Suraxanı sakinləri: "Prezidentə yazdıq, çünki icra başçısı tapşırıq verdi, baxan olmadı..." - FOTOLAR

Suraxanı sakinləri:

19-02-2020 13:23 / Bu xəbər 2373 dəfə oxundu

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, AB yaşayış sahəsi, ev 127 M. 97 ünvanda yaşayan sakinlər  məmur özbaşınalığından şikayətçidirlər. 

Bu barədə Arqument.Az-a həmin ünvanda yaşayan Hacıyev Elşad Canəli oğlu məlumat verib. 

O bildirib ki, sakinlər - Hacıyeva Fəridə Şahmirzə qızı, Balallıyeva Günay İkram qızı, İmanova Nərgiz Rəsul qızı, Hacıyev Elşad Canəli oğlu, Hacı Elşən Elşad oğlu, İmanova Xırda Səlimxan qızı Prezidentə, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinə müraciət edərək yaşadıqları binada qanunsuz tikintinin dayandırılmasını xahiş ediblər.

Belə ki, yaşadıqları binanın birinci mərtəbəsində iş adamlarından biri obyekt tikdirir və obyekt binanın önünü, dam örtüyü isə yaşayış binasının eyvanının qarşısını kəsib: "Eyni zamanda tikinti binanın təhlükəsizliyinə də problem yaradır. Tikintini aparanlar da heç kəsə məhəl qoymurlar, özlərini elə aparırlar ki, sanki burada insan yaşamır", - sakinlər deyir. 

"İcra başçısı ilə görüşdüm, tapşırıq versə də, gələn olmadı..."
 

Elşad Hacıyev
Foto: Arqument.Az

Elşad Hacıyev deyib ki, o, problemlə bağlı Suraxanı rayon icra hakimiyyəti başçısı Əziz Əzizovla da görüşüb: "İcra başçısı Əziz Əzizovla görüşdüm. O da tapşırıq verdi ki,  gedib problemi həll edin. Amma heç kəs gəlmədi, problemi də həll etmədilər. Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də rəsmi müraciət etdim, nəticə yoxdur, yəni gəlib baxsalar da, tikinti davam edir".

"Tikintini "Hacı" ləqəbli şəxs aparır"

Elşad Hacıyev deyir ki, obyekt rəsmi olaraq, Həsənbəyli Turan Ələkbər qızının adındadır, onun mülkiyyətidir, lakin tikintini "Hacı" ləqəbli şəxs aparır. 

"Şikayət etmədiyimiz yer qalmayıb. İndi yenidən Prezidentə, Birinci Vitse-prezidentə məktub yazmışıq, çünki icra hakimiyyəti problemi həll etməkdə maraqlı deyil. İş adamı da deyir ki, hara istəyirsiniz, şikayət edin. Sabah bu binada hər hansı bir problem baş versə, məsuliyyət aidiyyəti qurumların və tikintini aparan şəxslərin üzərinə düşür. Əgər bu problem həll edilməsə, biz dərdimizi deməyə Prezident Admintrasiyasına gedəcəyik. Bəlkə, yerli icra hakimiyyəti və tikintiyə icazə verən qurumlar özlərində məsuliyyət hiss etdilər", - o bildirib. 

FHN icra hakimiyyətinə məktub göndərib...
 

Fövqəladə Hallar Nazirliyi sakinlərə cavab məktubunda bildirib ki, qeyd olunan ünvanda tikintinin norma və qaydalarının tələblərinə uyğun aparılıb-aprılmaması ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə məktub göndərib. 

"Şəhərsalma İdarəsi əvvəl bir, sonra bir söz deyir"
 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən isə bildiriblər ki, qeyd olunan qeyri-yaşayış obyekti Həsənbəyli Turan Ələkbər qızının adınadır və tikinti zamanı hər hansı bir genişləndirmə müşahidə olunmayıb. 

Sakinlər isə deyirlər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yenidən müraciət etdikdən sonra əraziyə baxış keçirilib: "Dedilər ki, hündürlüyü nəzərə almamışıq, qanunsuzdur, artıra bilməz. Madam ki, qanununsuzdur, niyə imkan verirlər ki, davam etdirsinlər". 

"Bakı Şəhər İcra Hakimiyyəti də məhəl qoymadı"
 
Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edən sakinlər də eyni cavabla qarşılaşıblar: "Bakı Şəhər İcra Hakimiyyəti də cavab göndərib ki, aidiyyəti üzrə, yəni Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edək. Faktik icra başçısının qəbulunda olmuşuq, amma hər şey ortadadır". 

Suraxanı Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.