“Təqaüdüm kirayəhaqqını belə qarşılamır”

“Təqaüdüm kirayəhaqqını belə qarşılamır”

19-05-2019 16:49 / Bu xəbər 805 dəfə oxundu

"110 manat təqaüd alıram, 100 manat kirayəhaqqı ödəyirəm. Hələ kitablara pul xərcləməyimi demirəm”. 

4 ildir Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan Fuad Fərəcoğlu Toplum.tv-yə belə deyir.

21 yaşlı tələbə həm də montajçı və ideoqraf işləyir. İşini sevməyinə rəğmən aldığı məvacibdən bir o qədər də razı olmayan Fuad Fərəcoğlu özünün timsalında tələbələrin yaşadıqları çətinliklərdən danışır. 

Deyir ki, bəzən məcbur olub ailəsindən kömək istəyir və günlərlə bunun sıxıntısını yaşayır: "Universitetin mənə verdiyi təqaüd hər il artırılır, amma artırılmış vəziyyətdə belə tələbənin ehtiyaclarını qarşılayacaq səviyyədə deyil. Bilmirəm kirayə pulumu ödəyim, yoxsa kitablarımı alım”. 

Universitetin onu yetəri qədər kitabla təmin etmədiyindən gileylənən Fuad Fərəcoğlu deyir ki, heç olmasa ödənişli əsəsla təhsil alan, ildə azı 1800 manat ödəniş edən tələbəyə pulsuz kitab verilməlidir: "Məcbursan ya pul verib kitab alasan, ya da kitabların surətini çıxarasan. Üstəlik, təhsil sistemi də tələbənin ödədiyi məbləğin qarşılığını tam mənasıyla vermir”.

 "Valideynlərim fikirləşirdi ki, nüfuzlu universitetin verdiyi təhsil də keyfiyyətli olacaq”

 Fuadın jurnalist ixtisası üzrə təhsil almasını daha çox valideynləri arzulayıb: "Universitet gözləntilərimi qismən qarşıladı. Təhsil aldığım fakültə mənə az şey qazandırmadı. Burada olmaqdan peşman olduğumu deyə bilmərəm, amma daha yaxşısı da ola bilərdi”. 

Tələbəlik həyatını aktiv keçirən Fuad məsləhət görür ki, gənclər özləri özlərinin müəllimi olsunlar. Yaxşı olar ki, elə tələbəlik illərindən öz üzərlərində işləsinlər. Yoxsa universiteti bitirib ortada qalmaq təhlükəsi böyükdür: "Təəssüf ki, universitetlərimiz təhsil verib kənara çəkilirlər. Necə təcrübə qazanacaqsan, necə işləyəcəksən, bu, artıq sənə qalıb. Gərək özün özünə gün ağlayasan”.

"Təcrübənin adı var, özü yoxdur”

Fuad deyir ki, onlara "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” adlı fənn tədris olunub. Lakin fənnin təcrübə hissəsindən əsər-əlamət görməyiblər: "Jurnalistika xüsusi təcrübə tələb edən ixtisasdır. Fakültədə bu mənada balans heç olmasa 50-50-yə olmalıdır. Universitetin studiyasını çıxmaq şərtilə fənlərin əksəriyyəti nəzəri tətbiq edilir”.

"Heyif ki, o müəllimlərin dərslərində oturdum”

Tələbə bu illərdə ona dərs keçən müəllimlərdən çox şey öyrəndiyini deyir: "4 il əvvəlki Fuadla bugünkü Fuad arasında yerlə göy qədər fərq var. Ancaq vaxt itkisi hesab etdiyim kifayət qədər dərs vardı. Həmin fənləri ya çox qoca olduğu üçün tədris qabiliyyətini itirmiş müəllimlər, ya da təcrübəsi olmayanlar tədris edirdi. O müəllimlərin dərslərində itirdiyim vaxta heyfim gəlirdi”. 

Universiteti bitirib dərhal pedoqoji fəaliyyətlə məşğul olan təcrübəsiz müəllimlərin tələbəyə heç nə qazandıra bilməyəcəyini deyən gənc bunun təhsil sistemindəki boşluqla əlaqələndirir.

"Çox iş tələb edib, az əməkhaqqı verirlər”

Fuad deyir ki, bu gün işə götürənlər daha çox qadınlara üstünlük verirlər. Çünki qadınlarla işləmək onlar üçün rahatdır: "Düşünürlər ki, qadın az əməkhaqqıya qane ola bilər. O, ya valideynlərilə, ya da əri ilə yaşayır. Deməli, qadın az məvaciblə dolana bilər. Bu cür əmək bölgüsü düzgün deyil. Tək yaşayan, ailəsinin yükünü tək daşıyan qadınlar az deyil. Fərqi yoxdur. Bu, istənilən halda cinsi diskriminasiya sayılır”.

Hələlik potensialına uyğun məvacib aldığını deyən tələbə bildirir ki, bu, onun ilk işi olduğu üçün aldığı maaşla razılaşmaqdan başqa yolu yoxdur: "Amma işimi də sevirəm”.

"4 il özünü ağıllı apar”

"Rəhbərlər, müəllimlər istəyirlər ki, tələbə dərsini oxusun və ağıllı olsun. Ağıllı tələbə həmin tələbəyə deyirlər ki, o, çox danışmasın, müəllimlərin fikirlərinə qarşı əks arqumentlər səsləndirməsin, üzüyola olsun. Bu xüsusiyyətləri özündə birləşdir və sevimli tələbə ol”, - Fuad deyir. 

"Əşi, uşaqdır”

Sonda isə Fuad Fərəcoğlu işləyən bir tələbə olaraq həm müəllimlərdən, həm də universitet rəhbərlərindən xahiş edir ki, tələbələrə qarşı diqqətli olsunlar və empatiya qurmağa çalışsınlar: "Əşi, uşaqdır deməyin. Çünki uşağın da fikirləri dəyərlidir”.

Ayşən Hüseynova