Tibb bacısı: ""Direktora təcili həkim çağıraq" dedim, dedi ki, həkimləri özü çağıracaq"

Tibb bacısı:

27-09-2019 18:10 / Bu xəbər 863 dəfə oxundu

Sentyabrın 27-də Səbail rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Elina Hacıyevanın işi üzrə məhkəmə prosesi davam etdirilib.

Şahid qismində ifadə verən 162 saylı orta məktəbin tibb bacısı Ləman Nuriyeva bildirib ki, hadisə günü, aprelin 4-də poliklinikaya gedirdi.

"Mənə zəng vurub yoldan qaytardılar. Məlumat verdilər ki, belə hadisə baş verib. Mən direktorun otağına girəndə Elina divanda uzanmışdı. Açıq yara görmədim, təzyiqi ölçdüm, 70-60 idi, dedim ki, Təcili Tibbi Yardımı çağırmaq lazımdır. Otaqda olan direktor, onun müavini və müəllimlər susdu, əhəmiyyət vermədilər. 15-20 dəqiqədən sonda təzyiq 60-50-yə düşmüşdü, 40-a doğru gedirdi, bədəni soyumağa başlamışdı. Bunun daxili qanaxma ilə bağlı olmasından şübhələndim, yenə təcili tibbi yardımın çağrılmasının lazım olduğunu dedim. Lakin direktor Sevinc Abbasova mənə otaqdan çıxmağımı, öz kabinetindən çölə çıxmamağımı tapşırdı, dedi ki, həkimləri özü çağıracaq. Yenə məni çağıranda otaqda artıq polislər və Xalidə Bayramova var idi. Yenə təzyiqi ölçdüm, aşağı idi, 5-10 dəqiqədən sonra təcili yardım gəldi".

Tibb bacısı qeyd etdi ki, Elina ona heç nə hiss etmədiyini dedi, lakin huşu başında idi. "Mənə dedilər ki, Elina dərman içib. Özü dedi ki, Ketatifen içmişəm, qədərini bilmirdi. Direktor mənə təcili yardım çağırmağa icazə vermədi".

Elina Hacıyevanın Ramin adlı dostu bildirib ki, dekabrdan fevrala qədər iki ay münasibətləri olub. İnstagram sosial şəbəkəsi vasitəsilə tanış olublar. "Elina deyirdi ki, onu məktəbdə incidirlər. Direktor və müavininə bu barədə məlumat verib, amma heç bir tədbir görülməyib".

Proses oktyabrın 2-də şahidlərin ifadələri ilə davam edəcək.
 
Turan İA