Taxta mıxça təcrübəsi

Taxta mıxça təcrübəsi

17-10-2018 01:24 / Bu xəbər 2387 dəfə oxundu

Yalçın İmanov
 
Bir müddət bundan əvvəl Sumqayıtda, keçmiş "Qorotdel”ə, indiki 4-cü polis bölməsinə gedən asfalt yolun bir hissəsində su borusu ya partlaması, ya da köhnəlməsi üzündən sızıntı verməyə başladı. 

Mən hər gün bir neçə dəfə yolun bu hissəsindən keçir, hər dəfə də maraqla bu sosial problemə ətrafda yaşayan insanların və təbii ki, aidiyyəti yerli qurumların münasibətinin nəticəsini gözləyirdim. Günlər həftələrə, həftələr aya keçdi və günlərin bir günü məlum oldu ki, bu balaca sızıntı artıq böyük bir gölməçəyə çevrilib. Elə bir gölməçə ki, yolun hərəkət hissəsini tamamilə tutub və bu maneəni yalnız ziqzaqvari hərəkət trayektoriyası üzrə ötüb keçmək olar. Yenə heç kimin tükü tərpənmədi və beləcə bir neçə gün də keçdi.

Bir gün günorta saatlarına doğru gördüm ki, bir çalovuşlu traktor, əllərində bel olan təxminən beş-altı nəfər həmin yerdə işləyir. Yəni, "Azərsu”nun Sumqayıt şöbəsinin qəza xidməti. Traktor çalovuşunu vurub, sızıntı gələn yerdə böyük bir çala, quyu yaratmışdı. Zədələnmiş borudan yüksək təzyiqlə ətrafa su fışqırır, bir az əvvəl qazılıb, üst-üstə qalaqlanmış torpağı palçığa çevirirdi. İş briqadasının bir üzvü, deyəsən, rəhbəriydi, əlindəki yekə telefonla kiminləsə ucadan, qəliz söyüşlə danışırdı. Qulağıma çatan sözlərdən belə başa düşürdüm ki, o, tez bir zamanda bu lənətəgəlmiş problemi həll eləyib, cəhənnəm olub getmək istəyir. 

Fəhlələrdən biri çalanın içinə düşüb, səylə əlləşir, suyun qabağını kəsmək istəyirdi, digərləri isə acgözlüklə siqaretlərinə qullab vurub, qalın tüstünü ağız və burunlarından çölə buraxırdılar. Beləcə, quyudakı fəhlənin suyla amansız mübarizəsi bir müddət çəkdi və nəhayət ki, əvvəlcədən, taxtadan yonulub hazırlanmış, düzəldilmiş mıxça, - buna el arasında çiv də deyirlər, su borusunun sızıntı verilən yerinə vurulub, suyun qabağı kəsildi. Problem həll olundu və sonra palçığa çevrilmiş torpaqla quyunun üstünü bir balaca örtüb, hamarlamadan çıxıb getdilər. Təbii ki, yolun qazılmış hissəsi və niyəsə qazılmış bütün quyulardan həmişə artıq qalan böyük torpaq kütləsi də eləcə yolun ortasında atılıb qaldı.

Üstündən az bir müddət, bir həftə, bəlkə də on gün keçdi, bu müddətdə, adamlar və maşınlar asfalt yolun ortasında yekə bir ləkə kimi qaralan, quruyub, kələ-kötür olmuş torpaq qalağının böyründən-başından ötüb keçməklə günlərini yola verdilər. Hətta arada post-patrul xidmətinin maşınları bu böyük torpaq qalağı ilə üzləşməmək üçün yol hərəkəti qaydalarını açıq-aşkar pozur, yolun əks hərəkət istiqməti ilə hərəkət edirdilər.

Amma sən saydığını say, gör taxta mıxçayla problem həll eləyən "Azərsu” ASC nə sayır. İki gün bundan əvvəl, yenə həmin yerdən yenidən su sızıntısı gəlməyə başladı. Torpağın üstünə qalxan kiçik su şırnaqları ötən dəfədən atılıb qalmış kələ-kötür torpaq qalağına qarışıb, ətrafı keçilməz, çirkin vəziyyətə saldı. Onsuz da pis gündə olan asfalt tamam əldən düşdü. Vəziyyət elə indi də o cürdü və güman ki, hələ bir xeyli müddət də beləcə davam edəcək.

***

Niyə bunları yazdım? Son günlər bu hakimiyyətin hələ də qalması və ondan hansısa idarəetmə təcrübəsi öyrənilməsi ilə bağlı bir partiya funksionerinin açıqlaması ətrafında müzakirə tozanağı qopub, ya qoparılıb, dəqiq bilmirəm. Rastıma çıxan və eşitdiyim qədərincə hamı bu haqda yazır və danışır. Hərçənd ki, bu şəxsin əksər siyasi fikirləri bir sıra hallarda birmənalı qarşılanmadığından, bəzən lətifə mövzusuna çevrildiyindən onun bu mövqeyinin üstündən də təmkin və sükutla ötüb keçmək olardı. Ancaq görünür bu dəfə çoxmənalılıq və lətifə kriteriyaları aşılıb, keçilib.

Bax, indi, bir müddət əvvəl asfalt yolun ortasında qazılmış dərin quyunun içində təzyiqlə ətrafa fışqıran suyun qabağını almaq istəyən, qan-tərin içində əlləşən, islanıb, əldən-ayaqdan düşmüş fəhləni gözümün qabağına gətirib, səmimi şəkildə düşünürəm: Partiya funksionerimizin bu hakimiyyətdən öyrənmək istədiyi müsbət təcrübə nədir, hansıdır? Adam niyə bir nümunə verməyib ki, daha detallı düşünə bilək? Məsələn, taxta mıxçayla partlamış su borusunu yamamaq, necə deyərlər, təmir eləmək öyrəniləsi təcrübədirmi? Bəs paralel xətləri kəsişdirib, sərnişin avtobusunu yük qatarının yoluna çıxarmaq necə, kara gələrmi? Heç olmasa, 20 dəqiqəlik yağışa dözməyib, bütöv bir şəhərin kanalizasiya sularına qərq olmasını nümunə kimi nəzərdən keçirə bilərikmi?

Mən özüm qəsdən, bilərəkdən sıradan, primitiv sosial problemləri nümunə gətirirəm, elə mövzumuz da budur, yazı da bundan başlayıb, ancaq bu idarəçiliyin başqa hansı sahələri babat, ələ gələsi, misal çəkiləsi, örnək veriləsi gündədir ki? Əlini hara uzadırsan, dibinə qədər zibilin içinə batmırmı? Üzünü hansı səmtə çevirirsən kəskin üfunət qoxumurmu?
Əgər, doğrudan da, öyrəniləsi hansısa təcrübə varsa, məncə, elə bundan- taxta mıxça, ona çiv də deyirlər, başlamaq olar. Lap elə "Azərsu”yla birgə bu mövzuda xudmani bir tədbir, dəyirmi masa da keçirmək olar, məsələn, adı da belə: Minilliyin çağırışı; partlamış su borularının taxta çivlərlə yamanması, çevik təcrübə mübadiləsi.

Razılaşın ki, babat qrant mövzusudur.

***

Daha ciddisi və düşündürücüsü isə başqadır. Antiinsani, bəşəriyyətin bütün sivil dəyərlərinə zidd bir sistemlə - Əliyevlər hakimiyyəti ilə siyasi mübarizənin və onun tarixin qaranlıq arxivinə təhvil verilməsi üçün edilən fədakarlıqların bütün əlamət və təzahürlərinə anadangəlmə, dərin və pataloji nifrət bəsləyən, siyasi təkəbbür və özündənrazılığın stixiyasında vurnuxan, özlərini hamının və hər kəsin fövqünə qoyan, hər addımda hər vasitəylə nəyisə təsdiq etmək istəyən beş-üç adamın siyasi zehniyyəti hansı pünhan ictimai və fərdi komplekslərin nəticəsdir ki?

Mən, Azərbaycanın bugünkü siyasi fikrindən mütəmadi biopsiya nümunələri götürüb, analizə verməyin tərəfdarıyam. Ən azı, bu hakimiyyətin su verən yerlərini taxta mıxçayla, buna el arasında çiv də deyirlər, yamamağa çalışan cəhdlərin şahidi olanda çox da çaşıb, eləməyək...

Yazı müəllifin fikirlərini əks etdirir.

Mənbə: Meydan Tv