Taxılını biçə bilməyən kəndlilər Ağsu-Kürdəmir yolunu bağlayıb

Taxılını biçə bilməyən kəndlilər Ağsu-Kürdəmir yolunu bağlayıb

01-07-2018 18:02 / Bu xəbər 1562 dəfə oxundu

"Rayonda olan bütün texnika Paşayevlərin əkin sahələrinə yönləndirilib”

İyunun 30-da, axşam saat 8 radələrində Ağsu rayonunun Növcü, Çiyni kənd sakinləri taxıl biçini üçün texnika tapa bilmədiklərinə görə Ağsu-Kürdəmir yolunu bağlayaraq etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları etiraz aksiyasını zorakılıqla dağıdıblar.

"Ağsu Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasovun özü aksiya iştirakçılarını döyərək xəsarət yetirdi. 10-dan çox aksiya iştirakçısı həbs edilib” – deyə adının açıqlanmasını istəməyən aksiyaçılar deyib.

Onların sözlərinə görə, rayon ərazisində böyük əkin sahələri ölkənin hakim ailəsi tərəfindən alınıb:

"Paşayevlər (vitse-prezident Mehriban Əliyevanın ailəsi nəzərdə tutulur - red) Ağsu rayonunda böyük əkin sahələrini sakinlərin alindən alıblar. Buna görə də rayonda olan bütün texnika Paşayevlərin əkin sahələrinə yönləndirilib. Nəticədə kəndlilərin taxılı sahədə məhv olur”.

Ağsu Rayon Polis Şöbəsindən saxlanılanlarla bağlı məlumat vermək istəməyiblər: "DİN-lə əlaqə saxlayın, bizdə məlumat yoxdur”.