Tofiq Qasımov - uğursuzluğun anatomiyası - II yazı

Tofiq Qasımov - uğursuzluğun anatomiyası - II yazı

08-02-2020 02:51 / Bu xəbər 1942 dəfə oxundu

Xaliq Bahadır

II hissə 

Yazının birinci bölümündə "savaş gedən ölkə” dedim. Onu diplomatik görəv baxımından yanaşmaqla dedim. Ə.Vəzirov dönəmində olduğu kimi, A.Mütəllibov dönəmində olduğu kimi, Ə.Elçibəyin prezidentliyi dönəmində də (sonralar dədə-bala Əliyevlər dönəmində olduğu kimi) belə çox deyilsə də, savaş bütün ölkədə deyil, yalnız döyüş bölgələrində gedirdi. AXC hakimiyəti özündən qabaqkı hakimiyətlər kimi Qarabağ uğrunda savaşı bütün ölkənin, bütün dövlətin savaşına çevirmədi, çevirə bilmədi, yaxından-uzaqdan kimlərsə belə bir savaşın baş tutmasının qarşısını almağadək getdilər.

T.Qasımov öz işində idi, hamının yaxşı tanıdığı tək kostyumda yorulmaq bilmədən yaxın-uzaq bütün dünyanı dolaşır, Azərbaycanın torpaq bütünlüyü hüququnu BMT başda olmaqla dünya gündəminə daşıyırdı. Bu yorulmaq bilməyən etkili - effektli çalışmalara görə çox keçmədi 192 BMT dövlətindən 138-i Azərbaycanın torpaq bütünlüyünü tanıdı, BMT bu yöndə dörd qərar çıxardı. Aradan illər keçmiş, neft milyardlarının gəlhagəl çağlarında, əliyevlərin "uğurlu neft-qaz strategiyasının” Fatma-Tükəzbanların dilindən düşmədiyi dönəmdə, 2008-ci ildə, 192 BMT dövlətindən vur-tut 37-si Azərbaycanın torpaq bütünlüyünə səs verdi! Bu, neft diplomatiyası üzərində qurulmuş Əliyevlər hakimiyətinin Azərbaycan diplomatiyasını darmadağın duruma gətirib çıxarması demək idi...

Xalqını, Ölkəsini, Dövlətini bütün varlığı ilə sevən Tofiq Qasımov yamanlamalarla tutulub türməyə salınmış, türmədə işkəncələrə uğradılmış, dünyanın demokratik güclərinin yaxından yardımı ilə qaçılmaz ölümdən qurtularaq Avropaya aparılmışdı: yorulmaz çalışmalarla, canını qoymaqla Azərbaycanın torpaq bütünlüyünə BMT-də 138 səs qazandırmış Tofiq Qasımov!

Prezident Elçibəyin, eləcə də hakimiyətdə başlıca söz yiyəsi olan İsa Qəmbər, Pənah Hüseynov, Arif Hacılı qruplaşmasının görəv borcu qanunçuluğa üstünlük qazandırmaqla dövləti, dövlətçiliyi gücləndirmək idi. Ancaq prezident Elçibəy başda olmaqla onların biri də görəv borcunu yerinə yetirmirdi: ölkəni durmadan qanunsuzluq, hərki-hərkilik, özbaşınalıq bürüyürdü. İş o yerə çatmışdı İ.Qəmbər hakimiyətin ən çalışqan, ən dəyərli adamı olan Tofiq Qasımovun parlamentdə çıxışını yasaqlamışdı. Başqa çağlar bir yana, yeni qurulan, üstəlik savaş içində olan dövlətdə Dış işlər baxanının hesabat xarakterli çıxışlarını yasaqlamaq gerçəkdən dünyada analoqu olmayan görsəniş idi. İstər-istəməz sual yaranır: prezident hara baxırdı? Ortada prezidentin baxdığı aydın görünən bir fakt vardı: o, çoxlarının yaxşı tanıdığı, bir çox baxımlardan yarıtmaz birisi olan xalası oğlu Mircəlalı Tofiq Qasımova birinci yardımçı (müavin) qoymuşdu. Ən azı çağına görə T.Qasımovun bütün yardımçıları say-seçmə kadrlar olmalı idi.

O çağlar ölkədə bir başlıca televiziya vardı: AzTV. Mənsə o televiziyada İnformasiya studiyasının direktoru idim. Prinsipcə, "klassik” AzTV yetkililərindən deyildim, qanunçuluq başda olmaqla, işdə, gerçəkləşdirilən prinsiplərdə demokratiya yolu tutmuş biriydim. Arı-duruluğu, prinsipiallığı, Azərbaycan yolunda yorulmaz çalışqanlığı ilə seçilən Tofiq Qasımov yüksək dəyərləndirdiyim, böyük sayğıyla yanaşdığım kimsə idi. Yalnız Dış ilər baxanı olduğuna görə deyil, bir çox seçkinliklərinə görə də Tofiq bəy üçün başında durduğum studiyanın qapıları taybatay açıq idi. Sözsüz, Tofiq bəy mənim ona yüksək sayğım olduğunu bilməmiş deyildi.

93-cü il mənim üçün çox pis başlamışdı: kəskin təpkilərlə üzləşmişdim, durmadan sıxışdırılırdım. Təpkinin, sıxışdırmanın başlıca nədəni 92-ci il dekabrın 30-da güc qurumlarının başçıları ilə birgə çıxdığım birbaşa efirdən bunu deməyim olmuşdu: "Tezliklə KQB arxivləri açılmasa, Ali sovet buraxılmasa, bizim hakimiyətimizi yıxacaqlar”. Çıxış elə verilişin gedişindəcə kəskin, çarpaz reaksiyalar doğurmuşdu. Elə bil arı pətəyinə toxunulmuşdu. Çox keçmədən İ.Qəmbərin Ali soveti başda olmaqla hakimiyətdəki KQB agentləri özünüqoruma instinkti ilə AzTV-dəki "yağını” yox etməyə yüklənmişdilər. Başım, demək olar, özümə qarışmışdı. Tofiq Qasımov çoxdandı Televiziyada, televizorda görünmürdü. Dövlət katibi postunu tutan, Elçibəydən arxayın olmaqla ağlına gələni edən Pənah Hüseynov Mərkəzi Komitədən bu yana bütün hakimiyətlər dönəmində İnformasiya direktorunun kabinetində olan hökumət telefonunu mənim kabinetimdən götürtmüşdü. Bu üzdən də mənim dövlət qurumları ilə birbaşa ilişki qurmaq olanağım aradan qaldırılmışdı. Buna görə Tofiq bəyin televiziyadakı gözəgörünməzliyi mənə bəlli deyildi.

O arada ortaya çox ilginc bir görsəniş çıxdı. Hansısa ölkədən qayıtmış Tofiq bəy parlamentdə çıxış etmək üçün yığıncağı aparan İsa Qəmbərdən söz istədi. İ.Qəmbər çox kobud biçimdə Tofiq bəyə söz verməkdən boyun qaçırdı. Tofiq bəy partladı: "İsa bəy, bəsdir də, mən nə vaxt söz istəyirəm, siz mənə söz vermirsiz”. Tofiq bəy səsini qaldıraraq beləcə acıqlı-acıqlı danışır, İsa Qəmbərlə yardımçısı Tamerlan Qarayev onu ələ salıb gülürdülər. Olduqca acınacaqlı görsəniş idi: onlar o yerdə tək Tofiq Qasımovu deyil, bütünlükdə Azərbaycan dövlətçiliyini ələ salıb gülürdülər. Tofiq bəyin televiziya ekranlarında görünməzliyi onunla bağlı belə sayğısız davranışdan qaynaqlana bilərdi. Mənə bir iş qalırdı: diplomatik çalışmaları ilə bağlı topluma yetərincə hesabat verməsi üçün, gələrsə, Tofiq bəyə gərəkən olanağı yaratmaq. O isə gəlib çıxmırdı.

Bir gün kabinetimə onun yerinə köməkçisi Rövşən Cəmşidov gəldi. O nədənsə sıxıla-sıxıla dedi: "Xaliq bəy, məni sizin yanınıza Tofiq bəy göndərib. Onun televiziyaya çıxmasına yardım etməyinizi istəyir”. Mat-mat onun üzünə baxıb dedim: "Rövşən bəy, bu nə deməkdi, Televiziyanın qapıları Tofiq bəyin üzünə taybatay açıqdı”. Rövşən bəy (mən biləni, o indi hansısa ölkədə elçibaşıdı) duruxa-duruxa dilləndi: "Xaliq bəy, görünür, siz Tofiq bəylə bağlı baş verənlərdən xəbərsizsiz”- "Nə baş verir?” – "Tofiq bəyin televiziyada çıxışına qadağa qoyulub”. İnanmadım. "Ola bilməz!” - dedim. Gücüm əlimin altındakı selektora çatırdı. Selektordan Məmməd İsmayılla (AzTV-nin o dönəm sədri) danışdım. Çox dirəşdiyimi görüncə onun mənə son sözü bu oldu: ”Bu iş sənlik deyil, qarışma. Qadağa qoyulub, bitdi-qurtardı!”

Əlim-ayağım yerdən-göydən üzüldü. O yaşacan çoxlu qəzet-jurnal, kitab oxumuşdum, kinolara baxmışdım, ən azı jurnalist olaraq uyğun çağdaş dünya praktikasına yetik idim; belə bir görsənişlə qarşılaşmamışdım: Dış işlər baxanı, özü də Tofiq Qasımov, bu sayaq anormal qadağalarla üz-üzə qalmışdı. Sonralar da bunu kimin, kimlərin etdiyini öyrənməyə çalışdım, öyrənə bilmədim. Çox ola bilsin, bu, İsanın, İsa qruplaşmasının işi idi. Bəs prezident harda idi? Nəyə görə prezident kurasiyasında olan Dış işlər baxanının o sayaq qanunsuzca dışlanmasına, parlamentdə də, televiziyada da çıxışlarının yasaqlanmasına göz yumurdu? Axı, Dış işlər baxanı olaraq Tofiq Qasımovun diplomatik alanda istənilən uğuru dövlətin, eləcə də o dövlətin başında duran prezidentin uğuru demək idi. Bəlkə, Tofiq Qasımov yerində deyildi, işinin öhdəsindən gələ bilmirdi, görəvini yarıtmırdı? Elə idisə o, savaş içində olan, üstəlik yeni qurulan dövlətin Dış işlər baxanı olaraq yubanmadan görəvindən alınmalı idi.

Tofiq Qasımovu "vuranlar” faktiki olaraq Xalq Cəbhəsi hakimiyətini yıxmağa yüklənmişlər idi. Susqunluğundan göründüyü kimi, faktiki olaraq prezident də onlarla idi...

Tofiq Qasımov kimi düzgün yollu kişilərin dışlandığı hakimiyət uzun sürə bilməzdi!

Hakimiyət ötürüləndən sonra

Bir gün "Azadlıq”a işə gedirdim. Yolda Tofiq bəylə qarşılaşdıq. Yolumuz bir idi. Sahil bağının qurtaracağına, Xaqani küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsinə çatan yerdə işıqforda qırmızı işıq yandı. Küçəni boş görüb dedim: "Tofiq bəy, maşın yoxdu, keçək”. O, gülümsünərək mənə baxdı: "Maşın oldu-olmadı, mən indiyədək yolu qırmızı işıqda keçməmişəm”. Bu, bir dönməz qanunçunun dediyi söz, göstərdiyi örnək idi. O söz biryolluq qulaqlarımda sırğa olub qaldı.

Redaksiyaya yaxınlaşanda o mənə çevrilib: "Sizinlə redaksiyada söhbətim olacaq”, - dedi. "Mənimlə?” - soruşdum. "Tək sizinlə yox, - dedi,- "Azadlıq”ın jurnalistləriylə. Gözümə görünən kim vardı, çağırdım. Beş-altı jurnalist Azər Əhmədov oturan otağa yığışdıq. Tofiq bəy danışmağa başladı: "Təşkilatın (AXC.- X.B.) qərarına uyğun olaraq mən Milli Məclisin sədri olmalıydım, İsa Qəmbər Xarici işlər naziri. Qərar verilmiş, mən də başqaları da, hərə çıxıb öz evinə getmişdi. Gecə saat 3-də telefon zəng çaldı, götürdüm. Əbülfəz idi. Soruşdum: nə var, nə baş verib? Dedi, qərar dəyişib, sən Xarici işlər naziri olacaqsan, İsa bəy Milli məclisin sədri. Soruşdum: gecə vaxtı bu qərarı kim dəyişdi? Dedi, sənlik deyil. Mən hələ də bilmirəm təşkilatın o qərarını gecə vaxtı kimlər, harda dəyişmişdilər. 4 iyun baş verəndə mən xaricdə idim. Tez-tələsik ölkəyə qayıtdım. Gördüklərim məni çox təəccübləndirdi: ölkədə o boyda haqq-hesab baş verirdi, dövlət dağılırdı, elə bil hamı, mən hakimiyətdə olanları deyirəm, kiminsə gəlib onları qurtartmasını gözləyirdi. Əlimi ora-bura atdım, bir şey çıxmadığını, bir məsələ hasil olmadığını görüb, durdum getdim Əbülfəzin yanına. Getdim gördüm o da başqaları kimi əlini əlinin üstünə qoyub oturub. Dedim, nə oturmusan, dur, adamlarını götür, get Gəncəyə. O, mənə dedi, mən qorxuram ora getməyə, Surətin adamları məni öldürər. Dedim, qorxursan, onda mən qabaqda, sən arxada, birlikdə gedək Gəncəyə. Surət adamyeyən-zad deyil, onlar bizim vətəndaşlarımızdı, görüşək, oturaq danışaq, görək nə istəyirlər. Dedi, yox, getmirəm. Onda mən başa düşdüm: Əbülfəzin məqsədi başqadı - onun istədiyi hakimiyəti bəhanəylə Heydər Əliyevə ötürməkdi”.

Sözünü bitirib ayağa durdu, bir-bir hamımızla əl tutub sağollaşdı, sonra dedi: "Gəlmişdim, sizə bunları deyim, kimlər də bilməsə, "Azadlıq”ın jurnalistləri bunları bilməlidirlər: Əbülfəz xalqa xəyanət elədi”. Bunu deyib, getdi...

(Ardı var)