Təhsil qarşısında bərabərlik və monopoliya

Təhsil  qarşısında bərabərlik və monopoliya

13-01-2017 11:41 / Bu xəbər 3927 dəfə oxundu

Nabatəli Qulamoğlu

Bu günlərdə çox hörmət bəslədiyim bir şəxsin - Arif Məmmədovun  Azərbaycan təhsilinin perspektivinə dair fikirıəri diqqətimi cəlb etdi(http://www.contact.az/docs/2017/Want%20to%20Say/010700179676ru.htm?77#.WHdJPFOLTDc   ). Düzü, bu insanın içindəki haqq səsinə görə ona opponentlik etməyi etik saymıram. Bununla belə,  heç kəsin  savadı və dünyagörüşü sərhədsiz deyil. İnsafən, Arif müəllim ziyalılığa nümunə ola bilən bir şəxsdir, nadir poliqlotdur,amma  söylədiyim üstünlüklərin  heç biri onun hər sahənin bilicisi olmasına qarantiya vermir. 

Mətləbə keçək. Arif bəy yazır: ”Ümumtəhsil məktəbləri dövlət tərəfindən Millii fondun büdcəsi vasitəsilə maliyyələşməlidir. Azərbaycanın bütün vətəndaşları bərabər təhsil hüququna malik olmalıdır”.

Sual doğur: məgər belə deyil? Əlbəttə, belədir. Fərqi nədir, hansı fonddan maliyyələşsin, əsas budur ki, təhsilin haqqını dövlət ödəyir. Təhsilimizin bəlası da bundadır. Dövlət tərəfindən maliyyələşmə təhsilalanın maraqlarını təmin etmir, bu da dövlət sektorunun monopoliyasıdır. Digər sektorların varlığı bir faiz də deyil. Bələdiyyə sektoru ümumiyyətlə yoxdur, halbuki  nəzəri olaraq mövcuddur. Monopoliya təkcə dövlət sektorunun mütləq üstünlüyü ilə bitmir, o, barmaqla sayıla bilən özəl sektorun fəaliyyətini də heçə endirir, çünki 5-10 özəl məktəbin hər biri hakimiyyətdə rəhbər vəzifə tutmuş şxslərə bağlıdır və o şəxslər də imkan vermirlər ki, bazara digər oyunçular daxil olsun. Məhz bu yolla onlar yüksək təhsil haqqını təhsilalanlara diqtə etmiş olurlar. 

Qaldı 2-ci cümləyə, "bərabərlik” analyışına çox ehtiyatla yanaşmağın tərəfindəyəm. SSRİ-nin tərkibində olanda da bərabərlik idi, amma az qala acımızdan ölürdük. Niyə? Çünki bacarıqlı insanların əl- qolunu bağlamışdılar. Onları məcbur edirdilər ki, yarımçıq əmək  sərf etməklə  kifayətlənsinlər, yoxsa "kulaklaşa” bilərlər. Bir sözlə, qabiliyyət sahiblərini seçim imkanından məhrum etmişdilər. 

Azərbaycan vətəndaşlarının təhsil qarşısında bərabərlik hüququnu təmin etmək üçün məhz onların seçim imkanını genişləndirmək lazımdır. Seçim yoxdursa, bərabərlik də yoxdur. Əgər valideyn övladını məcburiyyət qarşısında qalaraq dövlət məktəblərinə oxumağa göndərirsə, deməli, alternativ təhsil  yoxdur və burada təhsil azadlığından, təhsilin bərabərliyindən danışmağa dəyməz. İkinci şərt: əgər dövlət, özəl və bələdiyyə sektorları arasında bərabərlik yoxdursa, deməli, valideynin etdiyi  seçim yanlış ola bilər. 

Yeri gəlmişkən, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda  (maddə 16.1) da dövlət sektorunun  digər iki sektordan üstünlüyü təsbit edilmişdir, yəni  özəl təhsil müəssisələrinə verilən lisenziyanın müddəti 3 il müddətinə nəzərdə tutulmasına  baxmayaraq, bu müddət dövlət təhsil müəssisələri üçün daimidir. Bu həm də bizim Konstitusiyamıza ziddir. Belə ərköyünlük  dövlət təhsil müəssisələrini məsuliyyətsizliyə sövq edir.

Təhsili həyata keçirən sektorların bərabərliyi  heç də onların say bərabərliyi kimi  düşünülməməlidir. İlk növbədə qanun qarşısında bərabərlik nəzərdə tutulmalıdır. Digər tərəfdən, sektorlar arasında bərabər start vəziyyəti yaradılmalıdır. Bundan sonra isə inteqrasiya prosesi, təbii ki, bərabərlik anlayına son qoyacaq, yəni güclülər mövcudluğunu təsdiq edəcək, zəiflər isə təhsil bazarını tərk etmək məcburiyyətində qalacaqlar. Bu yanaşma həyatın qanunlarına söykənir. Təəssüf ki, iqtisadiyyatımızda da bu qızıl qayda pozulur. Belə ki, müxtəlif işbazlar daxili istehsalı qorumaq adı altında yerli istehsalın monopoliasını təmin edir və nəticədə bazar keyfiyyətsiz məhsullarla dolur. 

Təhsilin dövlət tərəfindən maliyyələşməsi birmənalıdır. Söhbət ondan gedir ki, maliyyəni yönəltmək səlahiyyəti kimə verilsin? Təhsil orqanlarına, yoxsa təhsilalanların qanuni nümayəndəsinə? Sizcə, təhsilin həyata keçməsində hansı daha çox maraqlıdır? Daha bir sual: hansının maraqları daha konkretdir? Suallara verilən bütün  doğru cavabları yekunlaşdırsaq, belə bir nəticəyə gəlmiş olarıq: təhsilə dövlət tərəfindən ayrılan maliyyə valideynlər tərəfindən qeyri- nağd yolla onların lazım bildiyi məktəbin hesabına yönəlməlidir.

Daha bir vacib məsələ. Arif müəllim Azərbaycan təhsilinin köklü islahatını Finlandiya modelində görür ki,  ən böyük yanlışlıq da bundadır. Ona görə yox ki Finlandiya təhsili pisdir və zamanın tələbinə uyğun deyil, ona görə ki, Finlandiaya sosial ökədir, burada yüksək səviyyəli vətəndaş cəmiyyəti mövcuddur. Bütün müəssisə və təşkilatlar vətəndaş cəmiyyətinun ciddi nəzarəti altındadır. Adi bir misal: Finlandiyada məktəblilərin böyük əksəriyyətindən "korrupsiya” sözünün mənasını soruşsan, bilməyəcək, çünki belə halla rastlaşmayıblar. Məhz buna görədir ki, Finlandiya korrupsiyanın səviyyəsinə görə dünyada ən hörmətli ölkə sayılır, amma bizim məktəblilər birbaşa korrupsiyanın içindədirlər. Əgər Arif müəllim Azərbaycan üçün Sinqapur modelini əsas götürərək milli təhsil konsepsiyasını hazırlamağı məsləhət bilsəydi, təbii, etiraz etməzdik, çünki Sinqapurun yaxın keçmişi ilə bugünkü Azərbaycanın oxşarlıqları çoxdur. 1959-1990- cı illərdə Sinqapurun lideri olmuş Li Kuan Yu islahatdan əvvəlki dövrü belə xarakterizə edirdi:”Korrupsiya asiya həyat tərzinin məziyyəti idi. İnsanlar bəxşişləri açıq şəkildə qəbul edirdilər. Bu, onların həyatının bir hissəsinə çevrilmişdi”.

Məncə, iki ölkə arasında bundan yaxşı oxşarlıq tapmaq çətindir.   

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.