Tarixin isterikası... - Xalid Bağırov yazır

Tarixin isterikası... - Xalid Bağırov yazır

24-11-2017 19:28 / Bu xəbər 279 dəfə oxundu

Xalid Bağırov
Hüquqşünas 

Son zamanların tarixi isterikası fonunda mənim tarixə marağım artıb. 

Bu torpaqların tarixi keçmişi ilə mənəvi bağ axtarıram. Bu səbəbdən Azərbaycanın tarixi yerlərini və dini ziyarətgahlarına tez-tez gedirəm. Daşlara toxunuram, onları hiss etməyə çalışıram.
 
Bakı şəhəri öz-özlüyündə Qəsr-qalalarla doludur. Onların başına çıxıram. Divarlara toxunuram, onları inşa etmiş, onların uğrunda döyüşmüş şəxsləri hiss edib anlamaq istəyirəm.

Tarixin yaddaşını təzələməyə, onlar sahiblənmiş şəxslərdən metafizik mesaj almağa cəhd edirəm. Götürək az qala Bakımızın simvoluna çevrilmiş Qız qalasını, nə bilirik onun barəsində, nə vaxt uydurulduğu bəlli olmayan bir əfsanədən başqa?
 
Mən hələ Bakının digər qalalarını demirəm. İnformasiya sıfır...

Onların inşa edildiyi il bir yana, əsri belə müəyyən edə bilməmişik. Sanki bu torpaqdan bir tarix keçib, silinib, sonra biz gəlmişik...

Yaxşı ki sovet dövründə bizim üçün uydurulmuş bir neçə hekayə oldu: Babəklər, Koroğlular və sairə. Biz hələ də tarixi Ənvər Məmmədxanlının yazdığını əsl Babək hekayəsi kimi bilirik. 

İndi böyük əksəriyyətimiz də özünü səfəvi övladı hesab edir. Şah İsmayıl hekayəsini öz hekayəmiz kimi qəbullanmışıq. Görəsən, neçəmiz bilir ki, Şah İsmayılın ata və babalarının ən azı üçünün məzarı Azərbaycandadır (Respublikadadır). 

Şah İsmayılın babası şeyx Cüneyd Qusarın Həzrəsində, Şeyx Səfinin qaynatası Şeyx Zahid isə Lənkəranın Şıxəkəranında uyuyur. Bunlar əl çatan ziyarətgahlardır. Amma biri də olmalı idi, Şah İsmayılın atası Şeyx Heydər. Xızı dağlarında - vaxtı ilə mövcud olmuş Şıxlar kəndində...
 
Uzun axtarışdan sonra həmin kəndi tapa bildim, məqbərəni də, amma şok oldum...

Doğurdan da, bizdə tarix isterikadan başqa bir şey deyil. Tarix adına Azıxantropun etnik kimliyi uğrunda baş yara bilərik. "Bizimdir" deyə bağıra bilərik, onun homo erectus olduğunun fərqinə varmadan... Amma əslində ayğımızın altındakı tarixlə heç bir bağımız yoxdur belə...

Diqqətinizə Şeyx Heydərin unudulmuş məqbərəsini görüntüsünü çatdırıram: