Tereza ana müqəddəs idimi?

Tereza ana müqəddəs idimi?

16-10-2018 13:21 / Bu xəbər 2393 dəfə oxundu

Alya Yaqublu

"Orda 15 yaşlı bir oğlan uşağı vardı. Əvvəlcə böyrəkləri yüngülvari ağrımağa başladı, sonra get-gedə gücləndi. Antibiotik vermədilər deyə iş təcili əməliyyat zərurətinə qədər böyüdü. Onlara dedim ki, taksi çağırıb oğlanı xəstəxanaya göndərmək və heç də bahalı olmayan o əməliyyatın pulunu ödəmək lazımdır. Razılaşmadılar, dedilər ki, ona etsək, başqaları da istəyəcək”.

- Meri Loudon, Tereza ananın "Ölüm evində” çalışmış könüllü.

*****

Bütün dünyanın tanıdığı, 1,2 milyard adamın müqəddəs hesab etdiyi, həyatının əhəmiyyətli hissəsi kameralar önündə keçmiş biri haqqında niyə "bütün miflərin anası” deyilsin ki? İnsanlara fəda edilmiş ömür, dürlü-dürlü təltiflər, dünya liderlərinin böyük sayğı və dəstəyi - ideal bioqrafiya başqa nə cür olur ki?

"Qəllap” ("Gallup”) təşkilatının kişilər və qadınlar arasında keçirdiyi illik sorğularda 18 dəfə 10 ən yaxşı qadından biri seçilən, 1999-cu ildə 20-ci əsrin ən sayğılı adamları siyahısında birinci olan, daha əvvəl "humanitar işlərinə” və "mənəvi ruhlandırma fəaliyyətinə” görə (1979) Nobel sülh mükafatı da almış şəxsi dünya, əlbəttə ki, ideal biri kimi qəbul edirdi. Təbii, bu alqının yaranmasında Roma-katolik kilsəsinin böyük əməyi vardı, Vatikan öz sevimli yetirməsini ölən gününə qədər (elə ondan sonra da) ən yüksək səviyyədə himayə etmişdi.

Amma bəzən hətta çox böyük güclər də tarixi öz istədikləri kimi şəkilləndirə bilmirlər, faktların boz üzü difirambaların gur səsini zəiflədir, təkzibedilməz həqiqət deyə bir şey qalmır.

Kəlküttəli müqəddəs Tereza da bu "qismətdən” qaça bilmədi. Onun dillər əzbəri fəaliyyətini təftiş edənlər oldu. Kilsənin bu qadın vasitəsilə milyardlar qazanması iddiasına qədər gedib çıxan araşdırmalar ortaya fərqli mənzərə çıxardı.

"Allah yoxdur"

"Tereza ana - ömrünün bir ilini vəyhlər, qalan 50 ilini şübhələr içində keçirən qadın”.

"İl Messeqqero” ("İl Messeggero”), Roma, 2007

"Genetik olaraq albanam, vətəndaş olaraq hindistanlıyam, fəaliyyətimə görə bütün dünyaya aidəm. Ürəyimə gəlincə, o, ancaq və ancaq İususa aiddir”. Özüylə bağlı suala Tereza ana bir dəfə belə cavab vermişdi.

Ümumiyyətlə, o, gördüyü işlər haqqında danışmağı, həm də bəlağətli danışmağı xoşlayıb. Bir dəfə kimsə ondan soruşanda ki, pulu və səlahiyyəti olmayan insanlar dünyanı necə yaxşılaşdıra bilərlər, Tereza ana cavabında "Daha çox gülümsəməklə” deyib və bir xeyli adam bu cavaba heyran olub.

"Siz kasıblara öz talelərilə barışmağı öyrədirsinizmis sualına verdiyi cavab da maraqlıdır: "Mən düşünürəm ki, kasıbların əzabı dünyaya çox kömək edir”.

Hərçənd bu mənada Tereza ana özü dünyaya kömək etməyənlər düşərgəsindəydi, bütün məşhurlar kimi xeyli təmtəraqlı həyat yaşayırdı - il-on iki ay getdiyi xarici səfərlərə fərqli şirkətlərin ona ayırdığı şəxsi təyyarələrdə (həm də havayı) uçur, Avropa və Amerikanın ən dəbdəbəli otellərinin ən bahalı nömrələrində qalırdı.

Kasıb çoxluğun diqqətini çəkməyən və ya fərqində olmuş olsa belə, məşhur avropalının üzünə vurmağa cəsarət etmədiyi bu ziddiyyət ilk baxışda bəsit ikili standart təəssüratı bağışlayır, əslində isə vəziyyət daha qəliz olub.

Ölümündən sonra Kəlküttə katolikləri Tereza ananın gündəliklərini tapıblar və məlum olub ki, onun publik imici gerçək kimliyindən xeyli dərəcədə fərqliymiş. Məsələn, ordakı çoxsaylı etiraflardan biri beləymiş: "Mənə deyirlər ki, allah səni sevir, amma içimdəki qaranlıq, soyuq və təklik o qədər böyükdür ki, heç nə ürəyimi tərpətmir. Hiss edirəm ki, ona lazım deyiləm. Allah allah deyil. Ümumiyyətlə, o yoxdur”.

"Qönçə necə Tereza ana oldu?"

Tereza ana 26 avqust 1910-cu ildə, Osmanlı imperiyasının Üsküp (indiki Makedoniya Respublikasının paytaxtı Skopye) şəhərində doğulub, gerçək adı Anezə Qondce Boyaciudur ("qondze” albanca qönçə deməkdir). Bir bacısı olub, alban milliyyətçisi olan atası, o, 8 yaşındaykən serblərlə silahlı toqquşma zamanı öldürülüb. Anezə 12 yaşında missionerlərin Benqaldakı fəaliyyəti haqqında eşidib, çox təsirlənib və Hindistanda missioner olmaq qərarına gəlib, məzunları "Loreto bacıları” adlandırılan Müqəddəs Məryəm ana İnstitutunda ingilis dili öyrənmək üçün 18 yaşında İrlandiyaya gedib. Həmin tarixdən sonra anası və bacısıyla görüşməyib. 1929-cu ildə Hindistana köçüb, 2 il monastrda təhsil alıb, benqal dilini öyrənib (Anezə 5 dildə sərbəst danışa bilib – ingilis, benqal, alban, serb və hindi dillərində), Müqəddəs Tereza məktəbində dərs deyib. 1931-ci ildə and içərək üzərinə dini öhdəliklər götürüb, missionerlərin qoruyucusu sayılan Tereza de Lizyönün şərəfinə onun adıyla çağırılmasını istəyib.

1937-ci ildə təhsil aldığı Loreto monastırında təntənəli andiçmə mərhələsindən keçib, 1944-cü ildə oranın müdiri təyin edilib.

1946-cı ildə Tereza İsa peyğəmbərin ona göründüyünü və monastırı tərk edib, sari geyinib, ən kasıb və ən bədbəxt adamlara köməyə getməyi əmr etdiyini deyib (Sonrakı illərdə o, allahla 5 yaşından etibarən, mütəmadi olaraq görüşdüyünü bildirib). 

Bu "tapşırıqdan” iki il sonra Tereza ana missionerlik fəaliyyətinə başlayıb, Hindistan pasportu alaraq Müqəddəs Ailə xəstəxanasında bir neçə aylıq ilkin tibbi hazırlıq təcrübəsi keçib. Amma yoxsullara xidmət sahəsinə keçməmiş Kəlküttədə məktəb açıb və beləliklə də, həm "kasıblar arasında ən kasıblara” kömək edən yeni dini icmanın, həm də öz karyerasının əsasını qoyub. Başqa sözlə, kasıblar üçün çalışmağa başlamazdan əvvəl özünə "gün ağlayıb”.

1950-ci ildə (növbəti iki ildən sonra) Tereza ana daha iddialı layihə düşünüb - yeparxiya yığıncağı yaratmaq üçün Vatikandan icazə alıb və katolik dini icmasını yaradıb (Son məlumata görə (2012), indi bu icmanın 4500-ə qəfər üzvü var və o, 133 ölkədə fəaliyyət göstərir. İcma AİDS, cüzam və vərəmə yoluxmuş xəstələr üçün nəzərdə tutulmuş "ölüm evləri”nə, dispanserlərə, mobil klinikalara, uşaq və ailə məsləhətxanalarına, uşaq evlərinə və məktəblərə malikdir. İcma üzvləri bəkarət, itaət və yoxsulluq andı içirlər).

Daha iki il keçəndən sonra, o, Kəlküttə məmurlarının köməyilə köhnə induist məbədində "Təmiz ürək” adını verdiyi ilk sığınacağını açıb, ölüm ayağında olanları həmin sığınacağa qəbul edib, onlara minimum tibbi yardım almaq və "ləyaqətlə ölmək” imkanı yaradıb, hesab edib ki, ölümcül vəziyyətdə olan kasıblar "bu dünyada heyvan kimi yaşayıb o dünyaya mələk kimi getmək şansı qazanırlar. Onlar üçün, bu, çox gözəl ölümdür”.

Haşiyə: O dövrün ən nüfuzlu tibb jurnalı olan "Lanset”in baş redakroru doktor Robin Foks 1994-cü ildə "Ölüm evi”nin fəaliyyətini araşdırıb və xəstələrə keyfiyyətsiz xidmət faktlarını aşkar edərək jurnalda Tereza ananı kəskin tənqid edib.

1955-ci ildə Tereza ana yetim və evsiz gənclər üçün "Günahsız ürək evi” yaradıb. Sonra yeni gələnlər və ianələr hesabına sığınacaqların və uşaq evlərinin sayını artırıb.

Haşiyə: Donald Mak-İntayran 2005-ci ildə "De Nyu Steytsmən” ("The New Statesman”) qəzetində çap etdirdiyi məqalədə uşaqlar evindəki biabırçı vəziyyəti sərt tənqid atəşinə tutub, orda körpələrin xəstəsi-sağlamı qarışıq hamısının böyük bir çarpayıya yerləşdirilidiyini, nisbətən böyük olanlarınsa əl-qolu bağlı halda saxlandığını yazıb.

Fəaliyyətini dünya miqyasında genişləndirmək üçün Tereza ana başqa ölkələrdə icmanın filiallarını yaratmağa başlayıb – 1965-ci ildə Venesuelada, 1968-də İtaliya, Tanzaniya və Avstriyada, 1970-lərdə ABŞ-da və Afrika, Asiya və Avropanın onlarla ölkəsində sığınacaq evləri və fondlar açıb (1996-cı ildə, o, artıq 100-dən çox ölkədə 517 missiyaya rəhbərlik edirdi).

1963-cü ildə yaranmış xeyriyyəçi qardaşlar missionerlərinin xahişilə 1983-cü ildə Tereza ana rahiblər üçün Korpus-Kristi Hərəkatını yaradıb. Bu vəsiləylə 1991-ci ildə, nəhayət, Albaniyaya gedib və orda xeyriyyəçi qardaşlar missionerliyinin əsasını qoyub (Onda Tereza ana atasının öldürülməsini artıq serblərə bağışlamışdımı, məlum deyil. Amma doğulduğu şəhəri darmadağın etmiş, mindən çox insanın ölümünə səbəb olmuş zəlzələ zamanı (1963) həmyerlilərinə maliyyə yardımından imtina etməsi bilinən faktdır).

Möcüzə göstərməsi faktının mübahisəli olmasına rəğmən Tereza ana 2016-cı ildə Roma-katolik kilsəsi tərəfindən müqəddəs elan edilib. Bir il sonra isə ona Kəlküttə arxiyepiskopluğunun həmqoruyucusu (müqəddəs Fransisk Ksavyerlə ortaq) statusu verilib.

Haşiyə: Tereza ananın Hindistandakı fəaliyyətini bir neçə il araşdırmış doktor Apur Çatterci Vatikanın 1997-ci ildə başladıb 2003-də müsbət rəylə bitirdiyi birinci beatifikasiya (müqəddəs elan etmə prosesində son pillə) prosesini "möhvumat dolu qara magiya mərasimi” adlandırmışdı. Bu prosesdə "şeytanın vəkili” (birini müqəddəs elan etməyə mane olacaq bütün mümkün arqumentləri toplayan və komitəyə təqdim edən şəxs) qismində iştirak edən Çatterci Tereza ananın şəkli olan medalyonun Monika Besstranın qarnındakı şişi yox etməsi iddiasının yalan olduğunu demiş, qadının həkimi Ranjan Mustafi isə "De Taym” ("The Time”) qəzetinə müsahibəsində Monikanın 9 aylıq dərman müalicəsi sayəsində sağaldığını bildirmişdi. Monikanın əri əvvəl möcüzə faktını təsdiqləsə də, sonradan (bəzi mülahizələr görə, arvadıyla dalaşdığı üçün) o da şişin müalicə sayəsində əridiyini etiraf etmişdi.

Monika isə missioner Betta bacının xəstəxanaya gedib onun xəstəlik tarixçəsini oğurladığını, qaytarması üçün Betta bacıya müraciət etdiyini və xahişinin nəticəsiz qaldığını söyləmişdi. Amma bunların heç biri beatifikasiya komitəsini fikrindən döndərə bilməmiş, həm bu, həm də eyni dərəcədə şübhəli görünən ikinci möcüzə faktının (beynində bir neçə şiş olan bir kişinin Tereza anaya dua etməklə sağalmasının) təsdiqindən (2008-2013) 3 il sonra papa Frensis Romanın Müqəddəs Pyotr meydanında, onminlərlə insanın qarşısında Vatikanın yeni "mübarəkinin” kəlküttəli müqəddəs Tereza olduğunu açıqlamışdı. (Özünün "Tereza ana: danışılmamış tarix” (2002) kitabında Çatterci bu məsələni geniş işıqlandırıb - beatifikasiya komitəsinə ərizəsi və postulator (təşəbbüs qrupu tərəfindən müqəddəsliyə namizədin rəsmi nümayəndəsi təyin edilən şəxs) Brayan Kolodeyçukla sual-cavab rejimində keçmiş yazışmasının stenoqramını da təqdim edərək).

Tereza ananın təbliğ etdiyi məsələlər:

- Ağrı allaha gedən ən qısa yoldur;
- əzab dünyanı gözəlləşdirir;
- kasıblıq gözəldir, onu sevmək lazımdır;
- abort allaha qarşı çıxmaqdır və qadağan edilməlidir;
- AİDS və digər cinsi xəstəliklər allah tərəfindən göndərilən cəzadır və haqq edənlər bu cəzanı çəksinlər deyə kontraseptik (qoruyucu) vasitələr qadağan olunmalıdır;

Ona verilən mükafatlar:

1962 – "Möhtəşəm lotos” ordeni (Hindistan), Nobel mükafatının Asiya variantı olan Ramon Maqsaysay sülh mükafatı;
1971 – "Xeyirxah samariyalı” və "Kennedi” mükafatları (ABŞ), papa XXIII İoann adına Vatikan sülh mükafatı (İtaliya);
1972 – Cavahirləl Nehru adına Beynəlxalq Anlaşma mükafatı;
1973 – Templton mükafatı;
1974 – ilahiyyat magistrı dərəcəsi;
1975 – Albert Şvayser adına beynəlxalq mükafat, Hindistan üzrə bütün nəqliyyat vasitələrinə pulsuz bilet (İndira Qandi tərəfindən şəxsən təqdim edilib);
1977 – Kembric universitetinin ilahiyyat doktoru dərəcəsi;
1979 – Nobel sülh mükafatı;
1982 – Brüssel katolik universitetinin doktorluq dərəcəsi;
1996 – ABŞ-ın fəxri vətəndaşı (ona qədər ancaq üç nəfərə verilmişdi);
1997 - Konqresin qızıl medalı (ABŞ-ın ən böyük mükafatı), Oksford Universitetinin fəxri ilahiyyat doktoru.

Ardı var

Yazı müəllifin fikirlərini əks etdirir.

Meydan TV