Təbliğatın iflası...

Təbliğatın iflası...

03-08-2017 18:23 / Bu xəbər 1289 dəfə oxundu

Samir Kazımlı

Demək olar ki, çox vaxt idmançılarımızın qələbəsini ölkəmiz, xalqımız üçün böyük uğur sayılmasının, şəhid ailələrinə, müharibə veteranlarına, pensiyaçılara, müəllimlərə, həkimlərə və digər peşələrdə çalışan şəxslərə az, idmançılara daha çox diqqət yetirilməsinin, onlara ev, çoxlu pul verilməsinin əleyhinə olmuşam.

İdmançılarımızın qələbəsi uğurdur, amma bu ölkənin deyil, həmin idmançının fərdi uğurudur öncə... Əgər bir idmançı qələbə qazandığı üçün xalqın pulundan ona evlər, maşınlar, çoxlu pullar veriləcəksə, təbii ki, xalq bu qəlbədən heç vaxt xeyir görə bilməz və görmədi də. Bu başqa, geniş yazılası bir mövzudur. Zatən, əvvələr bu haqda dəfələrlə yazılıb, mübahisələr edilib.

İdmançılar həmin evləri, maşınları, pulları alandan sonra sadə vətəndaşları neçə əzmələri də ayrı bir mövzudur. Düzdür, yuxarıda qeyd olunanlar bütün idmançılara şamil edilmir. Vicdanlı, sadə və halal zəhməti ilə yaşayan idmançılarımız da var.

İdmançılarımızın qələbələrinə ona görə ürəkdən sevinə bilməmişəm ki, bu qələbələr və qələbə qazanmış idmançılar pis idarəçilikdən ibarət olan, öz vətəndaşlarının hüquq və azadlıqlarını tapdalayan hakimiyyətin uğur hekayəsi kimi göstəriliblər, təbliğatında istifadə ediliblər.

Hazırkı prezident İlham Əliyev ilk dəfə prezidentliyə namizəd olanda, onun tərəfdarları, təbliğatçıları onun idmana böyük qayğı göstərdiyini deyirdilər. İdman İlham Əliyevin seçki təbliğatında əsas mövzulardan biri idi. 

İlham Əliyev siyasi hakimiyyətə həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsindən gəlmişdi.

İlham Əliiyev prezident seçiləndən sonra da idmançılara diqqət davam etdi, xeyli idman qələbələri oldu, ardınca idmançılara evlər, maşınlar, çoxlu pullar verildi və bundan hakimiyyətin xeyrinə istifadə edildi. Yəni ölkədə yüksək çinli məmurlardan sonra yaxşı yaşayan təbəqə idmançılar idi. Amma sadə vətəndaşlar o qələbələrdən heç bir xeyir görmədi. Əksinə, ziyanlı oldu bəzi hallarda. Çünki xalqa çatacaq evlər, maşınlar, pullar bir qrup idmançıya paylandı.

İndi isə nə baş verir? 

Hər zaman hakimiyyətdən diqqət görən, yaxşı yaşayan, hakimiyyətin təbliğatında iştirak edən idmançılar da narazılıq edirlər. Artıq onlar hakimiyyətdən aralanıb xalqa tərəf gəlirlər, vətəndaşlar kimi onlar da şikayətlənirlər. 

İdmançılar əvvəl hakimiyyətdəkilər kimi yaşayırdılar, indi isə problemlərlə üzləşən sadə vətəndaşlar kimi yaşamağa doğru gedirlər. Səbəb də odur ki, əvvəlki pul yoxdur.
Güləşçilərin aksiyası hələ görünəndir, çox güman ki, hələ səsini çıxartmayan, amma narazı qalan xeyli idmançı da var. 

Bəzi iddialar oldu ki, güləşçilərin aksiyası hansısa oyunun tərkib hissəsidir, ola bilər, olmaya da bilər. Görünən odur ki, hakimiyyətin öyündüyü, onlar üzərində təbliğat qurduğu şəxslər – idmançılar bu hakimiyyətdən, idarəçilikdən narazılıq etməyə başlayıblar.

Deməli, İlham Əliyevin seçki kampaniyasında səsləndirilən və digərlərindən fərqli olaraq verilən vədlərə əməl olunan sahə - idmanda da vəziyyət yaxşı deyil.

Bu onu deməyə əsas verir ki, artıq hakimiyyətdəkilər ancaq özlərini düşünürlər, təbliğatları üçün lazım olan sahələrə, adamlara əlavə pul xərcləmək istəmirlər. Ya indi buna pulları, ya da təbliğatlarında istifadə etdikləri adamlara ehtiyacları yoxdur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.