Strasburqda Milad yarmarkasında atəş nəticəsində 3 nəfər ölüb

Strasburqda Milad yarmarkasında atəş nəticəsində 3 nəfər ölüb

12-12-2018 16:44 / Bu xəbər 1390 dəfə oxundu

Polis atəş açan şəxsi axtarır

Fransanın Strasburq şəhərinin mərkəzində dekabrın 11-də yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00) naməlum şəxs tərəfindən təşkil edilən silahlı hücum nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Qərb mətbuatının məlumatına görə, yaralıların yarısı ağır vəziyyətdədir.

Silahlı hücum Strasburqda Milad yarmarkasında baş verib. Ənənəvi yarmarkalar yerli sakinlərdən başqa hər il minlərlə turisti cəlb edir.

Hadisəni törədən şəxsə küçəni mühafizə edən hərbçilər tərəfindən atəş açılıb. O, yaralansa da, qaçırılmış taksi vasitəsilə, hadisə yerindən uzaqlaşıb.

İlkin məlumata görə, atəş açan şəxsin 29 yaşı var, o, Strasburqda anadan olub və bundan əvvəl hüquq mühafizə orqanlarının nəzarətində olub. Fransa xüsusi xidmət orqanları bundan əvvəl ona "milli təhlükəsizliyə təhlükə törədən şəxs” statusu vermişdilər. Bu qrupa adətən radikal islamçılar daxil edilir.

Fransa daxili işlər nazirinin məlumatına görə, hücum edən şəxsin Almaniya və Fransada məhkumluğu olub. Polis həmin şəxsi hələ dekabrın 11-də səhər saatlarında həbs etməli idilər. O, digər bir şəxsi öldürmə cəhdində şübhəli bilinirdi. Lakin, polis əməkdaşları onu evdə tapa bilmədiklərinə görə, həbs baş tutmayıb. Axtarış zamanı onun evindən qumbaralar tapılıb.

İstintaq hələlik hadisəni terror aktı kimi qiymətləndirməyib.

Hadisədən sonra Strasburqun mərkəzi tam bağlanıb. Milad yarmarkasının fəaliyyəti dayandırılıb, mədəni obyektlər işləmir, matəm əlaməti olaraq dekabrın 12-də bayraqlar aşağı salınıb. Şəhərdə uşaq baxçaları və orta məktəbləri işləmir. Valideynlərə uşaqları evdən bayıra buraxmamaq tövsiyə edilib.

Strasburqda dekabrın 10-da Avropa parlamentinin plenar iclasları keçirilirdi. Hücum zamanı Avroparlamentin giriş-çıxışı bağlanmışdı. Sonradan Strasburqun kənarında yaşayanlara evə getmək icazəsi verilib, mərkəzdə yaşayanları isə polis müşaiyət edib.

Bununla belə Milad yarmarkasının mühafizəsi ilə bağlı suallar yaranıb, belə ki, gündəlik orada 300 polis və 160 nəfər mülki geyimli növbə çəkirdi. Mərkəzin girişi avtomobillə hücumun qarşısını almaq üçün beton sədlə başlanmışdı, mərkəzə tərəf gələn insanların çantaları yoxlanılırdı.///meydan.tv