Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ

Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ

12-10-2015 13:07 / Bu xəbər 2011 dəfə oxundu

2015-ci ilin ədəbiyyat üzrə Nobel ödülçüsü Svetlana Aleksieviç 1985-ci ildə çap olunmuş bu kitabını gerçək insanların xatirələri əsasında yazmışdır. Yazıçı, müharibə başlayanda kiçik yaşlarında olmuş insanları danışdırıb onların müharibə ilə bağlı yaşadıqları uşaqlıq təəsürratlarını yazıya almışdır.

SVETLANA  ALEKSİEVİÇ

SONUNCU ŞAHİDLƏR (UŞAQ  SƏSİ  ÜÇÜN  SOLO)

                           (kitabdan bir parça)

Ön söz yerinə son söz

...bir sitat

"Böyük Vətən müharibəsi dövründə(1941-1945-ci illərdə)–milyonlarla sovet uşaqları həlak olmuşdu... Ruslar, belaruslar, ukraynalılar, yəhudilər, tatarlar, latışlar, qaraçılar, qazaxlar, özbəklər, ermənilər, taciklər...” ("Drujba Narodov” jurnalı, 1985-ci il, 5-ci sayı).

...və rus klassikinin bir sualı:

Haçansa böyük Dostoyevski belə bir sual vermişdi: sülh və əminamanlıq içində yaşamağımız, hamılıqla xoşbəxtliyə çatmağımız üçün, ya da, tutalım lap, dünyada əbədi bir harmoniya yaranması üçün bir uşağın bircə damla göz yaşı tökülərsə, bütün bu dediklərimiz o uşağın göz yaşını doğrulda bilərmi? Sonra özü də bu suala belə bir cavab vermişdi: heç bir tərəqqi, heç bir inqilab bu bircə damcı göz yaşının tökülməsini doğrulda bilməz. Heç bir müharibə də. O bircə damla göz yaşı bunların hamısından dəyərlidir. Yalnız bircə damla göz yaşı... 



"O dönüb geriyə baxmağa belə qorxurdu...”

Jenya Belkeviç–6 yaşında ikən.

İndi o fəhlə işləyir.


Xatırlayıram... Mən onda çox balaca idim, ancaq olanların hamısı yaxşı yadımdadır...

Qırxbirinci ilin iyun ayı idi...

Müharibədən öncə öz ömrümdə xatırladığım sonuncu günün gecəsi anam mənə nağıl oxumuşdu. Mənim çox sevdiyim: "Qızıl balığın” nağılını. Mən həmişə bu Qızıl balıqdan nə isə istəyərdim: "Qızıl balıq... İstəkli qızıl balıq...” Elə bacım da həmişə ondan nəsə diləyərdi. O bu diləyini başqa cür deyərdi: "Durna balığının buyuruğu, mənim iradəmlə...” Yayda nənəm gilə getmək istəyirdik və atamın da bizimlə getməsini arzulayırdıq. Çox deyib-gülən bir adam olduğundan, onun yanında heç vaxt darıxmazdıq...

Səhər ertədən qorxu içində yuxudan ayıldım... Məni səksəndirib yuxudan oyadan anlamadığım bərk səs-küy olmuşdu...

Atamla anam yatdığımı düşünürdülər, ancaq mən bacımla yanaşı uzanıb özümü yuxuluğa vurmuşdum. Gizlincə baxıb atamın uzun-uzadı anamı öpdüyünü gördüm, o, ara vermədən, anamın üzündən, əllərindən öpürdü və bu mənə çox qəribə gəlirdi, axı qabaqlar heç vaxt onun anamı belə öpdüyünü görməmişdim. Sonra onlar əl-ələ tutub həyətə çıxdılar, mən yerimdən sıçrayıb pəncərənin qabağına qaçdım, onları güdməyə başladım–anam atamın boynuna sarılıb onu buraxmırdı. Atam onu güclə özündən ayırıb qaçmağa başladı, anam qaçıb özünü ona yetirdi və yenidən onu bərk-bərk qucaqlayıb buraxmır, nə isə qışqırırdı. Onda mən də bərkdən qışqırmağa başladım: "Ata! Ata!”

Kiçik bacımla, balaca qardaşım Vasya da səsimə oyandılar, mənim ağladığımı görən bacım da qışqırmağa başladı: "Ata!” Biz ikimiz də eyvana çıxıb qışıqrmağa başladıq: "Ata!!” Atam səsimizi eşidib bizə baxdı və indiki kimi xatırlayıram: o əlləri ilə üzünü örtüb yeriməyə, biraz sonra isə qaçmağa başladı. O dönüb geriyə baxmağa qorxurdu...

Üzümə günəşin gur işığı düşmüşdü. Yanağımda günün istisini duyurdum... Nə gizlədim, hələ indiyə kimi də, o səhər atamın müharibəyə getdiyinə inana bilmirəm. Onda çox balaca olsam da, mənə elə gəlir o anda atamı sonuncu dəfə gördüyümü anlayırdım. Mən onu bir də heç vaxt görməyəcəyəm. Mən çox... Çox balaca idim...

Mənim yaddaşımda müharibə atamın yoxa çıxması ilə bağlı olan bir hadisə kimi qalıb...

Sonra xatırlayıram: qapqara göydə qara rəngli təyyarələr uçub keçdilər. Şosse yolunun qırağında anam qollarını yana açıb uzanmışdı. Biz uşaqlar onu ayağa qalxmağa çağırırdıq, o isə yerindən tərpənmirdi. Əsgərlər anamı yataq kimi işlətdikləri plaşa bükdülər, sonra elə yolun qırağındaca qumu qazıb basdırdılar. Biz qışqırıb onlara yalvarırdıq: "Anamızı o çuxurda basdırmayın. O oyanacaq, biz onunla birgə gedəcəyik”. Qumu qazanda onun altında iri böcəklərin süründüyünü gördüm. Mən anamın yerin altında onlarla birgə necə yaşayacağını ağlıma belə gətirə bilmirdim. Biz onu sonra necə tapacaqdıq, harada görüşəcəkdik? Bundan sonra atama kim məktub yazacaqdı?

Əsgərlərdən biri məndən soruşdu: "Ay qız, adın nədir?” Adımı unutmuşdum... Əsgər soruşdu: "Ay qız, sənin familyan nədir? Ananın adı nədir?” Mən heç nə xatırlaya bilmirdim... Biz gecə düşənədək anamın altında uyuduğu təpəciyin yanında oturub qaldıq, sonra kimsə bizi götürüb arabaya mindirib apardı. Araba uşaqlarla dolu idi. Arabanı qoca bir kişi sürür, yolboyu qarşısına çıxan uşaqları arabaya mindirirdi. Tanımadığımız bir kəndə gəlib çıxdıq, burada bizi tanımadığımız adamların evlərinə payladılar.

Mən uzun müddət danışmadım. Ancaq yanyörəmə baxır və susurdum. 

Sonra yayın gəlişini xatırlayıram. İşıqlı və qızmar bir yay. Yad bir qadın mənim saçlarımı oxşayırdı. Mən ağlayırdım. Birdən dilim açıldı, danışmağa başladım. Atamdan, anamdan danışdım. Atamın necə dönüb geriyə, bizə baxmaqdan qorxaraq qaçıb getdiyini danışdım... Anamın yol qırağında uzanıb qalmasından... Qumun içində sürünən böcəklərdən...

Yad qadın isə dayanmadan əli ilə mənim saçlarımı tumarlayırdı. O dəqiqələrdə mən anladım: o qadın mənim anama oxşayırdı...
    

"Mənim birinci və sonuncu olan siqaret çəkməyim...”

Gena Yuşkeviç–12 yaşında ikən.

İndi jurnalistdir. 

Günəş... Qeyri adi bir səssizlik. Anlaşılmaz bir susqunluq. Müharibənin birinci günü...

Əri hərbçi olan qonşu qadın göz yaşları içində həyətə çıxdı. O pıçıltı ilə anama nə isə deyir, ancaq həm də əlinin işarəsi ilə bunu heç kimə deməməyi tapşırırdı. Hamı, nə isə baş verdiyini dilə gətirib deməkdən qorxurdu, hətta, nəyin baş verdiyini biləndən sonra da hamı susurdu, axı kimsə artıq nəyin baş verdiyini onlara deməyə macal tapmışdı. Ancaq hamı, nəsə deyərsə, özünün fitnəkar adlanacağından qorxurdu. Şaiyə yaymaqda da suçlaya bilərdilər. Bu isə müharibənin özündən də qorxunc idi. Onlar qorxurdular... Mən bunu indiki ağlımla düşünüb deyirəm... Heç kim buna inanmaq istəmirdi. Nə danışırsınız! Bizim ordu sərhədlərimizi qoruyur, rəhbərlərimiz də Kremldə oturublar! Ölkənin taleyi etibarlı əlllərdədir, düşmən bizə toxunmağa ürək eləməz! Mən onda belə düşünürdüm... Axı mən pioner idim.  

Radionun puçunu fırladırdılar. Stalinin çıxışını gözləyirdilər. Onun səsini eşitmək insanlara çox gərək idi. Ancaq Stalin susurdu. Sonra Molotov danışdı... Hamı qulaq asdı. Molotov dedi: "Müharibə başladı”. Ancaq yenə də heç kim buna inanmaq istəmirdi. Stalin hanı?

Şəhərin üzəri ilə təyyarələr uçurdu... Sayı onlarla olan, tanış olmayan təyyəralər. Onların üzərində xaç şəkli var idi. Onlar göyün üzünü örtmüş, günəşin qarşısını kəsmişdilər. Dəhşət!! Bombalar yağırdı... Ardı-arası kəsilmədən partlayış səsləri eşidilirdi. Çartıltı səslərindən qulaq tutulurdu. Hər şey bir yuxuya bənzəyirdi... Gözü açıq görülən bir yuxu idi bunlar... Mən balaca deyildim, onda hansı duyğuları yaşadığım da yaxşı yadımdadır. Bütün bədənimi bürüyüən qorxunu xatırlayıram. Bütün sözlərimi də, düşüncələrimi də qorxu qaplamışdı. Biz evdən çıxıb küçə ilə harasa qaçırdıq... Mənə elə gəlirdi, şəhər artıq yoxdur, onun yerində bir xarabalıq qalıb. Tüstü. Alov. Kimsə dedi: gərək qəbristanlığa qaçaq, oranı bombalamazlar. Ölüləri niyə bombalasınlar? Yaşadığımız rayonda qocaman ağacların kölgəliyində yerləşən böyük bir yəhudi qəbiristanlığı vardı. Hamı oraya qaçmağa başladı, birazdan orada mindən artıq adam toplaşdı. Adamlar baş daşlarını qucaqlayıb onların arxasında gizlənməyə çalışırdılar. 

Anamla birlikdə gecəyarısına kimi qəbristanlıqda oturub qaldıq. Yanyörədəkilərdən heç kim "müharibə” sözünü dilinə gətirmirdi, aradabir qulağıma "fitnəkarlıq” sözü dəyirdi. Bu sözü hamı təkrarlayırdı. Belə danışıqlar da eşidilirdi: indicə bizim ordu hücuma eləyəcək. Stalin onlara əmr verib. Hamılıqla buna inanırdılar.

Ancaq bütün gecəni Minskin ətrafında olan zavodların borularından ucalan həyəcan dolu fit səsləri ara vermədi...

İlk gözə dəyən öldürülənlər...

Birinci... öldürülmüş bir at gördüm... Onun yaxınlığında... ölmüş bir qadın uzanıb qalmışdı... Mən buna təəcübləndim. Mənim düşüncəmə görə, müharibədə yalnız kişiləri öldürürdülər.

Səhər yuxudan ayıldım... Yerimdən qalxmaq istəyəndə müharibə olduğunu xatırlayıb yenidən gözlərimi yumuram... Yuxudan ayılıb müharibənin başladığını görmək, buna inanmaq istəmirsən. 

    Artıq küçədə atəş səsləri gəlmir... Səssizlikdir. Bir neçə gün beləcə susqunluq içində keçdi. Birdən küçələrdə canlanma başladı... Odur bax, başdan ayağadək ağappaq, ayaqqabıları da, saçı da ağ rəngdə olan bir adam keçib gedir. Üstü-başı una bulaşıb. Çiynində ağ rəngli kisədə un daşıyıb aparır. Bir başqası qaçıb keçir... Onun əllərində konserv bankaları var, qaçanda cibinə yığdığı konservləri tökə-tökə gedir. Konfet daşıyan kim... Tütün bağlaması aparan kim... Kimsə papağına yığdığı qəndi əlində tutub keçir. Başqası qazana doldurduğu qəndi daşıyıb aparır... Bütün gördüklərimi sözlə təsvir eləmək mümkün deyildir! Birisi bir top parçanı çiyninə atıb gedir, başqası əyninə doladığı göy çit parça ilə gedir. Bir başqası qırmızı parça aparır... Gülməli mənzərədir, ancaq heç kim gülmür. Bunların hamısı yaxınlıqdakı böyük mağazanın ambarındandır. Bu yaxınlarda onu bombalamışdılar... İndi adamlar uçqunun altından ələ gələn nə varsa çıxarıb aparırlar. Şəkər zavodunda bir neçə nəfər şəkər məhlulu ilə dolu olan çənə düşüb boğulmuşdular. Dəhşət!! Bütün şəhər tum çırtlayır. Haradasa günəbaxan tumu saxlanan ambar tapıblar. Öz gözlərimlə bir qadının mağazanın uçqunlarına sarı qaçdığını gördüm... Onun əlində nə bir kisə, nə də torba vardı–o dayanıb darbalağını, sonra onun altından geyindiyi alt tumanını çıxardı. Onların bir tərəfini düyünləyib qarabaşaq yarması ilə doldurdu. Sonra çiyninə atıb getdi. Bütün bunların hamısı səssizlik içində baş verirdi. Adamlar nədənsə, dinməz-söyləməz, əllərinə keçənləri daşıyıb aparırdılar...  

Mən anamı çağırıb ona dükanın bombalanmış ambarını göstərəndə ortalıqda yalnız sarı rəngə çalan bankalrda olan xardal qalmışdı. "Heç nə götürmə”–deyə anam məndən xahiş elədi. Sonralar bu anı xatırlayanda anam demişdi: səni bütün ömrüm boyu düzlüyə öyrətməyə çalışdığım üçün oradan nəsə götürməkdən utandım. Sonradan biz aclıq çəkəndə, dükanın ambarı ilə bağlı bu hadisəni xatırlasaq da, oradan nəsə götürmədiyimizə görə heyifsilənməzdik. Mənim anam belə bir qadın idi! 

Bütün şəhərdə... Bizim küçəmizdə də alman əsgərləri arxayınca gəzişirdilər. Yanyörədəkiləri kino lentinə çəkirdilər. Deyib-gülürdülər. Müharibədən öncə, məktəbdə sevimli bir əyləncəmiz vardı, biz almanların şəkillərini çəkərdik. Onları iri ağızlı, köpək dişli adamlar kimi çəkərdik. İndi onlar bizim şəhərdə gəzirlər. Gəncdirlər, yaraşıqlıdırlar... Qayışlarından gözəl qumbaralar asılıb, ayaqlarına yaraşıqlı uzunboğaz çəkmələr geyiblər. Ağız qarmonu ilə şən musiqilər çalırlar. Bizim küçənin gözəl qızları ilə zarafalaşırlar da... 

Yaşlı bir alman nə iləsə dolu olan bir yeşiyi sürüyüb aparırdı. Yeşiyin ağır olduğu bilinirdi. O məni yanına çağırıb yeşiyi göstərdi, bununla mənim ona kömək eləməyimi istəyirdi. Yeşiyin hər iki tərəfində tutacaqları vardı, biz hərəmiz bir tərəfdən onlardan yapışdıq. Yeşiyi gərəkən yerə gətirib çıxarandan sonra alman əlini çiynimə vurub təriflədi və cibindən bir qutu siqaret çıxardıb mənə verdi. Bu da gördüyüm işin zəhməthaqqısı demək idi.

Mən evə gəldim. Özümü siqareti dadmaqdan saxlaya bilmirdim, mətbəxə keçib oturdum və siqaret yandırıb çəkməyə başladım. Başım siqaret çəkməyə necə qarışmışdısa anamın qapını açıb mətbəxə girməyini eşitməmişdim. Anam üzümə baxıb soruşdu:

–Siqaret çəkirsən?

–A-n...

–Haranın siqaretidir bu?

–Almanların.

–Siqaret çəkirsən, üstəlik də düşmən malını. Bu, Vətənə dönük çıxmaqdır.

Bu, mənim birinci və sonuncu dəfə siqaret çəkməyim oldu.

Bir dəfə axşam anam mənə yaxın əyləşib dedi:

–Mən bunların burada olmağına dözə bilmirəm. Sən məni başa düşürsənmi?

O almanlarla savaşa atılmaq istəyirdi. Elə onların buraya gəlişinin birinci günündən. Biz almanlara qarşı gizli savaş aparan adamarı axtarmağa başladıq, onların olduğuna heç bir şübhəmiz yox idi. Bir anlığına da olsa, onların varlığına şübhə eləmirdik.

–Mən səni bu dünyadan hər şeydən artıq sevirəm,–anam deyirdi.–Ancaq sən məni başa düşürsən yəqin? Bu yolda bizim başımıza bir iş gəlsə, sən məni bağışlayarsan, elə deyilmi?

O gündən sonra mən anamı daha da çox sevməyə başladım, indi mən onun dediklərini sözsüz-sovsuz yerinə yetirməyə başlamışdım. Onun sözündən çıxmamağım bütün ömrüm boyu davam eləyən bir vərdişə çevrildi...    

    

"Mən hələ indi də öz anamı istəyirəm”

Zina Kosyak–8 yaşında ikən.

İndi qadın bərbəri işləyir. 

Qırx birinci ildə...

Mən onda birinci sinifi bitirmişdim və valideyinlərim məni Minsk yaxnlığındakı Qorodişedə yerləşən pioner düşərgəsinə qoymuşdular. Buraya gəlib çıxdım, vur-tut bircə dəfə çayda çimməyə macal tapdım, iki gün sonra isə müharibə başladı. Bizi düşərgədən evimizə yola salmağa başladılar. Qatara mindirib apardılar. Havada alman təyyarələri uçuşurdu, biz isə onlara baxıb: "Ura!”–deyə qışqırırdıq. Onların yad bir ölkənin təyyarələri ola biləcəyini anlamırdıq. Onlar bombalamağa başlayanda biz bunu anladıq... Onda bütün rənglər yoxa çıxdı... Bütün rənglər yox olub getdi... İlk dəfə "ölüm” sözünü eşitdik, hamı bizim üçün anlaşılmaz olan bu sözü işlətməyə başlamışdı. Atamla anam isə yanımda yox idilər... 

Düşərgədən çıxıb gedəndə hər birimizin balışüzünü nə iləsə doldurmuşdular–kiməsə yarama, kiməsə də şəkər vermişdilər. Ən balacaları da əliboş yola salmırdılar, hamıya hökmən nəsə çatırdı. Yola çıxanda bacardıqca daha çox ərzaq götürmək istəyirdilər və yolboyu bu ərzağı bərk qoruyurdular. Biraz sonra bizim qatara mindirilən yaralı əsgərləri gördük. Yaralılar inildəyirdilər, onların ağrı içində qovrulduqlarını görəndə əlimizdə olan bütün bu ərzaqları onlara vermək könlümüzdən keçirdi. Bizim aramızda bu, "atanı yedirtmək” adlanırdı. Bütün bu hərbiçilərin hamısına "ata” deyirdik.

Bizə, Minskin yanıb kül olduğunu dedilər, hər şey yanıb kömürə dönmüşdü, artıq alman əsgərləri oranı tutmuşdular, bizi isə arxaya aparırdılar. Müharibə olmayan yerlərə gedirdik.  

Bir aydan çox yol getdik. Bizi hansısa şəhərə aparacaqdılar, ora gedib çatacaq, orada qalacaqdıq, almanlar çox yaxınlqıda olduğundan, hələlik heç yerdə dayana bilmirdik. Beləliklə də Mordoviyaya gəlib çıxdıq.

Buralar çox gözəl yerlər idi, dördbir yanda kilsələr ucalırdı. Evlər alçaq idi, ancaq kilsələr çox hündür idilər. Yatmaq üçün döşənəcək yox idi, yerə sərilmiş samanın üstündə yatırdıq. Qış gəlib çatanda dörd adama bir ayaqqabımız vardı. Sonra aclıq başladı. Təkcə elə bizim yaşadığımız uşaq evində deyil, bütün yanyörədə aclıq hökm sürürdü, axı nə varsa hamısını cəbhəyə göndərirdilər. Uşaq evində ikiyüz əlli uşaq qalırdı və günlərin birində bizi günorta yeməyinə çağıranda yemək üçün heç nə olmadığı bəlli oldu. Yeməkxanada, bizimlə üz-üzə, tərbiyəçilərlə direktor oturmuşdular və onların gözündən sel kimi yaş axırdı. Uşaq evində Mayka adında bir at vardı... O çox qoca və dinc bir at idi, onunla su daşıyırdıq. Ertəsi günü Maykanı kəsdilər. Bizə yemək üçün su və onun ətindən bir parça verməyə başladılar... Ancaq bunu uzun müddət bizdən gizlətdilər. Yoxsa biz onun ətini yeyə bilməzdik... Nə olursa-olsun, yeməzdik! Bu bizim uşaq evində olan yeganə at idi. Bir də iki ac pişik vardı. Quruyub skeletə dönmüşdülər! Biz sonradan düşünürdük: nə yaxşı, bu pişiklər belə arıqdır, yoxsa onları da kəsib bizə yedirdərdilər. 

Aclıq çəkməkdən qarnımız köpüb şişmişdi, mən istəsəm bizə verilən bu supdan bir vedrə də içə bilərdim, axı onun içində demək olar heç nə yox idi. Mənə nə qədər tökürdülərsə dayanmadan hamısını içib qrtarırdım. Bizi təbiət xilas elədi, biz indi ot yeyən heyvanlara dönmüşdük. Yazda, uşaq evinin bir neçə kilometrliyində... Bir dənə də olsun ağac yarpaq açmamışdı, biz onların bütün tumurcuqlarını yığıb yemişdik, hələ ağacların nazik qabıqlarını da soyub yeyirdik. Qarşımıza çıxan otları ağına-bozuna baxmadan yeyirdik. Bizə başlıqlı plaşlar vermişdilər, onlara çoxlu ciblər tikmişdik, yanyörədə gəzdikcə qarşımıza çıxan ot-ələfi bu ciblərə doldurur, sonra gəzə-gəzə bu otları çeynəyirdik. Yay bizi xilas elədi, ancaq qışda çox ağır bir duruma düşdük. Aramızda qırxa yaxın azyaşlı uşaqlar vardı, onları bizdən ayrı yerləşdirmişdilər. Axşamlar onların olduğu otaqdan ağlaşma səsi kəsilmirdi. Atalarını, analarını çağırıb ağlayırdılar. Müəllim və tərbiyəçilər çalışırdılar bizim yaanımızda "ana” sözünü işlətməsinlər. Onlar bizə nağıl danışanda da, içində "ana” sözü işlənməyən nağılları seçirdilər. Birdən kimsə "ana” sözünü işlədirdisə, o andaca hamımız hönkürüb ağlamağa başlayırdıq. Ovunmaq bilmədən hıçqırırdıq. 

Mən yenidən birinci sinifdə oxumağa başladım. Bu belə olmuşdu: mən birinci sinifi tərifnamə ilə bitirmişdim, uşaq evinə gələndə bizdən kimin təkrar imtahana saxlandığını soruşdular, təkrar imtahanın tərifnamə olduğunu düşünüb təkrar imtahana saxlandığımı dediyim üçün məni yenidən birinci sinifə göndərdilər. Üçüncü sinifdə oxuyanda mən uşaq evindən qaçdım. Anamı axtarmağa getdim. Aclıqdan gücdən düşüb meşədə qaldığım bir vaxtda Bolşakov baba təsadüfən məni tapmışdı. O uşaq evindən olduğumu biləndə məni ora aparmayıb, öz ailəsinə götürdü. Onlar baba və nənə, ikilikdə yaşayırdılar. Mən orada yemək yeyib özümə gəldim və onlara təsərrüfat işlərində kömək eləməyə başladım: ot-ələf toplayır, kartof təmizləyir, nə bacarırdımsa hamısına əl yetirirdim. Ən çox yediyimiz çörək idi, ancaq onda çörək dadı güclə bilinirdi. Çox acı idi. Una nə gəldi qatırdılar: sirkənotu, fındıq çiçəyi, kartof. O vaxtdan yağlı bitkilərdən çiyrinmişəm və indiyədək də özümü çoxlu çörək yeməkdən saxlaya bilmirəm. Çörəkdən doya bilmirəm... Ütündən onillər keçsə də... 

Hələ nə qədər hadisələr xatırlayıram. Çox şeyləri unutmamışam indiyədək...

Ağlında çaşqınlıq olan balaca bir qızcığazı xatırlayıram, o kiminsə bostanına girib orada siçan yuvası tapmış, yuvanın ağzında dayanıb siçanı tuta bilmək üçün keşik çəkmişdi. Qzcığaz nə olur-olsun yemək istəyirdi... Mən onun üzünü, əynindəki donunu da yaxşı xatırlayıram. Bir dəfə mən ona yaxınlaşdım və o mənə siçan yuvası ilə bağlı danışdı... Bizi oturub siçanı ikilikdə güdməyə başladıq...

Müharibənin getdiyi bütün müddətdə mən hey danışır və gözləyirdim: müharibə qurtaracaq, baba ilə mən atı arabaya qoşub anamı axtarmağa gedəcəyik. Babanın evinə tez-tez qaççqınlar baş çəkirdi, mən onların hamısından ucdantutma soruşurdum: "Mənim anamı görməmisiniz?” Qaçqınlar çox idilər, lap çox idilər, ona görə də, onları heç olmasa nəyəsə qonaq eləmək üçün bütün evlərdə peçin üstündə içində qynanmış gicitkən dolu qazanlar qoyulmuşdu. Heç olmasa, evə gələn adama nə isə isti bir şey içirməyi də yetərli sayırdılar. Onlara verməyə başqa heç nə yox idi... Ancaq qaynanmış gicitkən dolu isti çuqun qazan hər bir evdə var idi... Mən bunu yaxşı xatırlayıram. Mən də babaya kömək eləmək üçün bu gicitkənlərdən çox toplamışdım.

Müharibə qurtardı. Gözləyirəm... bir gün, iki gün... mənim arxamca kimsə gəlmir. Anam ardımca gəlmir, atamı gözləmirəm, onun orduda başının qarışdığını bilirəm. İki həftə gözləyəndən sonra daha məndə dözüm qalmadı. Hansısa bir qatara minib, oturacağın altında daldadalnıb yola düşdüm... Hara gedirdim? Bilmirdim. Mənə elə gəlirdi(mən axı hələ uşaq kimi düşünməkdəydim), bütün qatralar Minskə gedirlər. Minskdə isə anam məni gözləyir! Sonra atam da gəlib çıxacaq... Qəhrəman atam! Köksü ordenlərlə, medallarla dolu olacaq.

Onlar haradasa bombardmana rastlaşmış və itkin düşmüşdülər... Sonradan sağ qalan qonşularımız bunu mənə danışdılar, müharibə başlayan kimi ikilikdə məni axtarmağa yollanmışdılar. Qaçaraq qatar stansiyasına gedəndə bomba onları yaxalamışdı... 

Mənim artıq əlli bir yaşım var, indi artıq öz uşaqlarım doğulub, böyüyüb. Ancaq mən hələ də öz anamı istəyirəm... 

"Alman oyuncaqları çox gözəl idi...”

Taisa Nasvetnikova–7 yaşında ikən.

İndi müəllim işləyir.


Müharibəyə az qalmış...

O günlərimi necə xatırlayıram... Hər şey çox yaxşı idi: uşaq bağçası, səhər toplanışı, bizim həyətimiz. Qızlarla oğlanlar. Mən çox kitab oxuyardum, soxulcanlardan qorxar, itləri sevərdim. Biz onda Vitebskdə yaşayırdıq, atam tikinti idarəsində işləyirdi. Uşaqlığımdan ən çox yadımda qalan atamın mənə Dvin çayında, üzməyi öyrətməsidir.

Sonra məktəbə getdim. Məktəbdən məndə belə bir təəsürat qalıb: çox geniş pilləkənlər, şüşədən olan şəffaf divar, gur günəş işığı və çoxlu sevinclər. Məktəbə getdiyim o günlərdə, sanasan, hər gün adama bayram kimi gəlirdi.

Müharibənin ilk günlərində atam cəbhəyə getdi. Onunla vağzalda necə vidalaşdığımızı xatırlayıram. Atam ara vermədən anamı inandırmağa çalışıb deyirdi: biz almanları ölkəmizdən qovub çıxaracağıq, ancaq indi gərək anamla mən arxaya köçüb gedək. Anam təəcüblə soruşurdu: axı nə üçün? Biz evimizdə qalsaq atam bizi tez tapacaqdı. İstədiyi vaxt. Mən isə dayanmadan təkrarlayırdım: "Atacan! Çalış lap tez qayıdasan. Atacan...” 

Atam gedəndən bir neçə gün sonra biz də yola düşdük. Bütün yol boyunca qatarımızı elə hey bombalayırdılar, bombalamaq çox asan idi, axı bizim getdiyimiz dəmir yolu ilə biri-birindən beşyüz metr ara saxlamaqla çoxlu eşalonlar gedirdi. Əynimiz nazik idi: anam üstü noxudşəkilli naxışlanmış atlazdan don geyinmişdi, mən isə üstündə çiçəklər çəkilmiş qırmızı rəngli çit sarafanda idim. Yaşlılar mənim paltarımın çox qırmızı olduğu üçün yuxarıdan yaxşı gözə çarpdığını deyirdilər və alman təyyarələri hücum eləyən kimi qaçıb kolluqların arasında gizlənir, əllərinə keçən nə varsa hamısını töküb üstümü basdırırdılar, onların deməsinə görə, mənim qırmızı sarafanım bizim yerimizi almanlara nişan verən fanar kimi işıq saçırdı.  

 İçdiyimiz suyu bataqlıqlardan və arxlardan götürürdük. Bağırsaq xəstəlikləri yayılmağa başlamışdı. Mən də xəstələnmişdim... Üç sutka huşsuz uzanıb qalmışdım... Sonradan anam məni necə xilas elədiklərini danışdı. Bizim getdiyimiz qatar Bryanskda dayananda qonşuluqdakı yolda hərbi eşalon gəlib dayanır. Anamın iyirmi altı yaşı vardı və o çox gözəl idi. Bizim qatar uzun müddət yolda dayanıb qalmışdı. Anam vaqondan yerə düşəndə hərbi eşalondan olan bir zabit ona yaxınlaşaraq kompiliment deyibmiş. Anam isə ondan xahiş eləyir: "Xahiş eləyirəm ırağa çəkiləsiniz, üzünüzdəki gülüşə dözə bilmirəm. Orada mənim qızım ölüm ayağındadır”. Zabit hərbi feldşer imiş. O cəld bizim vaqona sıçrayır, məni yoxlayandan sonra öz iş yoldaşını çağırıb deyir: "Tez ol, buraya çay, suxarı, bir də xanımotu həbləri gətir”. Bax bu əsgər suxarıları... Litirlik butulkadakı tünd çay və bir neçə xanımotundan düzəlmə həb mənim həyatımı xilas eləmişdi.     

Biz Aktyubinskə çatana kimi eşalonda hamı xəstələnmişdi. Xəstəlikdən və bombardmanlardan ölənlərin cənazələrinin yığıldığı vaqona biz uşaqları buraxmırdılar, bizim bu mənzərəni görməməyimiz üçün əllərindən gələni eləyirdilər. Biz ancaq belə danışıqlar eşidirdik: orada neçə çuxur qazdılar, sonra başqa bir yerdə bu çuxurlardan neçəsi qazıldı... Anam çuxur qazmağa kömək eləyib vaqona qayıdanda onun üzü ağappaq olardı, əlləri əsərdi. Mən isə elə hey ondan soruşardım: "Orada uzanan adamları neylədilər?” 

Keçdiyimiz yoldan heç bir mənzərə yadımda qlmayıb. Mən təbiəti çox sevdiyimdən, bu çox təəcüblüdür. Yadımda qalan, yalnız, qatarımızı bombalayanda arasında gizləndiyimiz kolluqlardır. Bir də daldalandığımız dərələr yadıma gəlir. Nədənsə mənə elə gəlir, yolumuzun üstündə meşə yox idi, biz ancaq hansısa açıq düzənliklərin və boş səhraların arasından ötüb keçirdik. Günlərin birində yaşadığım çox qorxunc bir olaydan sonra isə, mən daha bombardmanlardan da qorxmadım. Qatarımız dayanmışdı, ancaq bizə onun 10-15 dəqiqə dayanacağını deməmişdilər. Demə, çox qısa bir vaxtdan sonra yola düşəcəkmiş. Qatar yerindən tərpəndi, mən isə minməyə macal tapmadım. Yalqız dayanıb qalmışdım... İndi xatırlamıram, kimsə məni qamarladı... Məni sözün birbaşa anlamında vaqona tulladılar... Bu bizim vaqon deyildi, eşalonun sonuna yaxın olan vaqonlardan biri idi... Onda mən birinci dəfə çox bərk qorxdum, düşünürdüm, anam çıxıb gedəcək və mən yalqız qalacağam. Anam yanımda olanda mənim üçün heç nə qorxulu deyildi. İndi isə qorxumdan daş kimi quruyub yerimdə qalmışdım. Anam özünü yetirib məni bağrına basana kimi lal olmuşdum, yanyörədikilər ha çalışsalar da, məndən bir dənə də olsun söz qoparda bilmirdilər. Anam mənim dünyam idi. Mənim planetim idi. Birdən bədənimin harasısa ağrıyırdısa, anamın əlindən tutan kimi, ağrı ötüb keçirdi. Gecələr mən onun yanında yatırdım və ona nə qədər bərk sıxılırdımsa, bir o qədər də az qorxurdum. Anam yanımda olanda, mənə elə gəlirdi, yenə də hər şey eimizdə olduğu kimidir. Anama sığınıb gözlərimi yumuram, müharibə yoxa çıxır. Anam ölümlərdən danışmağı heç sevməzdi. Mən isə, tez-tez ondan bununla bağlı soruşardım...   

Aktyubinskə çatandan sonra orada qalmayıb Maqnitoqorska getdik, orada atamın doğma qardaşı yaşayırdı. Müharibə başlayana kimi onun ailəsi çox böyük idi, bir neçə oğlu vardı, ancaq biz onlara gələndə evdə yalnız qadınlar qalmışdı. Kişilərin hamısı müharibəyə getmişdi. Qırx birinci ilin sonlarına yaxın iki qara kağız gəldi, əmim oğlanları həlak olmuşdular...

O ilin qışı oxuduğum məktəbdə hamının suçiçəyinə tutulmağı ilə də yadımda qalıb. Bir də qırmızı şalvar geyinməyim yadıma gəlir... Anam bizə verilən kartoçka ilə qırmızı yun parça almış, ondan mənim üçün şalvar tikmişdi. Uşaqlar isə mənə : "Qırmızı şalvarlı monax” deyib ələ salırdılar. Onların bu sözü xətrimə dəyirdi. Biraz sonra kartoçka ilə qaloş aldıq və mən qaloşla qaça bilmək üçün onları üstdən iplə bağlayırdım. Qaloş dabanımı böyürlərdən sürtüb yara elədiyindən, onu geyməmişdən dabanımın altına qalın bir parça qoyurdum, beləliklə də, qaloşun sürtüdüy yerlər biraz yixarıda qalırdı. Qış olduqca soyuq keçdiyindən, əllərim və ayaqlarım daima donurdu. Məktəbdə tez-tez su qızdırıcıları xarab olurdu, onlardan döşəməyə axan su donub buza dönürdü, biz isə partaların arasındakı bu buzların üstü ilə sürüşüb, özümüz üçün oynayırdıq. Paltoda və təkbarmaqlı əlcəkdə otururduq, qələmi tuta bilmək üçün əlcəkdə barmaqlarımızı çıxarmağa yer açırdıq. Yadıma gəlir, biz çox oxuyurduq... Olduqca çox... Heç vaxt bu qədər kitab oxumamışdım... Bütün uşaqlar və gənclər üçün olan kitabları oxuyub qurtarmışdıq. Sonra bizə böyüklər üçün olan kitabları da oxumağa verdilər. Qızlar bu kitablarda ölümlə bağlı yerləri oxumaqdan qorxurdular, hətta oğlanlar da qorxudan kitabın bu səhifələrini oxumadan keçirdilər. Mən isə onları da oxuyurdum...

Çoxlu qar yağmışdı. Uşaqlar hamılıqla həyətə qaçıb qardan qarı heykəli düzəltdilər. Mən onları anlaya bilmirdim: müharibə gedirsə, necə durub qardan qarı heykəli düzəltmək, üstəlik buna sevinmək olar? 

Yaşlı adamlar həmişə radioya qulaq asırdılar, onlar radiosuz yaşaya bilmirdilər. Bizdə onlar kimi. Cəbhədəki hansısa qələbəyə görə Moskvada keçirilən hər bir bayram atəşfanlığına ürəkdən sevinirdik, cəbhədən gələn xəbərləri həyəcanla izləyirdik: görəsən, orada indi nə baş verir? Gizlində döyüşənlər, partizanlar necədirlər? Stalinqrad və Moskva ətrafında gedən döyüşlərdən bəhs edən filmlər göstərməyə başladılar, biz bu filmlərdən hərəsinə onbeş-iirmi dəfə baxmışdıq. Ard-arda üç dəfə göstərirdilər, biz də oturub maraqla baxırdıq. Film göstərmək üçün kinozallar olmadığından bu filmləri məktəbin koridorunda göstərirdilər, biz isə döşəmədə oturub baxırdıq. İki-üç saat oturub baxırdıq. Evdə ölümdən danışmağımı xatırlayıram... Anam buna görə məni bərk danladı. Həkimin yanına məsləhət almağa getdi, mən nə üçün belə şeylərdən danışıram?.. Nə üçün məni uşaqlara aid olmayan belə bir şey–ölüm maraqlandırır? Məni uşaq kimi düşünməyə öyrətmək üçün nə etməli?..  

Mən yenidən nağılları oxumağa başladım... Uşaq nağıllarını... Onlarda nə tapmışdım? Mən bu nağıllarda necə də çox ölümdən danışıldığını özüm üçün ayırd eləməyə başlamışdım. Burada çoxlu qan tökülürdü. Bu mənim üçün bir yenilik idi... 

Qırx dördüncü ilin sonunda... Mən ilk dəfə əsir düşmüş alman əsgərlərini gördüm...Onlar geniş bir sırada düzülüb küçə ilə addımlayırdılar. Məni dəhşətə gətirən isə, adamların yaxınlaşıb onlara çörək vermələri idi. Həyəcan içində anamın iş yerinə qaçıb ondan soruşdum: "Nə üçün bizim adamlar almanlara çörək verirlər?” Anam heç nə demədi, birazdan hönkürüb ağlamağa başladı. Mən onda ilk dəfə, alman forması geyinmiş insan meyidi də görəsi oldum, o, əsirlərin sırası ilə yeridiyi yerdə birdən yıxıldı. Əsirlərin sırası bir anlığına dayandı, sonra yenidən irəliləməyə başladı, yıxılan alman əsgərinin yanında isə bizim əsgərlərdən biri dayanıb qaldı. Oraya qaçdım... Məni nə isə ölümə yaxından baxmağa sarı çəkirdi, ölümün yanında olmaq istəyirdim. Radioda düşmənin insan təlafatı ilə bağlı xəbərlər veriləndə biz həmişə sevinərdik... Burada isə... Mən ona baxdım... Adam elə bil yatmışdı... O heç uzanmamışdı da, iki qatlanıb oturmuşdu, başı çiyininə düşmüşdü. Mən bilmirdim: indi ona nifrət eləməliyəm, yoxsa acımalyam? Bu düşmən idi. Bizim düşmənimiz! Yadıma gəlmir: o yaşlı idi yoxsa qoca? Ancaq görkəmindən çox yorğun və üzgün görünürdü. Buna görə də, ona nifrət eləməyə çətinlik çəkirdim. Evə gələndə bütün bunları anama danışdım. O yenə də ağladı.    

Doqquzu may səhəri, evimizin alaqapısında kiminsə çox bərk qışqırıq səsinə yuxudan ayıldıq. Hələ çox ertə idi. Anam nə baş verdiyini öyrənmək üçün bayıra çıxdı, biraz sonra həyəcandan özünü itirmiş bir durumda qaçıb gəldi: "Qələbə! Doğrudanmı biz qalib gəlmişik?” Bu yeniliyə alışmaq olmurdu: müharibə qurtarmışdı, çox uzun çəkdiyindən, onun qurtarmasına inanmaq çətin idi. Kimisi ağlayır, kimisi gülür, kimisə də qışqırırdı... Müharibədə öz yaxınlarını itirənlər ağlayırdılar, ancaq yenə də qələbəyə görə sevinirdilər. Kimdəsə bir ovuc yarma vardı, kimdəsə biraz kartof, bir başqasının azacıq çuğunduru... kimin nəyi vardısa birinin evinə gətirib yığmağa başladılar. Mən o günü  heç vaxt unutmayacağam. Həmən o səhəri... O günün axşamı, özü belə o səhər kimi deyildi artıq...  

Müharibə vaxtı adamlar nədənsə yavaşdan danışırdılar, hətta mənə elə gəlir, danışmaq yerinə pıçıldayırdılar, indi isə hamı ucadan danışırdı. Biz bütün günü böyüklərin yanından əl çəkmirdik, bizi yeməyə qonaq eləyir, oxşayır, sonra isə qovurdular: "Gedin küçədə gəzin. Bugün bayramdır”. Sonra geri çağırırdılar. Bizi heç vaxt bunca qucaqlamamış, öpüb-oxşamamışdılar.

Mən çox xoşbəxt adam idim, atam müharibədən qayıtmışdı. Atam gözəl uşaq oyuncaqları gətirmişdi. Bunlar almanların düzəltdiyi oyuncaqlar idi. Almanların belə gözəl oyuncaqları necə düzəldə bildiyini anlaya bilmirdim...

Atamla da ölümdən danışmağa cəhd elədim. Anamla arxaya köçəndə gördüyüm bombardımanlardan... Dəmir yolunun hər iki tərəfində bizim əsgərlərin meyidlərinin düşüb qalmasından. Əsgərlərin üzlərini ağac budaqları ilə örtmüşdülər. Onların üzərində milçəklər vızıltı ilə uçuşurdular... Milçəklərin sayı-hesabı yox idi... Atama ölmüş alman əsirindən danışdım... Sonra, müharibə bölgəsində qalmış, müharibə qurtarandan bir neçə gün sonra ölmüş bacılığımdan da ona danışdım. Qız ürək xəstəliyindən ölmüşdü. Heç kim bunu anlaya bilmirdi: müharibə qurtarıb hamının xoşbəxt olduğu bir vaxtda necə ölmək olar?

Atam susub heç nə demədi... 


Qaynaq: Светлана Алексиевич  У войны не женское лицо. Последние свидетели.  
Советский писатель. Москва 1988 г. 
Rus dilindən Araz Gündüz çeviribdir.

Qaynar.info