"Təhsil icbaridirsə, niyə əlilliyi olan uşaqların hüquqları gözardı edilir?"

12-08-2019 22:05 / Bu xəbər 1497 dəfə oxundu

Murad Məmmədov 1990-cı ildə Bakı şəhərində anadan olub. 

15 yaşına qədər sümüklərindəki kalsium çatışmazlığı və "natamam ostiogenez” diaqnozu səbəbilə ilə gəzə bilməyib.
 
Dediyinə görə, bu müddət ərzində yalnız evdə iməkləyərək hərəkət edib.
 
Həkimlər diaqnoz qoyublar ki, heç vaxt gəzə bilməyəcək
 
Həkimlər ona "heç bir zaman gəzə bilməyəcək” kimi diaqnoz qoysalar da, sonradan əksi baş verib.
 
Belə ki, 15 yaşında heç bir tibbi müdaxilə olmadan, güclü iradəsi və ev şəraitində etdiyi bəzi məşqlər sayəsində çəliklərin (qoltuq ağacı) köməkliyi ilə gəzməyə başlayıb.

2010-cı ildən etibarən əlillik mövzusu üzrə ekspert kimi fəaliyyət göstərir. 

2013-cü ildən Azərbaycan Respublikasını və gəncliyini sosial və xüsusən də əlillik mövzusu üzrə xarici dövlətlərdə keçirilən konfrans və seminarlarda təmsil edir.
 
"Əlillərə "yazıqdırlar”, "xəstədirlər”, "möhtacdırlar” tipli yanaşma var"

Murad Məmmədov Arqument.Az-a deyir ki, fiziki məhdudiyyətli şəxs kimi onu narahat edən ən böyük problem cəmiyyətin əlilliyə və əlilliyi olan şəxslərə qarşı münasibəti, ümumiyyətlə, əlilliklə bağlı düşüncələri və bu düşüncələrdən yaranan davranışlarıdır. 

Əlilliyi olan şəxslərə qarşı sosial yox, yalnızca tibbi yanaşmanın olması, yəni onlara qarşı "yazıqdırlar”, "xəstədirlər”, "möhtacdırlar” tipli yanaşma onun şikayətçi olduğu mövzulardandır. 

Bu cür düşüncələrdən də bir çox stereotiplər əmələ gəlir, hansı ki həmin stereotiplər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına böyük zərbədir. 

O, daxil olduğu sosial layihələr vasitəsilə insanların maariflənməsi, əlliyi olan şəxslərə qarşı münasibətin dəyişməsi, inklüziv əməkdaşlıq nəticəsində onların sosial həyatlarının bərpası ilə bağlı məsələlərdə əlindən gələni etdiyini deyir. 

Murad həmçinin əlilliyi olan şəxslərin təhsil problemlərinə də toxunur. 
 
"Azərbaycanda ibtidai təhsil icbaridirsə, niyə əlilliyi olan uşaqlar unudulur?"

O deyir ki, kiçik yaşlarından yerimə qabiliyyətini itirdiyindən məktəbə getmək imkanından məhrum olub: "Buna səbəb əlilliyi olan şəxslər üçün yetərli infrastrukturun olmaması, həmçinin məktəblərdə əlilliyi olan şagirdlərin təhsil alması üçün kifayət qədər imkanların yaradılmaması olub". 

Murad Məmmədov bu məsələdə dövlət müəssisələrinin də onlara biganə yanaşdığını vurğulayır:  "Əgər Azərbaycanda ibtidai təhsil icbaridirsə, o zaman niyə əlilliyi olan uşaqlar unudulur və ya nə səbəblə onların təhsil hüquqları gözardı edilir? Mənim kimi fiziki məhdudiyyətli yüzlərlə uşaq dövlət dəstəyi olmadığından ibtidai təhsil haqqından məhrum olub. Halbuki dövlət, təhsil qurumları bizlər üçün xüsusi layihələr hazırlaya, ən azından ev şəraitində təhsil almağımız üçün müəyyən tədbirlər görə bilərdi”. 

Oxuma-yazmanı heç kimin köməyi olmadan öz-özünə öyrəndiyini deyən Murad ilk orta təhsilinə 4 il əvvəl distant şəkildə, birbaşa 8-ci sinfə daxil olmaqla nail olub. 
 
"Distant təhsilin mənfi tərəfi əlilləri asosiallaşdırmasıdır"

Onun sözlərinə görə, distant təhsilin müsbət tərəflərindən biri məhdudiyyətli şəxslərə təhsil imkanı yaratmaqdırsa, mənfi tərəfi isə onları asosiallaşdırmaqdır: "Məlumdur ki, təhsil müəssisələrinin-məktəblərin vəzifəsi şagirdlərə sadəcə təhsil imkanı yaratmaq deyil, həm də onların sosiallaşmaq, cəmiyyətə inteqrasiya şanslarının artırılmasında bilavasitə iştirak etməkdir". 

Muradın fikrincə, artıq inklüziv təhsil sadəcə pilot layihə olaraq qalmamalı, bu metod bütün məktəblərdə tətbiq olunmalı və bu sayədə həm sağlam, həm də fiziki məhdudiyyətli şəxslər birgə təhsil, birgə əməkdaşlıq hüquqlarına sahib olmalıdırlar. 
 
O, səfər etdiyi xarici ölkələrdə fiziki məhdudiyyətli şəxslər üçün yaradılan şəraiti misal gətirərək qeyd edir ki, bizim ölkəmizdə də məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş transport xidmətləri, infrastruktur, təhsil imkanları, onların inkluziv layihələrə cəlb olunmaları, sosial proektlərdə iştirakını təmin edən proqramların olması gerçəkləşməsini ən çox arzuladığı məsələlərdəndir. 

Bununla yanaşı, Murad yeni qəbul olunmuş qanuna əsasən I qrup əlillərin təhsil haqqının dövlət tərəfindən ödənilməsi qərarını yüksək qiymətləndirir. 

O hesab edir ki, bu qərar əlilliyi olan şəxslərin gələcəkdə daha yeni uğurlara cığır açacağına imkan yaradacaq.

Aydan Mərdanzadə