''Tələbələri səs vermək üçün dərsə çağırmışıq''

''Tələbələri səs vermək üçün dərsə çağırmışıq''

10-04-2018 18:22 / Bu xəbər 2847 dəfə oxundu

Akif Qurbanov: ''Onlar əmək və seçki qanunvericiliklərini pozurlar''

"Əmək və Sosial Münasibətlər Akademiyasında tələbələrə tapşırıblar ki, ayın 11-də hamı dərsə gəlsin. Gəlməyən qayıb alacaq, imtahanda problem yaradılacaq”.

Bu barədə Meydan TV-yə akademiyanın adının açıqlanmasını istəməyən tələbələri məlumat veriblər.

11 aprel növbədənkənar prezident seçkiləri günüdür və ölkədə qeyri-iş günü hesab olunur. Bəs o zaman Əmək və Sosial Münasibətlər Akademiyasında (ƏSMA) tələbələr niyə dərsə gəlməyə məcbur edilir?

Meydan TV əməkdaşı suala cavab tapmaq üçün akademiyaya məxsus (+994) 012 563 13 07 nömrəli telefonla əlaqə saxlayıb. Dəstəyi qaldıran xanım kimliyini açıqlamaq istəməyib. O, "hər kəs nahardadır. Mən də təsadüfən keçirdim, dəstəyi götürdüm”- desə də, sualı belə cavablandırıb:

"Siz necə jurnalistsiz ki, televizora baxmırsız, deyilənləri izləmirsiz? Məgər bilmirsiz ki, hər bir tələbə gedib oxuduğu məktəbdə səs verməlidir? Biz də bu məqsədlə tələbələri dərsə çağırmışıq”.

MSK-nin sabiq üzvü Akif Qurbanov Meydan TV-yə deyib ki, səsvermə günü rəsmi olaraq qeyri-iş günüdür, nəticə də dərs günü deyil. Belə halda tələbələr məktəbə getməməlidir. Səsvermə hüquq olduğundan Konstitusiyaya əsasən məcburi xarakter daşımır. Vətəndaşı səsverməyə məcbur etmək Seçki Məcəlləsinə görə məsuliyyət yaradır. Bu parametrlər üzrə universitet, yaxud orta məktəb rəhbərliyi həmin davranışı sərgiləyirsə, onlar əmək və seçki qanunvericiliklərini pozurlar.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.

MSK prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib - hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.