“Tikinti şirkətindən dedilər ki, Bakı meriyası 200 min manat istəyir...” - FOTOLAR

“Tikinti şirkətindən dedilər ki, Bakı meriyası 200 min manat istəyir...” - FOTOLAR

30-11-2015 03:11 / Bu xəbər 1097 dəfə oxundu

Bakının Yasamal rayonu, Yeni Yasamal-1 massivi, Əsəd Əhmədov küçəsi, 22 A ünvanında yaşayan sakinlər artıq 7 ildir ki, yaşadıqları binaya qaz verilməsinə nail ola bilmir.

Üstəlik, sakinlərin əziyyət çəkdiyi problem təkcə bu da deyil. İşıq və su pulunun ödənilməsi, qeydiyyata düşmək və binanın ətrafındakı zibillik də onları narahat edən məsələlərdir. Onlar virtualaz.org saytının redaksiyasına müraciət edərək bu problemlərin ictimailəşdirilməsini xahiş edib.

Virtualaz.org saytının reportyorları da şəraitlə yerində tanış olmaq üçün həmin ünvana baş çəkib.

"Arabaçı” MTK tərəfindən inşa olunan, 500 ailə üçün nəzərdə tutulan 6 bloklu, 16 mərtəbəli bina 2008-ci ildən istifadəyə verilib.


Bina sakinlərindən biri Nahid Qasımzadənin sözlərinə görə, hazırda burada 465 ailə yaşayır, amma problemlərlə savaşa-savaşa: "Həyətdə hələ binanın tikintisindən yükqaldıranlar və digər avadanlıqlar da qalıb, gəlib yığışdıran yoxdur. Uşaqların əli-ayağı dəyir, maşınını saxlamaq istəyənlərin maşını əzilir. Amma əsas çətinliyimiz qaz problemidir. Biz bir çox dövlət qurumlarına müraciət etmişik, amma hələ cavab almamışıq.

Bina 2008-ci ildə "Arabaçı” MTK tərəfindən tikilib, onlara da müraciət edirik. Deyirlər ki, gedin kimə istəyirsiniz şikayət edin. Şirkət binada və həyətdə heç bir abadlıq işi aparmayıb. Hətta həyəti də özümüz pul yığıb asfaltlamışıq.


Binaya qaz boruları çəkilib, camaatdan 500 manatdan pul yığıb qaz sayğacı da quraşdırıblar, amma qaz yoxdur. MTK-ya deyəndə şirkətdən belə cavab verirlər ki, Bakı Şəhər İcra Hakimiyyəti buna görə bizdən 200 min manat tələb edir. Biz də şirkətin bu iddiası ilə bağlı meriyaya getdik. BŞİH-dən isə bizə dedilər ki, şirkət yalan danışır, MTK-dan heç kim pul istəməyib. Görünən budur: MTK camaatı BŞİH-in adı ilə aldadır ki, pul yığın, qaz olacaq”.


N.Qasımzadə onu da vurğulayır ki, MTK-nın öz tikdiyi binanı tam hazır hala gətirməməsi binaya qaz verilişini ləngidən əsas səbəbdir: "Bloklar təmir olunmayıb, bina yanğından mühafizə üçün hazır vəziyyətə gətirilməyib. Ona görə də FHN binaya qaz çəkməyə icazə vermir. Günah əlbəttə ki, tikinti şirkətindədir.

"Azəriqaz” İstehsalat Birliyinə də müraciət etmişik. Deyirlər onlar da istəyər ki, 465 abonentləri artsın, amma binaya qaz vermək üçün əvvəlcə müayinə aktı alınmalıdır. Bir sözlə, MTK müxtəlif dövlət qurumlarının addından danışaraq sakinləri aldadır”.


Sakinlər deyir ki, qaz məsələsi ilə yanaşı daha bir vacib problemləri var - binanın ətrafındakı natəmiz vəziyyət: "Yaxınlıqda tullantılar üçün yer ayrılmaması ucbatından binanın ətrafı zibilliyə çevrilib. Həndəvər narkomanların məkanına çevrilir. Binanın ətrafı şprislə doludur”.


Vəziyyətdən çıxış yolunu məhkəməyə müraciət etməkdə görən sakinlər bununla da heç nəyə nail ola bilməyib.

Onlar Yasamal Rayon Məhkəməsinə müraciət edərək MTK-nın təsisçisi Sakit Murtuz oğlu Məmmədovdan şikayət etsələr də buna laqeyd yanaışılıb: "Məhkəmənin hakimi Zəfər Quliyev bizə zəng vurub dedi bəs, "Arabaçı” MTK-nın nümayəndələri mənim yanıma gəldilər, müddət aldılar ki, qısa vaxtda problem həll olunacaq. Həmin vaxt gətirib sayğaclar quraşdırdılar, biz də düşündük ki, artıq irəliləyiş var, məsələ həll olacaq, amma heç nə olmadı. Sonra da nə qədər çalışsaq da Zəfər Quliyevlə əlaqə saxlaya bilmədik”.


Binanın problemləri bununla da bitmir. Sakinlər deyir ki, onların işıq-su problemi də var: "Heç birimizin öz sayğacımızdan xəbərimiz yoxdur ki, aylıq borclarımızın nə qədər olduğunu bilək. Bizə "Azərişıq”dan bildiriş gəlmir ki, borcumuzu özümüz bilək. MTK nümayəndələri gəlib deyir ki, filan qədər borcun var, ödəməlisən, ödəməsən - işıq da, su da kəsiləcək. İşığa görə hər ay azı 200 manat ödəyirik. Elə ailə var ki, 300 manat ödəyir. Qısası, öz evimizdə sanki kirayədəki kimi yaşayırıq. Hər ay kommunal xidmət üçün 20 manat ödəyirik. MTK deyir ki, onun 10 manatı su puludur. Bu isə həddən artıq çoxdur, hətta "moyka”lara da bu qədər aylıq su pulu borcu gəlmir”.


Bina sakinlərini təmsil edən Nahid Qasımzadə deyir ki, sayğaclar qoyulan yer qıfıllanıb, heç kim nəinki öz sayğacına baxa bilmir, hətta heç dəqiq bilmirlər kimin evinin sayğacı hansıdır: "Ona görə şübhələnirik ki, yəqin sərf etdiyimiz elektrik enerjisindən daha artıq pul ödəyirik. Bizi narahat edən şeylər təkcə bunlar da deyil. Daha bir problemimiz də qeydiyyat məsələsidir. Belə ki, binada yaşayanların əksəriyyəti polis idarəsində qeydiyyatdadır. Sənədləşmə işi olmadığından qeydiyyata düşə bilmirik. Ona görə seçkilərdə də iştirak etmək mümkün olmur”.


Sakinlərin ittiham dolu bu dediklərinə münasibət öyrənmək üçün MTK-nın elə binanın həyətində yerləşən ofisinə baş çəkdik. Lakin orada suallarımızı ünvanlayacaq heç kəsi tapa bilmədik.

Otaqda əyləşən şəxs isə MTK nümayəndəsi olmadığını bildirdi. Bəs burada niyə əyləşdiyini soruşanda isə "Şəxsi mülkümdür, oturmuşam” deməklə kifayətləndi. Sonra da otaqdan çıxdı, maşınına əyləşib uzaqlaşdı.

Sakinlərdən isə öyrəndik ki, həmin adam onlardan hər ay işıq pulu yığan MTK nümayəndəsidir.

Sonda qazla bağlı daha bir maraqlı məqam haqda. Binanın zirzəmisində təzəcə fəaliyyətə başlayan gözəllik salonuna qonşu binadan qaz çəkilməsinə icazə verilsə də bu binanın problemini həll edən yoxdur. Bunun səbəbini isə hamıdan yaxşı yəqin ki, maşının minib suallardan qaçan şəxs bilər...

Arqument.Az