Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

21-05-2020 01:27 / Bu xəbər 1124 dəfə oxundu

"Tələbələr həm ödənişi etməkdə acizdirlər, həm də keçirilməyən dərslərə görə niyə ödəniş etməli olduqlarını anlamırlar. Biz də buna görə ödənişin ləğvini və dərslər keçirilmədiyi üçün imtahanların ləğvini tələb edirik”, - Bakı Dövlət Universitetinin II kurs tələbəsi, gənc fəal Rüstəm İsmayılbəyli söyləyir. 

O, "Facebook” sosial şəbəkəsində tələbələr arasında tanınan "Tələbə tələbi” səhifəsinin admindir.  

"Tələbə tələbi” təhsil ödənişinin və imtahanların ləğvi ilə bağlı müraciətini iyunun 1-də Təhsil Nazirliyinə  çatdırmaq niyyətindədir.

 "Bu nə etiraz aksiyasıdır, nə də piket”, - R.İsmayılbəyli deyir. O, bu zaman bir çox tələbələrin də orda olacağını vurğulayır.   

"Bu məsələlərlə bağlı ən əvvəldən bəri hər şeyi həll edən qurum, mərkəz Təhsil Nazirliyidir. Sözügedən problemləri universitet rəhbərliklərinə tək-tək çatdırmaqdansa onları birləşdirib əsas hədəfə yönəltməyi uyğun bilirik”.

Onun sözlərinə görə tələbələr pandemiya ucbatından onlayn qaydada keçirilən dərslərin keyfiyyətsizliyindən narazıdırlar və buna baxmayaraq təhsil haqlarının istənilməsindən şikayətcidirlər. 
 
"Pandemiyaya görə martda universitetlər bağlandı və aprel ayından etibarən yalnız mühazirələrin onlayn tədrisinə başlanıldı. Bu dərslər həm texniki cəhətdən bütün tələbələr üçün əlçatan deyil, həm də hətta əlçatan olsa belə, normalda keçirilən dərslərin yalnız kiçik və əhəmiyyətsiz bir hissəsindən ibarət idi. Eyni zamanda karantin dövründə iqtisadiyyatın dayanması, xüsusilə də, tələbələrin əksəriyyətinin işlədiyi xidmət sektorunun çökməsi semestr ödənişini etməyi çətinləşdirib”.

R.İsmayılbəyli deyir ki, bütün bunlara baxmayaraq, təhsil naziri mətbuat konfransında imtahanların keçiriləcəyini və semestrin bağlanacağını açıqlayıb. 

"Bu da ödənişli təhsil alan tələbələrin ödənişi etmək məcburiyyətini yaradır. Tələbələrsə həm ödənişi etməkdə acizdirlər, həm də keçirilməyən dərslərə görə niyə ödəniş etməli olduqlarını anlamırlar. Biz də buna görə ödənişin ləğvini, həm də dərslər keçirilmədiyi üçün imtahanların ləğvini tələb edirik”. 

Rüstəm İsmayılbəyliyə hələlik təhsil alığı Bakı Dövlət Universitetindən belə tələb gəlməsə də, yaxın günlərdə təhsil haqqının istəniləcəyini güman edir. 

"BDU-da ödənişlər, əsasən, imtahanlardan əvvəl tələb olunduğu üçün hələ ciddi bir xəbərdarlıq eşitməmişəm. Ancaq bir çox universitetdə artıq xəbərdarlıq edilir və Bakı Dövlət Universiteti də bunu etməyəcəyini deməyib”. 

Toplum TV məsələ ilə əlaqədar Bakı Dövlət Universiteti ilə əlaqə saxlayıb. BDU-dan bildiriblər ki, təhsil haqları ilə bağlı qərar yoxdur. 
"Univeristet olaraq təhsil haqları ilə bağlı tələbələrə müraciət etməmişik. Bu haqda iyunun 5-də Elmi Şuranın toplantısında yekun qərar qəbul ediləcək. Qərarı ictimaiyyətə və tələbələrə o zaman bildirəcəyik”.

Universitetin mətbuat xidmətindən bunu da qeyd edirlər ki, təhsil haqqı ilə bağlı bəzi tələbələrə güzəştlər oluna bilər. 

Toplum TV başqa ali məktəblərdən bununla bağlı açıqlama ala bilməyib. 
 
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə hesab edir ki, sözügedən tələblərlə bağlı universtetlərə müraciət edilməlidir: "Bununla bağlı Təhsil Nazirliyi hər hansı bir qərar verməyib. Bu haqda ümumiyyətlə universitetlərlə əlaqə saxlanılmalıdır. Təhsil haqları mövzusunda universitetlərin üzərinə düşən missiya var və bu məsələləri universitetlər müəyyənləşdirir”.

Baş nazirin apreldə imzaladığı qərara görə Azərbaycanda koronavirusa görə bəzi tələbələrin təhsil haqqı dövlət büdcəsindən xərcləri ödəniləcək. Qərar ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid  ailələrin üzvü olan tələbələrə aiddir.

Qərarda həmçinin deyilir ki, bu təhsil haqqı xərci ali təhsil müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsil alana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilməlidir.

Zülfiyyə Quliyeva