Taleh Xasməmmədov saxlanıldı

Taleh Xasməmmədov saxlanıldı

19-04-2018 16:23 / Bu xəbər 2044 dəfə oxundu

Aprelin 19-da Göyçay rayonunda hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlanılıb.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb. 

Onun sözlərinə görə, səhər saat 11.00 radələrində polis əməkdaşları onun idarə etdiyi avtomobili cəriməsi olması bəhanəsilə saxlayıblar. 

Onu polis bölməsinə aparıblar, orada polisə müqavimət göstərmə və xuliqanlıq haqqında protokolu imzalamağa məcbur ediblər.

Gülalıyev ona qarşı cinayət işi açılması ehtimalını istisna etməyib.

DİN-in məlumatına görə isə, polis əməkdaşları yol hərəkəti qaydalarını pozan BMW avtomobilini saxlayıblar. 

Yoxlama zamanı maşının üzərinə həbs qoyulduğu müəyyən olunub və avtomobil dayanacağa göndərilib. 

Xasməmmədov yerli yol polisi rəisinin kabinetinə gələrək, avtomobilin buraxılmasını tələb edib.

Ona cəriməni ödəməli olduğu bildirilib. Amma Xasməmmədov "daha da aqressivləşib, xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb, onu sakitləşdirmək istəyən 3 polis əməkdaşına isə xəsarət yetirib və onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib", deyə DİN iddia edir.

Xasməmmədov saxlanılıb, faktla bağlı Göyçay rayon polisi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Xasməmmədov iki dəfə - 2011 və 2015-ci illərdə xuliqanlıq ittihamı ilə məhkum edilib, hər ikisində bir il sonra əfv olunub. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Fəalın anası Gülbuta Xasməmmədova bildirib ki, oğlu onurğa yırtığından əziyyət çəkir və heç cür polisə müqavimət göstərə, xüsusən, onlara bədən xəsarəti yetirə bilməzdi.