Taleh Bağırzadənin həyat yoldaşı: Heç kimdən əfv diləmək fikri yoxdur, əksinə...

Taleh Bağırzadənin həyat yoldaşı: Heç kimdən əfv diləmək fikri yoxdur, əksinə...

15-03-2019 16:08 / Bu xəbər 1386 dəfə oxundu

İlahiyyətçi telefon danışıqlarının dinlənilməsindən və qəzetlərin verilməməsindən şikayətçidir

"Taleh Bağırzadə deyir ki, görünür, həbsxana şəraitində mənim məlumatlı olmağım bunları narahat edir. Ona görə axır vaxtlar adi "Yeni Müsavat", "Hürriyyət" kimi qəzetləri də vermirlər", - "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadənin xanımı Leyla İsmayılzadə Meydan TV-yə həyat yoldaşının durumu barədə məlumat verib.

Xanımının sözlərinə görə, Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsindən Səadət Bənənyarlı və Əliməmməd Nuriyev martın 7-də T.Bağırzadə ilə görüşüblər. Ona qəzet qadağası da ondan sonra başlayıb: 

"Çox məsələlərdən danışıblar. Bu haqda evlə danışanda özü bizi məlumatlandırdı. Deyir, ona Milli Şura ilə bağlı müəyyən suallar veriblər, cavablarını da alıblar. Bildirdi ki, söhbətdən, suallardan belə başa düşüb, internetdə onu gözdən salmaq məqsədilə yayılan səs yazısına verdiyi cavab narahatlıq yaradıb. 

Əfvdən söz düşəndə Taleh Bağırzadə deyib ki, nə özü əfv üçün müraciət edib, nə də kiminsə ondan ötrü müraciət etməsini istəyir. Heç kimdən əfv diləmək fikri yoxdur. Çünki heç bir cinayət törətməyib. Əksinə, ona münasibətdə cinayət törədilib və törədilməkdə davam edir. 

İllərdir şərləyib günahsız yerə həbsdə saxlayırlar. Hətta onlara deyib ki, "hansısa siyahıda görsəniz, üstündən xətt çəkin". Deyəsən, belə cümlə də işlədiblər ki, "əfv üçün sənin yanına gələnin ağlı yoxdur". Onun yetərincə məlumatlı olması bunları təəccübləndirib. Bəlkə də, buna görə o qəzetləri də daha vermirlər".

Həyat yoldaşının sözlərinə görə, T.Bağırzadə telefon danışıqlarının dinlənilməsindən də şikayətlənib. Bildirib ki, o, evlə danışanda yanında xüsusi adam dayanıb danışıqları dinləyirdi. Ancaq şikayətindən sonra bu hal aradan qalxmışdı. Son vaxtlar isə yenidən eyni davranış təkrarlanır: "Həm açıq-aşkar kimsə oturur yanında, həm o biri tərəfdən dəstəyi götürüb qulaq asırlar. Bunu mən özüm də hiss eləmişəm".

Penitensiar Xidmətdən T.Bağırzadənin şikayətlərilə bağlı bildirilib ki, qəzetlərin çatdırılmaması texniki problemlərlə bağlı ola bilər. Telefon danışıqlarının dinlənilməsinə gəlincə, deyilib ki, bu, qanun çərçivəsində həyata keçirilir. Yəni qanun məhkumlara nəzarət məqsədilə onların danışıqlarının dinlənilməsinə imkan verir.

T.Bağırzadəyə abunə olduğu qəzetlərin məqsədli şəkildə çatdırılmamasına gəlincə, M.Sadıqov Azadlıq Radiosuna deyib ki, belə bir hal yoxdur. Şöbə rəisinin sözlərinə görə, bəzən poçt xidmətində problemlər yaranır, yaxud başqa səbəblərdən gecikmələr ola bilər: "Amma bunun məqsədli şəkildə "qəzetlərin verilməməsi” kimi qiymətləndirilməsi doğru deyil. Necə olur, bu vaxta qədər verirdik, indi yox? Doğru deyil”.

Taleh Bağırzadə ilə görüşdüklərini təsdiqləyən Əliməmməd Nuriyev Meydan TV-yə deyib ki, məqsədləri Qobustanda saxlanılan məhbusların saxlanma şəraiti ilə tanış olmaq olub:

"Bizə müraciət edirlər, gedib görüşürük. Taleh Bağırzadəyə də baş çəkdik. Saxlanma şəraitindən gileylənmədi. Ancaq aramızda əfvlə bağlı hər hansı söhbət olmadı”.

Ə.Nuriyev onu da deyib ki, məhbusa qəzetlərin verilməməsi ilə bağlı məsələni diqqətdə saxlayacaq.