Tarixi şəxsiyyət və tarixdə şəxsiyyət

Tarixi şəxsiyyət və tarixdə şəxsiyyət

15-06-2019 14:03 / Bu xəbər 2550 dəfə oxundu

EMİN EMİNBƏYLİ

(Bu yazı şəxsiyyətinə böyük hörmət bəslədiyım İlyas İsmayılova həsr olunur)

İlk baxışda mövzunun başlığı adamı dolaşıq salır-necə yəni tarixi şəxsiyyət və tarixdə şəxsiyyət. Məgər onların hər ikisi eyni şey deyilmi? Xeyr eyni şey deyil. Fərqlidir. Adamı aldadan hər iki ifadədəki şəxsiyyət kəlməsidir. Elə həmin ifadənin izahından başlayaq ki, fikirlərimiz rahat  anlaşılsın. Həddən artıq yığcam şəkildə desək hər hansı bir fərd   ali insani mərtəbəni fəth edərsə o şəxsiyyətdir. Ali insani mərtəbə dedikdə isə əxlaqi və mənəvi dəyərlərin cəmi  nəzərdə tutulur. Bütün canlıların əşrəfi kimi  insan ona bəxş edilmiş bu ali rütbəni, status-kvonu qoruya bilirsə, şərəf və ləyaqətini ölənəcən özündən yüksəkdə saxlayırsa, Allahdan savayı kimsənin qarşısında  əyilmirsə, heç bir ideyaya, mənsəbə satılmırsa, harama tamah salmırsa, şan-şöhrətə aldanmırsa, məruz qaldığı haqsızlıqlardan  büdrəmirsə, zalımın önündə  cəsarətini itirmirsə, ölüm xofu qarşısında  dizləri əsmirsə, əxlaqına sahiblik edə bilirsə bu keyfiyyətlərin cəminin daşıyıcısı şəxsiyyətdir. Bu ad  insani  dəyərdə  son həddir, ən ali rütbədir. Ondan o tərəfəsi yoxdur. Varsa rəsuldur, nəbidir, peyğəmbərdir ki, o da ki, cəlalı gözəl olan Allahın  öz seçimidir.

Şəxsiyyət barədə bu qədər. Keçək tarixi şəxsiyyətə.

Əvvəla, tarixi şəxsiyyət ifadəsindəki şəxsiyyət sözünün yuxarıda sadaladıqlarımıza  dəxli yoxdur. Ümumiyyətlə, tarixi şəxsiyyət ifadəsinin özü qüsurludur. Dilimizdə yerinə düşməyən  söz birləşmələri çoxdur .Tarixi şəxsiyyət ifadəsi bu gün tam formalaşmış və hər kəs üçün anlaşılan  bir məna yükü daşıyır. Yəni tarixi şəxsiyyət- baş verən tarixi proseslərə müdaxilə edərək, yaxşı mənada onu sürətləndirmiş, pis mənada onu ləngitmiş, bütövlükdə ona təsir etməyi, dəyişdirməyi, altını üstünə çevirməyi bacarmış  fərdlərə verilən addır. Vəssalam.

İnsanın homo sapines dövründən ta  marksizmə, lap elə günümüzə qədərki zaman kəsiyində tarixi şəxsiyyət ifadəsinin  yozumu  birmənalı olmayıb. İnsanın primitiv də olsa adam balası kimi düşünməyə başladığı çox qədim  dövrlərdə tarixi şəxsiyyətə  mifoloji varlıq kimi baxılırdı, yəni  nəzərdə tutulan şəxsiyyətin əsil-kökü, ata-anası mütləq allahların, birinə gedib çıxmalı idi. Min illər sonra Antik dövrdə bu yanaşma bir az yumşaldıldı. 

İlk dəfə "Afina demokratiyasının atası”  Perikl  şəxsiyyətin mütləq  Allahlarla qohum olma  iddiasının ustündən xətt çəkdi. Xristianlıq, çox sonralar intibah dövründə tarixi şəxsiyyətlərə yanaşmada yeni tələblər irəli çıxdı. Maarifçilik erasında ilk dəfə olaraq fərdin şəxsi xidmətləri şərəf və ləyaqətinin əsas kriteriyaları kimi götürülməyə başladı. 

Eralar çoxdur və təbii ki, hər birinin tarixi şəxsiyyətin dəyərləndirilməsindəki  tələblər də fərqlidir. Bunlara girişsək xəmir çox su aparar. Bircə onu deyək ki, nəinki müxtəlif eraların hətta ayrı-ayrı zəka sahiblərinin tarixi şəxsiyyətlərə  baxışları da fərqlidir. Özü də əhəmiyyətli dərəcədə. 

Məsələn, Hegel tarixi şəxsiyyətin rolunu bacardığı qədər kiçildir. O hesab edir ki, heç bir tarixi şəxsiyyət tarixi reallıq yarada bilməz. Onlar yalnız cəmiyyətin qanunauyğun tarixi gedişatını öz maraqlarına uyğunlaşdırmağı bacara bilir. Maraqlı yanaşmadır. Amma böyük ingilis filosofu Tomas Karleyl Hegelin bu fikrini təpəsi üstə çevirir. 

O deyir ki, ümumdünya tarixi böyük tarixi şəxsiyyətlərin tərcümeyi-halından başqa bir şey deyil. Bu fikir də hörmətə layiqdir.

Şəxsiyyətlə tarixi şəxsiyyət kəlmələri arasındakı məna fərqini düşünürəm ki, nəzəri cəhətdən anlada bildim. İndi fikirlərimizi bir neçə konkret misallarla möhkəmlədək. Bu, həm iddialarımızın isbatı olar, həm  fikirlərimizi nisbətən anlaşıqlı edər, həm də söhbətimizi darıxdırıcılıqdan çıxarar. Orta və xırdalarla işim yoxdur, böyük tarixi şəxsiyyətlərə girişəcəm.

Corc Vaşinqtonun tarixi şəxsiyyət kimi ABŞ-nın müstəqilliyində və dövlət kimi təşəkkülündəki  xidmətləri barədə hətta tezis şəklində danışmağın özü belə xeyli vaxt aparar. Bircə onunla kifayətlənək ki, bu adamın öz dövləti üçün elədiyini indiyə qədər ABŞ tarixində heç bir kəs edə bilməyib. Amerkalıların ondan hörmətli ikinci prezidenti yoxdur və unamıram ki, indən sonra da olsun.

Əsil tarixi şəxsiyyətdir. Bəli, tarixi şəxsiyyət.

Bəs tarixi sözünü götürsək o  şəxsiyyət kimi necə görsənər? Bütün rəsmi çıxışlarında quldarlığın əleyhinə çıxan Corc Vaşinqtonun şəxsi qullarının sayı 390-a çatırdı. Onların hansı şəraitdə saxlanmağı ilə maraqlansanız faşistlərin Osvensim  düşərgələrindəki baraklardan heç nə ilə fərqlənməyən mənzərə görərsiniz.

Afrikadan gətirilmiş zənci qullarla rəftarına gəlincə buna  insanlığa yaraşmayan münasibət desək yumşaltmış olarıq. Corc Vaşinqtonun qaçmağa cəhd edən qullarla rəftarı qeyri-insani idi. Özünüzü cəmləyin, qulaqlarınıza  inanmayacaqsınız. Qara dərili  qulların həddi-buluğa çatan  qız uşaqları onun intim münasibətlərinin qurbanları idi. Bu gün ABŞ-ın qara dərili vətandaşları arasında ən çox yayılan familya bilirsiniz hansıdır?

Vaşinqton familyası.

Keçək başqasına. 

BBC radiosunun 2006-cı ildə apardığı minilliyin adamı sorğusunun qalibi sizcə kim olsa yaxşıdır? Albert Eynşteynlə,  İsa Məsihi geridə qoyan Mahatma Qandi. Hindisatın bütün dövrlərinin ən böyük tarixi şəxsiyyəti. Rabindranat Taqorun Mahatma-yəni "böyük qəlb” ləqəbi verdiyi  Qandi.

Ayağı yalın, əlində bir ağac budağından düzəldilmiş əsa, ağ mələfəyə bürünmüş, yarımçılpaq, cəmi-cümlətanı  45 kilo çəkisi olan bu adam quru canıyla 400 milyonluq xalqı ayağa qaldırıb, bir dənə güllə belə atmadan Hindistanı İngilislərin müstəmləkəliyindən azad edə bildi. Bugünəcən dünya tarixində  ikinci belə bir hadisə baş verməyib. 

Tarixi şəxsiyyətin böyüklüyü bundadır. Bəli, tarixi şəxsiyyətin. Məhz elə bu tarixi şəxsiyyət  az qala nəvəsi yaşda  qız uşağıyla heç kəsdən, hətta arvad-uşağından belə abır eləmədən yatağa girib  çıxardığı pəstəhanı, durquzduğu oyunu  üstüörtülü şəkildə belə  anlada bilməyəcəm. Bəndənizi məruz tutun. Az da olsa, üzümüzdə abır-həya hələ qalıb.

Tarixi şəxsiyyətlər hansı böyüklükdə missiyanı yerinə yetirmələrindən asılı olmayaraq  heç də həmişə tarixdə  şəxsiyyət ola bilmirlər.

Tarixdə şəxsiyyətlərə gəldikdə isə onlar heç də tarixi şəxsiyyətlərin missiyasının daşıyıcıları deyillər. Əslində onların belə bir niyyətləri də yoxdur. Onlar özləri bütöv bir dünyadırlar və sərhəd tanımırlar. Bu şəxsiyyətlərin bəzisinin qəlb tarixi mənsub olduqları xalqın tarixindən belə zəngindir. Zaman, məkan anlayışları onlar üçün maneə ola bilməz. Heç bir təzyiq onları əzə, hər hansı bir xof onları qorxuda bilməz.

Onların nəinki oturuşu, duruşu, yerişi, hətta ölümləri belə digərlərininkindən fərqlidir. ”Şərəf "ordenli şərəfsizlər, ”Şöhrət” ordenli şöhrətsizlər  ölərkən bir lopa palçıq və ya mal nəcisi kimi lappıltıynan yerə düşdükləri halda, şəxsiyyətlər xan çinarı kimi şaqqıltıynan aşırlar.
Yıxılmırlar,aşırlar.

İlyas müəllimin 80 illik yubileyində Onun haqqında yazmaq istədim. İstədim bildirəm ki, Onunla eyni bir xalqın övladı olmağımdan qürur duyuram. İstədim deyəm ki, Onun varlığında xalqımın ləyaqətli varlığını hiss edirəm. İstədim deyəm ki, nə qədər ki, bu xalqın içərisində Onun özü kimi şəxsiyyətlər artıb, çoxalmayıb  başqa fikrə düşmə haqqı yoxdur. Nuh qədər ömür sürmək gərəkərsə belə bu millətin xətrinə yaşamalıdır.

Allah rəhimlidir inanıram ki, bu yurdu şəxsiyyət sarıdan qısır qoymaz. Və bir də demək istədim ki, çox sağ olun ki, varsınız İlyas müəllim.

İnanın ki, Sizsiz bu xalq çox cılız görsənərdi. 

Söz demək səlahiyyətsizliyimi, miqyasımı, yerimi, çəkimi hiss edən kimi Sizin haqqınızda yazmaq, söz demək fikrindən daşındım.

Böyük şəxsiyyətlərdən yalnız böyük şəxsiyyətlər yaza bilər. İlyas İsmayılov haqda özü səviyyəli şəxsiyyətlər, məsələn;  Əli Vəliyev, İsmayıl Şıxlı, Qambay Məmmədov, Məmməd Xələfov, Abdulla İbrahimov, Xudu Məmmədov, Rafiq Əliyev söz söyləyə bilər.

Mən isə uzaqbaşı Bayram Nurludan, Samiraldodan yaza bilərəm. Xalq da ləzzətlə oxuyar və rahat anlayar. Çünki xalqın ləyağı elə onlaradır. İsa Məsih demişkən, Allahınkın Allaha, qeysərinkin qeysərə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.