Təsisçilik sahibarlıqdırmı? - Hafiz Babalı

Təsisçilik sahibarlıqdırmı? - Hafiz Babalı

23-06-2019 12:41 / Bu xəbər 336 dəfə oxundu

Hüquqşünas məndən soruşur ki, şirkətdə təsisçi olmaq, xüsusən dövlət qulluğunda çalışan şəxsə münasibətdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deməkdirmi. 

Cavab həmişə birmənalı olaraq təsdiqedici deyil. Əgər həmin şəxsin şirkətdə qərarvermə və qərarın qəbul edilməsinin qarşısını alma hüquqları varsa, icra orqanı onun idarəetməsi əsasında fəaliyyət göstərirsə, bu zaman bu növ təsisçilik faktiki sahibkarlıq fəaliyyəti hesab olunur. 

Amma ola bilər ki, təsisçi(lər) müstəqil şəxslərdən ibarət Müşahidə Şurası yaratsın və idarəetməni ona həvalə etsin. Və ya idarəetmə başqa bir şirkətə tapşırılsın. Yox əgər o (təsisçi) minoritardırsa, yəni az paya sahib olmaqla qərarların qəbul olunamasına təsir edə bilmirsə və ən əlçatan hüququ şirkətin mənfəətindən dividend əldə etməkdirsə, o zaman bu passiv sahibkarlıq sayılmalıdır. 

Təsisçinin sahibkarlıqla məşğul olmasını qanunla qadağan edən əyani nümunə: Cavid Qurbanov 2009-cu ildə Daşkəsəndə 3 ortaqla "Kant" MMC təsis edib. 

O dövrdə C. Qurbanov "Azəryolservis" QSC-nin prezidenti idi. Ortaqların ən azı biri (Xaqani Kazımov) onun tabeliyində işləyirdi. Ola bilsin ki, "Kant" MMC yol təmiri və ya tikintisi sahəsində yox, məsələn, təhsil sahəsində fəaliyyət göstərib və "Azəryolservis" ASC-nin vəsaitlərindən istifadə etmə riski yaratmayıb. 

Amma məsələ burasındadır ki, bu növ biznesdə iştirak payçını sahibkar statusuna yüksəldir (kapitalın əldə olunmasında, onun istifadə edilməsində iştirak, sahibkarlıq faəliyyəti sahələrini seçməkdə iştirakçılıq və s.) və nəticədə C. Qurbanov "Azəryolservis" ASC-nin idarəçiliyinə ayıracağı vaxtın, enerjinin bir hissəsini öz biznesi üçün yararlanmağa məcbur olacaq.
 
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.