Sumqayıtlı sahibkarlar: Zakir Fərəcov dedi ki...

Sumqayıtlı sahibkarlar: Zakir Fərəcov dedi ki...

19-07-2018 16:08 / Bu xəbər 2876 dəfə oxundu

"Bizi get-gələ salmaqdan başqa bir şey deyilmiş”

"Karvan” Ticarət Mərkəzində malları yanan sumqayıtlı sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətindən şikayətçidirlər.

 ""Karvan”ın direktorunun bizə dəyən zərəri ödəməməsi ilə bağlı Sumqayıt İcra Hakimiyyətində qəbulda olduq. İcra başçısı Zakir Fərəcov bizə işimizi həll edəcəyi ilə bağlı ümid versə də, sonradan "mənlik deyil, gedin probleminizi "Karvanla” həll edin”, - dedi”.

Şikayətçilərdən Füzuli Hüseynov belə deyir. Əlavə edir ki, əgər icra başçısı problemi həll etməyəcəkdisə, onlara niyə boş ümid verirdi:

"5 ay ümidlə gözlədik. İndi anlamışıq ki, prezident seçkisi öncəsi bizi susdurmaq üçün yalandan vəd veriblər. Seçki ilə birgə hər şey bitdi. İndi bizim üçün barmağını belə tərpətməyəcək, anlamışıq”.

"Bizi get-gələ saldılar"

F. Hüseynov deyir ki, Zakir Fərəcovun qəbuluna asan düşməyiblər. Aylarla get-gəlin nəticəsi olub:

"Prezident Administrasiyasına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə çoxsaylı get-gəldən, tələblərimizdən sonra icra başçısı Zakir Fərəcov bizi bu il martın 12-də qəbul etdi. Görüşdə Zakir Fərəcov bizim üçümüzü də dinlədi və müavini Fəzail Hüseynova göstəriş verdi ki, bizim problem araşdırılsın və "Karvan”ın rəhbərliyinə bildirilisin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir. O, bu barədə yazılı göstəriş də verdi. Bir sözlə, icra başçısı bizi ümidləndirdi ki, məsələ müsbət həllini tapacaq. Amma sonradan bizə aydın oldu ki, bu, sadəcə bir oyun imiş. Bizi get-gələ salmaqdan başqa bir şey deyilmiş”.

"Bizi yanan mallarımızın məbləğini şişirtməkdə ittiham etdi"

F.Hüseynov deyir ki, bu məsələdə ona ən pis təsir edən məqamlardan biri də 5 ay gözləyəndən sonra "Karvan” Ticarət Mərkəzinin sahibinin təhqirinə məruz qalmasıdır. Deyir, "Karvanın” sahibi Kamil Əhədov kobud ifadələrlə onları təhqir edib:

"Bizə qarşı şərəf və ləyaqəti alçaldan sözlər dedi. Bizi yanan mallarımızın məbləğini şişirtməkdə ittiham etdi. Hətta reketçilikdə günahlandıraraq, ondan pul qoparmaq istədiyimizi söylədi. Sahibkarın öz halal pulunu istəməsi nə vaxtdan reketlik olub?! Bundan başqa, biz ondan fərqli olaraq insaflı olduğumuzdan dəyən zərərin hamısını yox, müəyyən miqdarını istəmişik. Bildirmişik ki, gücü çatan köməyi etsin. Onu da etmək istəmir”.

"Kamil Əhədov bizə dəyən zərəri ödəmək istəmir"

 Şikayətçilərdən Şiralı Əsgərov isə deyir ki, 5 il ərzində müraciət etmədikləri qurum qalmayıb. Ancaq problemləri həllini tapmır ki, tapmır:

"Bizə, Sumqayıt sakinlərinə 2013-cü ildə "Karvan” Ticarət Mərkəzində yanğın baş verən zaman ümumilikdə 325 min manat zərər dəyib və zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Buna baxmayaraq, Kamil Əhədov bizə dəyən zərəri ödəmək istəmir. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokurora, deputat Qənirə Paşayevaya müraciət etmişik. Bundan artıq nə etməliyik?!”

"Son günlərini İcra Hakimiyyətinin, Prezident Administrasiyasının qarşısında, gözləməklə keçirdi"

Şiralı Əsgərov deyir ki, onlarla bərabər haqqını arayan Dilavər Abdullayeva iyunun 4-də vəfat edib:

"Xəstə idi. Ömrünün son günlərini Sumqayıt İcra Hakimiyyətinin, Prezident Administrasiyasının binalarının qarşısında gözləməklə keçirdi. Ancaq haqq-ədalət yerini tapmadı. Kompensasiyasının qaytarılmasını görmədən getdi. İnanmırıq ki, belə şeylər "Karvan”ın rəhbəri Kamil Əhədova və onun arxasında duranlara təsir edə. Çünki o, İcra Hakimiyyətində bizimlə axırıncı görüşdə "hara istəyirsiz şikayət edin, onsuz da xeyri yoxdur. Mən sizə pul-zad verən deyiləm. Mənə heç kim, heç nə edə bilməz. Nə bacarırsız, hara şikayət edirsiz, edin, hamısı boş şeydir. Məhkəmə qərarı var, vəssalam” – dedi. Heç nə vecinə deyil”.

Şiralı Əsgərov 2006-cı ildən "Karvan”ın 1-ci mərtəbəsində pal-paltar ticarəti ilə məşğul olduğunu söyləyir. Deyir, yanğın zamanı ona 170 min manat ziyan dəyib. Füzuli Hüseynov isə deyir ki, 15 il "Karvan”da qab-qacaq satışı ilə məşğul olub. Yanğında ona dəyən 55 min manatlıq ziyanın kompensasiyasını bugünədək ala bilməyib.

"Sahibkarlar haqlarını məhkəmədə axtarmalıdırlar"

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, sahibkarların məsələsi sırf "Karvan” Ticarət Mərkəzi ilə əlaqəlidir: "İcra Hakimiyyəti ilə əlaqəsi yoxdur. Bizə aidiyyatı olmadığı üçün də nəsə rəy vermək doğru deyil. Həmin sahibkarlar haqlarını məhkəmədə axtarmalıdırlar”.

Kamil Əhədov isə bildirib ki, yanğından sonra sığortalanmış malların kompensasiyası ödənib: "Sığortalanmayan mağazalara, mallara cavabdehlik daşımırıq. Hamı vaxtında malını sığortalamalıdır ki, bədbəxt hadisə baş verəndə problem yaşamasın”.

Sumqayıtda yerləşən "Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da yanğın olmuşdu. Nəticədə 1000-ə yaxın ticarət obyekti yanmışdı. Hadisə zamanı bir nəfər ölüb, beş nəfər isə yaralanmışdı.

Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəydiyi bildirilirdi.

Yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanıb, o, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.///Meydan.Tv