 sentyabr, 2018.
"Noviçok” zəhəri Solsberiyə üzərinə Nina Ricci Premier Jour ətiri etiketi vurulmuş bu flakonda gətirilib. Polis bu flakonu Çarli Roulinin mətbəxindəki zibil torbasından tapıb.   
Nina Ricci Premier Jour ətirinin qutusu. Çarli Roulinin evində iyulun 10-da aparılan axtarış zamanı mətbəxdəki zibil torbasından tapılıb.

Britaniyadan açıqlama gəlməmişdən öncə Kremlin sözçüsü Dmitry Peskov Rusiyanın zəhərlənmədə əli olmadığını bir daha dilə gətirib. 
 
AdlıqRadiosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova isə sentyabrın 5-də deyib ki, Britaniya hökumətinin yaydığı adlar və fotolar Moskvaya "heç nə demir”.

Sergei və Yulia Skripallar İngiltərənin Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar xəstəxanada bir neçə həftə müalicə alandan sonra buraxılıblar.