Sosial Müdafiə Fondunun keçmiş əməkdaşı həbs edilib

Sosial Müdafiə Fondunun keçmiş əməkdaşı həbs edilib

20-05-2020 14:48 / Bu xəbər 1263 dəfə oxundu

Ramiz Seyidəliyevin vətəndaşın pensiya kartından pul çəkdiyi bildirilir

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin keçmiş əməkdaşı Ramiz Seyidəliyev həbs edilib.

Səbəb vətəndaşların etdiyi şikayətlər olub.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb. Bildirilir ki, vətəndaşların şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparıb.

Məlum olub ki, Ramiz Seyidəliyev qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək vədi ilə onları aldadıb. Həmin şəxslərin pensiya kartını qanunsuz götürüb. 2013-2018-ci illər ərzində həmin kartlardan ümumilikdə 83 min manat məbləğində pul vəsaiti çəkib.

Ramiz Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məlumatda bildirilir ki, hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

"Belə hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur”.