Tərkedilməm

Tərkedilməm

17-02-2017 15:01 / Bu xəbər 1679 dəfə oxundu

Gülər Rasim
 
Hələ çox böyüməmişdim "5 mərtəbəli evin 6-cı mərtəbəsi" əsərinə çəkilmiş "Təhminə və Zaur" filmini yarımçıq izləyəndə. Tam izləməmişdim ilk dəfə. Zaurun anası qışqıranda sevgi adlı ölməz hissə beynimdə bir xələl gəlməsin deyə, kanalı çevirirdim. Onun "olmaz"larını eşitmək istəmirdim, Zaur kimi. Hə, Zaur da istəmirdi. Amma sonda eşitdi və əməl etdi.

Hələ uşaq idim, hələ sevməmişdim, sevginin dadını bilmirdim. Amma Təhminəyə sevgisi üçün dözdüyünə görə haqq verirdim.

Anamdan soruşmuşdum: nədir "5 mərtəbəli evin 6-cı mərtəbəsi"nin mənası? Yola vermədi məni bir çox valideynlər kimi, başa saldı əsərin adının mənasını. Əsərin adını məktəbdə kitabxanada eşitmişdim. Yadımdadır, çəkinə-çəkinə deyirdilər adını, hətta yaşı 50-ni ötmüş böyüklər də.

Bir neçə gün sonra bizim televiziyaların birində filmi verirdilər. Film başlayanda anamın üzünə baxdım. Mənə "baxma, sənin yaşına uyğun deyil" söyləyəcəkmi deyə. Bir neçə gün öncə haqqında məlumat vermişdi deyəmi, ya mənim nə anlayacağımı bilmək üçünmü, bilmirəm, "O gün sən soruşduğun əsərə çəkilən film budur" dedi və məni onu izləməyə yönəltdi o qəribə baxışı ilə.

Oturub izlədim filmi. Zaurun sevgisi üçün ailəsinə qarşı çıxdığı, Təhminəni görmək üçün iki günlük də olsa Leninqrada qaçdığı, anasının "Yox olmaz, el-aləm nə deyər?!"lərinə fikir vermədən öz sevgisinin arxasınca getdiyi səhnələri izləyəndə, sevgisi üçün el-aləm düşünməyən, sevginin ən ali hiss olduğunu dərk edən, sevgisinə sahib çıxan kişi varmış deyə düşündüm. 

Bunları görmək xoş idi mənə. Sevməmişdim hələ, amma sevginin uğruna ölünə biləcək ülvi hiss olduğunu dərslərdə keçdiyimiz əsərlər də deyirdi. Kitabxanada böyüklər bu hissə həsr olunan əsərdən danışmağa utansa da.

Sevgisinin arxasınca gedən kişi – qırıldı burdakı bütün müsbət düşüncələrin zənciri.

Filmin sonlarına baxmadım. Bir neçə gün sonra anamdan soruşdum sonunu. Üzüntülü danışdı mənimlə film haqqında. Bəlkə də filmin sonuna rəğmən mənim inandığım ali hiss ölməsin deyə, Zaurun günahsız olduğuna inandırmağa çalışırdı məni anam. Zəmanənin üstünə atırdı günahı. Mənim üçün sevginin aliliyi anlayışını mənfiyə dönməsin istəmirdi, yəqin ki.

Niyə filmi sonacan izləmədim? Filmin sonlarına kimi Zaurun Təhminə ilə evlənə biləcək gücündə olan sevgisinə inanırdım. Kişinin belə tez qırıla biləcəyinə inanmamışdı o uşaq qəlbim. Amma qırıldı Zaur. Onun üçün ölümə gedən Təhminəyə sahib çıxa bilmədi. Qırıldı. Deməli, sevgisi tam deyilmiş. "Sevirəm"i bədəni deyirmiş, qəlbi yox.

Zaur Təhminəni tərk edib gedir...

Təhminə isə sevgisi üçün, Zaur üçün intihar edir.

Filmin sonunu anam danışdı mənə. Sevginin bu qədər ali hiss olduğunu özü də bilmədən çox yeritmişdi beynimə, o filmi anlatma tərziylə. Həm də sevgisi üçün intihar edən bir qadını anlatmışdı üzüntü ilə.

İndi anam, bəlkə də, bu hadisəni xatırlamaz. Amma illər sonra qızının bu ali hisslə bu qədər ağır sınağa çəkilə biləcəyini düşünmədiyi, sevginin o balaca qızı da Təhminə kimi məhv edə biləcəyini düşünmədən, elə uşaq ikən bu hissin aliliyini ona çox gözəl, səmimi izah etdiyi üçün indi özünü dünyanın ən pis anası bilər, bəlkə də, o qadın.

Rasim də məni tərk etdi, tək qoydu məni. Mən Təhminə kimi şanslı olub içki ilə, siqaretlə özümü öldürə bilmədim. Təhminənin həyatında özündən başqa düşünməli olduğu heç kimi yox idi. Sağ olsa da, "üzülər, dərd çəkər” deyə düşünəcəyi Zauru da yox idi. Amma mənim həyatımda, yanımdan keçənlərin üstümə hopmuş siqaretinin qoxusunun da dərdini çəkənlərim var. 

Artıq mən iki ailənin həm Rasimi, həm də Güləriyəm. Dostlar, qohumlar məni görəndə Rasimi xatırlayır. Ən çox da Rasiməm. Çünki artıq mənim öz ailəm də məni  daha çox Rasim kimi görür.

Rasim məni istəmədən tərk etdi – onun Zaurdan ən böyük fərqi budur. Bizim mərtəbəmiz, hekayəmiz fərqlidir - mənə YAŞAMAQ MƏCBURİYYƏTLİ BÖYÜK SEVGİ qaldı ondan.
 
Toplum.Tv