"Tofiq Həsənlinin ürəyi ağrıyır, müalicə etmirlər" - Vəkil

25-09-2017 18:20 / Bu xəbər 1063 dəfə oxundu

"Həbsdəki satirik-şair Tofiq Həsənlinin səhhətində problemlər var”.

Bunu AzadlıqRadiosu-na onun vəkili Elçin Sadıqov deyib.

Vəkil ötən həftə sonu 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan satiriklə görüşüb.

"Tofiq Həsənlinin səhhətində problemlər var. O, kəskin ağrılardan əziyyət çəkir. Ürək nahiyəsində kəskin ağrıları var. Eyni zamanda əlləri və ayaqları tez-tez qıc olur”, – vəkil bildirib.

Onun sözlərinə görə, T.Həsənlinin müalicə və müayinə edilməsindən ötrü gərəkli qurumlara müraciət edilib.

"Amma təəssüflər olsun ki, indiyədək bu istiqamətdə heç bir addım atılmayıb”, – deyə vəkil vurğulayıb.

Vəkil T.Həsənlinin mənəvi cəhətdən möhkəm olduğunu da qeyd edib.

Vəkilin bu açıqlamasına hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Satirik şairi Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. 

Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də O, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli "Facebook” və "Youtube” hesablarında satiralarını yaymağa davam edib. 

2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.