Söz kimi adam – Bu gün Vurğun Əyyubun doğum günüdür

Söz kimi adam – Bu gün Vurğun Əyyubun doğum günüdür

25-10-2019 08:46 / Bu xəbər 2545 dəfə oxundu

Elnaz Eyvaz
25 oktyabr 2019

 
Bu yazını illər öncə yazmışdım. Onda O, qəddar ağrılardan əziyyət çəkmirdi, onda O, gələcəyə gözəl ümidlərlə baxırdı.
 
Və o zaman bu yazını doğum gününə hədiyyə etmək istədim, saytlardan birinə göndərdim, hansı ki nəzərə aldım ki, bunu uzağı o saytda yayımlamaq olar. Amma mənə dedilər ki, biz edə bilmərik… 

Bunu heç vaxt Vurgun bəyin özünə demədim. "Yox” cavabı alandan sonra "Facebook"da paylaşdım. 

Söz kimi adam! 

Onu tanıyanda, daha doğrusu, onu hamı tanıyanda mən məktəbli idim; arzuların qanadında göyləri fəth edən biri, o isə artıq məmləkətdə tanınan səlahiyyət sahiblərindən biri.

İllər elə ötdü ki, elə bildim yüz il yaşamışam, dünyanın yorğun yolçusu oldum sanki. Yıxıldım, qalxdım, üst-başımın tozun çırpıb yoluma davam etdim. Nə adamlar gördüm, İlahi! Sözün dəyərindən bixəbər, yalanlarla həlqələnmiş, şərəfdən-ləyaqətdən anlayışı olmayan… Əlim adamlardan üzüldü.

Günlərin bir günü bir ədəbi tədbirdə qarşılaşdıq. Yaxınlaşmadım. Yaxınlaşıb nə deyəydim ki?! Ancaq zal dolusu adamın arasında çox doğma bir adam varmış kimi gəldi mənə.

Zaman keçdi. Çox tez keçdi. Biz görüşdük! Və  anladım ki, ruhu doğma olanlar daha doğmadırlar, nəinki qanı, canı bir olanlar. Aramızda on illərin yaş fərqi var. Yaşda böyük, elmdə dərin və heyrətamiz! Ancaq Ruhun insana ana bətnində verildiyinə inansaq, onu 38 ildir tanıyıram. Atamdan, babamdan, qardaşımdan əvvəl.

Onu tanıyandan sonra məni dəhşətə gətirən bir həqiqəti anladım: bu günə qədər yazdıqlarımı belə, yaşamaq naminə yazmışam. Yıxılmayım, ölməyim deyə, içimdəki həyat eşqini xilas edim deyə. Ərklə tutduğu iradlar, tələbəsi kimi qarşısına qoyub "danlaması”, tapşırıqları sanki məni ayıltdı. İçi dolu ədəbiyyat olan bu adam məni özümə inandırdı, özgüvənimi özümə qaytardı…

O söz deyəndə, Sözdən danışanda heyrətə gəlirəm. Bir insan bu qədər Sözü necə saxlaya bilər özündə? Dediklərini qızıl xırdalayırmış kimi xırdalayanda elə bilirəm büküm-büküm qızılı bircə-bircə həssaslıqla açıb qarşıma düzür. "Bax, budur Söz,” – deyir.

Söz elə bir varlıqdır ki, onu sevən, ona hörmət edən, uca tutan hər kəs mənə əziz və doğmadır. Ciddi yazılarında belə, yazı mədəniyyətini qorumayan adamlar var. Ancaq sözə bu qədər həssaslıqla yanaşıldığını görəndə, etiraf edim ki, xoşbəxt oluram.  Sözə, dilə olan sevgi, diqqət, əzizləmə adamı heyran etməyə bilmir! Anlayırsan ki, bu da bir vicdan borcudur.

Bilirəm, bir adamı hamı sevə bilməz, necə ki, bir adam hamını. Hələ bir az da siyasiləşmiş adamı. Sözsüz ki, fikir ayrılıqları olanlar, baxışları üst-üstə düşməyənlər var onunla. Bəlkə də heç sevməyənlər. Ancaq inanıram ki, onlar belə öz vicdanları qarşısında onun kim olduğunu bilir. Adətən, bir adamı öldürmək istəyəndə də onun yaşamağa layiq oldunu bilirlər…

Və, nəhayət, bütün bu dediklərim bu gün doğum günü olan dəyərli bəy, gözəl insan, tələbələrinin sevimlisi Vurğun Əyyub haqqındadır. Bizim nəslin yaddaşında onun özünəməxsus yeri var. Bəlkə də, bu gün dərs dediyi tələbələri üçün sadəcə sevimli müəllimdir, ancaq biz Vurğun bəyin Azərbaycan təhsilində etdiyi köklü dəyişikliyin nəticəsində tələbə adını qazanan nəslin nümayəndəsiyik.

Vurğun Əyyubu bütün sevənlərin, ona dəyər verib, kimliyini dərk edənlərin adından təbrik edirəm! Vicdanla iş görməyin, vicdanlı məmur olmağın, rüşvətsiz yaşamağın mümkün olduğunu göstərən bəy! Həyatdan yıxılmamaq kimi dərs alan bir adama nə arzu etsəm, nə desəm az olar. Odur ki, deyirəm: bəy, yaxşı ki,  varsınız, yaxşı ki, biz eyni xalqın nümayəndəsiyik və sizinlə eyni Vətəni bölüşürük!

25 oktyabr 2014