“Təbrizin 40-dan sonra məni döyüb uşaqlarımla çölə atdılar” – Şəhid pilotun xanımı

“Təbrizin 40-dan sonra məni döyüb uşaqlarımla çölə atdılar” – Şəhid pilotun xanımı

08-01-2020 17:45 / Bu xəbər 1821 dəfə oxundu

"Normal evdən heç bir gəlin çıxıb getməz. Konkret olaraq mənə gəlincə, Təbrizin 40 mərasimindən sonra məni döyüb övladlarımla çölə atıblar”. 

Bu sözləri Yenisabah.az-a şəhid pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadə qayınanası Tovuz Musayevanın ittihamlarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, qayınanası ona böhtan atır və bu yeni məsələ deyil. "4 il əvvəl də bu söhbətlər ortaya atılmışdı. Mən bu barədə danışmaq istəmirdim. Amma deməyə məcburam. Hələ Təbriz sağ olanda da bizimlə yola getmirdi. İldə iki dəfə evdən qovulurduq. Təbrizin 40 mərasimindən sonra da məni döyüb uşaqlarımla çölə atdılar. Hətta anamı da döyüblər”, - deyə Pərişan Musazadə vurğulayıb.

Onun sözlərinə görə, evdən qovulduqdan sonra N saylı hərbi hissənin şəhərciyində Təbriz Musazadəyə verilən müvəqqəti  evə köçüblər: "Məndə açar yox idi. Çünki əlimdən almışdılar. Təbrizin hərbçi dostları sağ olsunlar. Onlar kömək etdilər. Balkondan keçib qapını açdılar və biz mənzilə daxil olduq. Orda bir ay yaşayandan Prezidentin sərəncamı ilə bizə verilən evə köçmək qərarına gəldim. 

Neftçilərdə yerləşən həmin evə getdim, lakin bəlli oldu ki, müqavilə qayınatamla bağlanıb. Sən demə, Təbrizin 7-dən sonra gedib deyib ki, gəlinin vəziyyəti pisdir məni yollayıb ki, evi adıma keçirəsiniz. Halbuki belə şey olmayıb. Mənim adımdan yalan danışaraq evi ələ keçirmək istəyiblər.

Onlar da inanıb müqaviləni qayınatamla bağlayıblar. Mən bunun qanunsuz olduğunu bildirdim. Çünki Prezidentin sərəncamında evin Təbriz Musazadənin ailəsinə, uşaqlarına verildiyi qeyd olunub. Mənə bildirdilər ki, o zaman qayınatan imtina ərizəsi yazsın. Xəbər göndərdilər, amma qayınatam gəlmədi. Dedi o evi verməyəcəyəm. Bu işi məhkəmə yolu ilə həll etdik. Müqavilə yeniləndi, mən həmin sənədlə çıxarış da aldım. 

Bundan sonra qayınatam gəlib deyib ki, imtina ərizəsi yaza bilərəm. Ona deyiblər ki, artıq çıxarış da alınıb ehtiyac yoxdur. Amma o bildirib ki, həyat yoldaşı tərəfinin adamları həmin evi mənim əlimdən ala bilərlər. Ona görə də ərizə yazıb imza atıb. Bu sənəd də indiyə qədər durur. 

Amma uşaqlarımın nənəsi deyir ki, guya mən evi onların əlindən almışam. Zatən o ev mənə və övladlarıma verilmişdi”.

Şəhidin xanımı şəxsi həyatı barədə deyilənləri iyrənc iftira adlandırıb. "Mənim adıma söz çıxarırlar. Daha bir komandir, polkovnik qalmayıb ki, adımı onunla hallandırmasınlar. Adam da nəvələrinin anasına bu cür iyrənc iftira atar?

İddia edirlər ki, guya Təbrizlə bir yerdə oxumuş, dostluq münasibətləri olan Mehdi Əsədullayevin ailəsini dağıtmışam. Onun keçmiş həyat yoldaşı Sevinc xanım və özü bu məsələlər aydınlıq gətirib. Hər ikisi bildirib ki, onların ayrılmasında mənim hər hansı bir rolum yoxdur. Bu, sadəcə, iftiradır, bu cür iftiralar atmaq ayıbdır. İnsanların şəxsi həyatlarına, məhrəmlərinə toxunmaq, böhtan atmaq ayıb işdir”, - deyə Pərişan Musazadə bildirib. 

Şəhidin xanımı əlavə edib ki, dəfələrlə qarşı tərəfin təzyiq və təhdidlərinə məruz qalıb: "Təhsil mərkəzi açmışdıq. Onun qarşısında təhdidlər, bıçaqlar... Ayıbdır e bunları danışmaq. Amma məcbur edirlər. Sonda məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Təhlükəsizliyimlə bağlı müvafiq polis orqanına tapşırıqlar verilib”.

Pərişan Musazadə hesab edir ki, ona qarşı bu kampaniya parlament seçkilərində iştirakı ilə bağlı ola bilər. 

Məlumat üçün deyək ki, şəhidin xanımı 36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb. O, bundan əvvəl bələdiyyə seçkilərinə qatılmışdı.

Yenisabah.az