TANAP boru kəmərinin Əskişəhərədək olan hissəsinin 99 faizi tamamlanıb

TANAP boru kəmərinin Əskişəhərədək olan hissəsinin 99 faizi tamamlanıb

30-03-2018 15:55 / Bu xəbər 584 dəfə oxundu

Bu gün Türkiyənin paytaxtı Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib. 

SOCAR-dan "Report"a verilən məlumata görə, iclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə Heyəti üzvlərinə ətraflı məlumat verilib. 

Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin, təqribən, 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə, təqribən, 80%-i həyata keçirilib. Ümumilikdə, layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir. 

TANAP-ın İdarə Heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: "Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi, TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq, vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”. 

2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsi ilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.

Layihədə Azərbaycan 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir.