Tanınmış vəkili cəzalandırmaq istəyirlər

Tanınmış vəkili cəzalandırmaq istəyirlər

30-05-2019 16:23 / Bu xəbər 964 dəfə oxundu

Kollegiyası vəkil Şəhla Hümbətovanın barəsində intizam icraatına başlayıb. Bu barədə vəkil Facebook səhifəsində yazıb.

"İndicə Vəkillər Kollegiyasından zəng vurub dedilər ki, barəmdə intizam icraatı başlanıb. Əsas Mehman Hüseynovun işi ilə bağlı Penitensiar Xidmətin şikayətidir. İntizam icraatının başlanması barədə qərarın hansı tarixdə qəbul edildiyini soruşdum, dedilər ki, gəlin, burada qərar sizə veriləcək", - Ş.Hümbətova qeyd edib.

Ötən gün vəkil bildirmişdi ki, 2019-cu ilin yanvar ayından cəzaçəkmə müəssisələrinə getməsinə maneələr yaradılıb.

O, məsələ ilə bağlı Vəkillər Kollegiyasına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və ombudsman aparatına şikayət göndərib, ancaq məsələ həll olunmayıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Amerikanın səsi"nə bildirib ki, Ş.Hümbətovanın müraciəti "öyrənilir", "tədbir görüləcək".

Vəkil ona qarşı tətbiq edilən məhdudiyyəti bloger Mehman Hüseynovun hüquqlarının müdafiəsində tutduğu mövqeyi ilə əlaqələndirib. Vəkil məhbusun aclıq etməsi və hüquqlarının pozulması faktlarını açıqlayıb.

M.Hüseynovun məsələsi ölkədə və xaricdə böyük rezonans doğurub, Avropa Parlamenti xüsusi qətnamə qəbul edib. Bundan sonra işə xitam verilib və M.Hüseynov birinci iş üzrə cəzasını çəkərək martda azadlığa çıxıb. Görünür, prinsipial mövqeyinə və öz işini vicdanla yerinə yetirdiyinə görə indi vəkillə haqq-hesab çəkirlər.///turan.az