Taleh Bağırzadə: "Mənə işgəncə veriləndə həzz alırdım"

Taleh Bağırzadə:

16-01-2017 19:15 / Bu xəbər 1506 dəfə oxundu

"Nardaran işi"nə görə təqsirləndirilənlər son söz deyir

"Təəssüf ki, biz burda müttəhim kimi çıxış edirik, lakin zərərçəkmişik. Deyilənlərin hamısı böhtan və absurddur. Bunlar şahid ifadələrindən də sübut edildi".

Bu fikirlər "Nardaran işi"ndə təqsirləndirilən Bəhruz Əsgərovun son sözündəndir.

Xalq bizim bəraətimizi verib

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən Bəhruz Əsgərov son söz deyib. O, ittiham üzrə özünü təqsirli bilməyib:

"Nardaranda polislər qadınlara, uşaqlara, bizə atəş açıb, güllə yağışına tutublar. Bədənimdə hələ də güllə yaraları qalmaqdadır. Məni xəstəxanaya polis yox, kənd adamları aparıb. Bizi xəstəxanada həbs etdilər. Orada məni vurmaq istədilər, lakin polislərdən biri qoymadı. Orada bildim ki, bizi həm də polis ölümündə ittiham edirlər. Reanimasiyada məndən ifadə alıblar. Həmin vaxt mənə morfi vurmuşdular. Ağlım başımda deyildi. Yazılanlara qol çəkdim. "Bandotdel"ə aparılanda dedilər, səndə qumbara olub. Mən də dedim, yalandır. Həmin vaxt bir ayağım gipsdə idi. Mənə heç bir yardım göstərilmədi. Heç təbii ehtiyacımı da ödəyə bilmirdim. Mən məhkəmədən heç nə gözləmirəm. Çünki məhkəmə hər şeyə göz yumdu. Siz bu işə sifarişlə baxırsınız. Xalq bizim bəraətimizi verib. Azərbaycanın elə görkəmli xadimləri olub ki, onlara həbs verilib. Lakin onlar hər zaman yad edilir. Hökm oxuyan hakim isə lənətlənir". 

Hakim isə deyib ki, bu məhkəməyə təzyiq kimi qiymətləndirilir.

"Bu xalq qeyrətli xalqdır. İnanıram xalq öz sözünü deyəcək. Xalq artıq bezib rüşvətxorluqdan, haqsızlıqdan. Polislər qorxu mənbəyinə çevrilib. Bizi həbs qorxuda bilməz. Siz bizim səsimizi kəsə bilməzsiniz. Biz zalım top-tüfənginin qarşısında kişi kimi dayanmışıq. Həqiqət sonda yerini tapacaq. Axirətdə Allah hökm verəcək, siz son söz deyəcəksiniz. Sizin hökmünüzün heç bir əhəmiyyəti yoxdur. Hökm Allaha məxsusdur" - Bəhruz Əsgərov fikrini yekunlaşdırıb.

Siz mənim cismimi həbs etmisiniz

Daha sonra iclasda Taleh Bağırzadə son sözlə çıxış edib. O, onları müdafiə edən vəkillər, təşkilat, partiya və digər dəstək olan insanlara təşəkkür edib:

"Qərb ölkələrinin səfirliklərinin nümayəndələri gəlib bizə dəstək oldular. Mən hesab edirdim ki, müsəlman ölkələri bizi müdafiə edərlər. Xüsusi təşəkkürümü zərif qəhrəmanım olan Leyla Yunusa bildirirəm. Mən dəfələrlə şərlənib həbs edilmişəm. Həmişə bir-iki maddə ilə ittiham verirdilər. Bu dəfə 21 maddə ilə ittiham veriblər. Ona görə hər şeydən danışa bilərəm. Nardaran hadisələri tarix yazdı. Bizim üçün bu şərəfli tarixdir. Siz mənim cismimi həbs etmisiniz. Mənə işgəncə veriləndə həzz alırdım. Allah özü mənə belə güc vermişdi. Mən çoxdan Fuad Qəhrəmanlı ilə tanış olmaq istəyirdim. Onun həbsi bizim nə qədər xeyrimizə oldu. Bu ailə bizə yardımçı oldu. Mən özümə bacı olaraq Zümrüd Yağmuru tapmışam. Onun yazılarını oxuyurdum. O kişi qeyrətli qadındır".

"Bandotdel"də 47 gün məni hamama getməyə qoymadılar

T.Bağırzadə ifadəsində bildirib ki, Nardaran hadisəsi əqidə formalaşdırıb:

"Mənə dəstək məktubları gəlir. Hər kəsə təşəkkürümü bildirirəm. Mənə prokuror iş istədi. Mən tək-tük hallarda bəddua edirəm. Bu gənc prokurora bəddua etməyəcəm. Çünki sistem düzgün olsa, bunlar olmazdı. YAP yaradıcısı olan Siruz Təbrizli deyirdi ki, YAP simasız quldurların partiyasıdır. Lakin mən deyərdim ki, simalı quldurlar partiyasıdır. Biz quldur hökumətlə baş-başa gəlmişik. Tarix təkrarlanır. Bu, 37- ci ildir. Sadəcə o zaman xalq müstəqil deyildi. Nardaran hadisəsi Allahın bir lütfüdür. Məndən Əli Kərimlinin əleyhinə ifadə almaq istəyirdilər. Çünki bizim birliyimizdən qorxurlar. Hakimiyyət bizi cəzalandırmaq istədi, lakin bacarmadı. Bu gün xalq quyudadır. Xalqı çıxarmaq üçün hamımız bir olmalıyıq. Bu gün xalqın bugünə düşməsinə səbəb devalvasiya və banklar yox, rəhbərliyin zülmüdür. Xalq bu zülmlərdən qorxur. Xalq Allahdan qorxmur, amma bu quldurlardan qorxur. Biz də onlara çatdırdıq ki, qorxmaq lazım deyil. Türkiyədə polis şəhid olanda adamlar yas saxlayır. Ancaq burada polis insanları şərləyir, işgəncə verir. "Bandotdel"də 47 gün məni hamama getməyə qoymadılar. Mən paltarımı yuyub yaş geyinirdim. İşgəncə verənlər də deyirdi ki, biz öz paltarımızı sənə verək. Mən razı olmadım. Xalq Allahdan qorxmalıdır. Niyə bütpərəstliyə şərait yaradırsınız? Məmurlar gəlir Heydər Əliyevin məzarı önündə baş əyirlər. Mən erməni tərəfdə qalan əsgərin meyidinə görə narahatam. Ermənilər bu hakimiyyətə görə sevinirlər. Ona görə sevinirlər ki, bilirlər bunlar Qarabağı alan deyil. Görün biz necə hakimiyyətlə qarşı-qarşıyayıq. Bu hakimiyyət oğurluğu, rüşvətxorluğu dövlət siyasətinə çevirib. Bununla fəxr edirlər. Bu hakimiyyət əvvəl-axır gedəcək. Azərbaycan hökumətində milli maraq yoxdur".

Proses davam edir.

Əvvəlki prosesdə dövlət ittihamçısı Nəsir Bayramov Taleh Bağırzadənin ömürlük, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror həmçinin Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.