Tofiq Qasımov - uğursuzluğun anatomiyası - III yazı

Tofiq Qasımov - uğursuzluğun anatomiyası - III yazı

13-02-2020 13:09 / Bu xəbər 1602 dəfə oxundu

Xaliq Bahadır 

III

Tofiq Qasımov da, Nəcəf Nəcəfov da hakimiyətə getdiyi kimi qayıdan, bulaşığa bulaşmayan azlardan idi. Nəcəf bəy "Azadlıq”a qayıtmaq istədi, qapıdan qaytarıldı. Özü də çox kobudluqla. Bir çağlar onun özünün irəli çəkdiyi, yüksəlişinə çalışdığı kimsələr mənəm-mənəmlik hikkəsindən, yiyələndiklərini bölüşməmək istəyindən onun çıxıb getdiyi yerə qayıtmasına yol vermədilər. 

Nəcəf bəy başlıca yaradıcısı olduğu "Azadlıq” qəzetinə qayıtmaq istədiyi kimi, Tofiq bəy də başlıca yaradıcılarından olduğu AXC-yə qayıtmaq istəyində idi. Qayıtdı da. Ancaq... "həmin dalğa, həmin koordinat”: Tofiq bəy də gərəkən sayğı ilə qarşılanmadı. Yenə də mənəmlik hikkəsi, yiyələndiyini bölüşməmək istəyi. Açıq-açığına demokratiyaya, demokratik prinsiplərə, demokratiya kültürünə ayqırı yol tutulmuşdu. Tofiq bəy, Nəcəf bəy kimi yüksək dəyər daşıyıcılarının geriyə dönüşü müxalifətə yüksək dəyərlə yanaşı, üstün güc qazandırar, çevrəni genişləndirərdi. Olmadı! Olan oldu: birilərinin özgüdükçü mənəmlikləri, "məndən üstünü ola bilməz, nə var mənim olmalıdır” hikkələri beləcə qaçılmaz olaraq müxalifəti marginallaşmaya sürüklədi...

Gərəkən əkləmə. Demokratiyada paylaşma- yetkilərin bölünməsi var. Diktaturada qamarlama- yetkilərin bir əldə toplanması var. Bu görsənişlər müxalifətdə də ola bilir, hakimiyətdə də. İstər hakimiyət olsun, istər müxalifət qamarlama olan yerdə demokratiya olmur, uzaqbaşı aldadıcı demokratiya ritorikası olur.

Tofiq Qasımov Milli Məclisdə H.Əliyevlə təkbaşına, qladiatorcasına çarpışmaya atılmışdı. Bir neçə kəskin çıxışı ilə yadda qalan Ədalət Rəhimli və İbrahim İbrahimlini çıxmaqla, onun "Demblok” yoldaşlarının çoxu çoxdan Sabir Rüstəmxanlı öncüllüyündə sürüşkənlik sərgiləməkdə idi. Müxalifət, başlıcası da hakimiyətdə birgə olmuş AXC-Müsavat cütlüyü qucaq açıb qarşılamaqla ona arxa durmalı idi. O isə yalnız hakimiyət arasında deyil, müxalifət arasında da təklənmiş durumda idi. Bunu görərək, o çağlar Tofiq bəyə arxa durmağa yönəlik böyük bir yazı yazdım. Yazını çap etmək istəmirdilər. Yazı uzun dava-dalaşdan sonra "Azadlıq”da çap edildi. Ancaq, necə? Qəzetin sonuncu səhifəsində. Düşük düşüncəli biriləri bu yolla Tofiq bəydən də, məndən də "acıq çıxmaq” istəmişdilər.

AXC-də (1995-dən AXCP) soyuq qarşılanan Tofiq bəy, o çağlar da dediyim kimi, çox böyük yanlışa yol verərək, Müsavata üz tutmuşdu. AXCP başqanlığında olduğu kimi, Müsavat başqanlığında da onu gözləyən yox idi. Ortada iki ortaq nədən vardı: 1) yerlər tutulmuş, görəvlər bölüşdürülmüşdü; 2) başqanlıqlar Bakıdan Kələkiyədək Tofiq bəyin H.Əliyevlə bağlı radikal baxışlarına qarşı idi. H.Əliyev başda olmaqla hakimiyət gücləri bir illik AXC-Müsavat hakimiyətini yamanlayıb xalqın gözündən salmağa qalxışdığı çağlarda İ.Qəmbər - hakimiyətə birinci yiyələnib parlament başçısı olaraq partiyasındakıları aşağı-yuxarı dövlət qurumlarına doldurmuş İ.Qəmbər! - çoxu yalan xarakteri daşıyan YAP-çı çıxışlara gərəkən təpkini göstərmək yerinə, özü qızılqırmızı yalana əl ataraq Müsavatın hakimiyətdə olmadığını deyirdi - özü də qəzetlərdə! (1990-cı ildə də belə olmuşdu: AXC Moskvanın basqıları ilə üzləşirkən İ.Qəmbər açıq-açığına separatizmə vararaq Cəbhə içində cəbhə-ŞADP-ni yaratdığını bildirmişdi).

Bəs Elçibəy?

Kələkidə oturmuş Elçibəy də dolayısı ilə olsa belə, Tofiq Qasımovu müxalifətdən uzaqlaşdıracaq işlərlə uğraşırdı. Bəlli olduğu kimi, Pənah Hüseynov Xalq Cəbhəsi hakimiyətinin yıxılmasında başlıca rol oynayanlardan idi. P.Hüseynovun H.Əliyevlə üç saat yarımlıq görüşü olmuşdu. Ə.Elçibəy N.Nəcəfovun "Azadlıq”a, T.Qasımovun AXCP-yə qayıtmasına çalışmaq yerinə, onların ikisini də biryolluq unutmuş kimi yalnız P.Hüseynovun AXC/AXCP-yə qaytarılmasına çalışırdı. Özü də necə! Elçibəyin prezident olaraq Kələkidən "legitim” olaraq "sərəncam-fərmanlar” verməsi üçün köməkçisi O.Qasımov onun ardınca prezident damğasını (damğa - ərəbcə, möhür) aparmışdı. Elçibəy o damğadan necə yararlanırdı? Bakıdakı AXCP başqanlığına ard-arda damğalı prezident "sərəncamları” göndərməklə: "Pənah Hüseynov AXCP-yə qəbul edilsin”. Bizlərsə, bir çox bəlli yaramazlıqlarına görə, P.Hüseynovu AXCP-yə buraxmamaq qərarı vermişdik.

Arxalı köpək qurd basar: P.Hüseynov AXCP-yə dürtülmək üçün nələrə əl atmırdı: "Mən yenə də bildirirəm ki, çox təhlükəli adamam. Yalnız Elçibəyin xətrinə, təşkilatın (AXCP-nin.- X.B.) xətrinə nəyə isə getmək istəmirəm” ("Yeni Müsavat” 23 aprel-1may 1997-ci il). Başqa bir çıxışında o, bir az da dərinə gedərək, geri çəkilməsək, bizimlə "müharibəyə” başlayacağını bildirirdi: "Pənah Hüseynovu bəhanə kimi gətirib prosesə mane olmağa çalışanları (görünür, hakimiyətlə müxalifətin birliyini yaratmağa yönəlik çalışmalarını deyir.- X.B.) isə xəbərdar etmək istəyirəm. Müharibə etmək istəyənlər onu alacaqlar” ("525-ci qəzet”, 16.04.97). O çağlar şok etkisi doğuracaq görsənişlərdən biri nə idi? Elçibəyin yaxın adamlarından birinin Pənah Hüseynovla bağlı geri çəkilməsək, bizim özümüzü, ailəmizi öldürəcəkləri ilə bağlı qorxutması. Göründüyü kimi, böyük dövlət adamı Tofiq Qasımov deyil, səlt-büsbütün antidövlət adamı Pənah Hüseynov Elçibəy üçün bir belə dəyərli idi! Elçibəy Tofiq Qasımov kimi böyük bir dəyərin AXCP-də yüksək yer tutmasına çalışmaq yerinə, T.Qasımovun dışlanmasına göz yumur, Pənah Hüseynov kimi bəlli birisinin AXCP-yə yeridilib orada yüksək yer tutması üçün başının dəstəsi ilə birgə var gücünü qoyurdu! Ortada anlaşılması çətin görsəniş vardı: hamı P.Hüseynovun AXCP hakimiyətini necə gözdən saldığını, içindən necə dağıtdığını bilirkən (buna görə böyük çoxluq onun AXCP-yə dönüşünə qarşı idi) bircə Elçibəy bunları bilməmiş kimiydi.

Gerçəklik faktlarına uyğun olaraq, toplum Pənah Hüseynovdan biryolluq üz döndərmiş, siyasi fiqur olaraq onu çıxdaş etmişdi. Elçibəy P.Hüseynovu yalnız AXCP-yə deyil, eləcə də toplum arasına yeritmək üçün nələr etmirdi! P.Hüseynovun bununla bağlı dəyərləndirməsinə baxaq: "Elçibəyin müsahibələrində məni müdafiə etməsi mənim üçün həyati əhəmiyətə malik olub. Bəy məni layiq olduğumdan da artıq müdafiə edib” ("Azadlıq”, 16 may 1998-ci il). Beləcə, düzgünlüyünə görə toplumun çox sevdiyi, üstəlik, hakimiyətin kəskin basqıları altında olan Tofiq Qasımovla bağlı sürəkli susqunluq sərgilənirkən, P.Hüseynov kimi birisi qəzetlərdə öyülüb göyə qaldırılırdı. Kapilyarlarınadək demokrat Tofiq Qasımovla kapilyarlarınadək antidemokrat P.Hüsüeynova "demokrat” Elçibəyin yanaşması belə idi...

AXC hakimiyəti dönəmində MTN başçısının birinci yardımçısı olmuş Sülhəddin Əkbər hakimiyət dəyişikliyindən sonra "Müxalifət” qəzetində demişdi: "Biz prezident Elçibəyin stolunun üstünə AXC hakimiyətində yüksək yer tutan 144 (yüz qırx dörd!) KQB agentinin siyahısını qoymuşduq. Elçibəy siyahıyla tanış olandan sonra onu bir qırağa atmışdı”. 
S.Əkbərin açıqladığı faktla bağlı Elçibəyə sual verilmişdi: "Bilə-bilə onları (KQB agentlərini. – X.B.) niyə yüksək postlarda saxlayırdınız?” Elçibəyin verdiyi qarşılığa baxın: "Yaxşı eləyirdim. Bəlkə onun da hesabatını verməliyəm?.. Sülhəddin Əkbər desə də, deməsə də, kimlərin KQB ilə əməkdaşlığı olmuşdusa, bilirdim (necə?! – X.B.). Ümumiyətlə, KQB ilə əməkdaşlıq edənlərin adları xüsusi kartotekalara yazılıb saxlanır. Çox təəssüf ki, kimlərinsə səhlənkarlığı ucbatından KQB agentlərinin adları olan həmin kartotekalar bir sıra partiyaların əllərinə keçib. Mən isə belə şeyləri xoşlamıram... Mən məsələni problemin üzərində qururam, adamların yox” ("Yeni Müsavat” 30 may 2000-ci il).

Xalqımızın, Ölkəmizin, Dövlətimizin son 30 ildə üzləşdiyi çoxsaylı uğursuzluqların, faciələrin kökü bu bir parça alıntıdan, demək olar, bütünlüklə üzə çıxır. Birinci, demokrat lider-prezident adını daşıyan adam özünü xalq, toplum qarşısında hesabatlı saymır- bu bir diktatura görsənişidir. Demokratsansa, xalq, toplum qarşısında qaçılmaz olaraq hesabatlısan. İkinci, "təəssüflənmənin” yerinə baxın: AXC hakimiyətində yüksək yer tutmuş, bu hakimiyətin tezliklə yıxılmasında başlıca rol oynamış KQB agentlərinin adlarının bəlli olması! Azərbaycanı acımasız, yağıcasına quyunun dibinə salanların adlarının bəlli olması onda dərin "təəssüf” doğurur. Buna nə ad verəsən?!

Ölkədə çevriliş yaradan general Pinoçetin ordusunun qarşısında sonadək duruş gətirən, xalq hakimiyətini yıxmağa qalxan ordu ilə əlində avtomat vuruşan prezident Salvador Alyendi sonunun çatdığını görüncə, radio ilə xalqa üz tutaraq siyasətçilərdən ordu adamlarınadək gizli-açıq çevrilişdə əli-qatqısı olanların hamısının adlarını bircə-bircə açıqlamışdı. Nə üçün? Gələcək müxalifətin yolunu çevrilişdə əli-qatqısı olanlardan, agenturadan arındırmaq üçün. Elçibəy nə edirdi? Çevrilişdə əli-qatqısı olanların, gerçək müxalifətə əngəl olacaq agentlərin adlarının ört-basdır edilməsinə çalışırdı. Yeri gəlmişkən, Elçibəyin vurğuladığı kartotekaların biri AXCP-yə ötürülmüşdü, bu üzdən də bizim dirənişimiz dönməz idi...

Sonuncu. Elçibəyin başlanğıcdan - AXC dönəmindən "məsələni adamların üzərində deyil, problemlərin üzərində qurmaq” kimi kökündən yanlış praktikası sonucda Azərbaycanı qaçılmaz uğursuzluqlara gətirib çıxardı!

AXCP-nin Kələki başqanlığı ilə İsavat başqanlığı o çağlar birgə çalışmalarda bulunaraq nə yolla olur olsun P.Hüseynovu AXCP-yə yeritməyə çalışırdı. Sözügedən iki başqanlıq P.Hüseynovun AXCP-yə qaytarılmasına çalışır, AXCP-nin Bakı başqanlığı buna qarşı çıxırdı. T.Qasımova gələndə, üç başqanlığın baxışları üst-üstə düşürdü.

Kələkidən Elçibəyin P.Hüseynovla bağlı "sərəncamlarını” daşıyanlardan olan doktor professor Kamil Vəli Nərimanoğlu o çağlar deyirdi: "... dövlətçiliyin, idarəçiliyin mərkəzi fiqurları olan dövlət başqanı H.Əliyev, milli hərəkat və demokratik qüvvələrin lideri Ə.Elçibəy və milli burjuaziyanın lideri Rəsul Quliyev təbii tarixi birliyinin ("təbii tarixi birlik”?!- X.B.) ortaya çıxmasını zəruri edir” ("Yeni Müsavat” 25-28 mart 1997-ci il). Professor doktor K.V.Nərimanoğlu o çağlar Elçibəyin baş danışmanı yerindəydi.

Professor doktor K.V.Nərimanoğlu ilə birgə Elçibəyin sevimlilərindən, eləcə də yolgöstərənlərindən olan P.Hüseynov hansı buyruqda bulnurdu, baxın: "H.Əliyev kifayət qədər təcrübəli dövlət adamı kimi biz və prezidentimiz tərəfindən qəbul olunurdu. H.Əliyevin idarəçilik təcrübəsi barədə verdiyi tövsiyələrin nəzərə alınmasında heç bir qəribəlik yoxdur” ("7 gün” qəzeti, 20 dekabr 1997-ci il). Buradan göründüyünə görə, Xalq cəbhəsi, eləcə də Cəbhə hakimiyəti Elçibəy başda olamaqla bir qrup adama H.Əliyevin 1969-cu ildən özülü qoyulan bəlli "dövlətçilik, idarəçilik təcrübəsini” yenidən ölkəyə qaytarmaq üçün gərəkmiş! İndi gedin düşməni, Azərbaycan müxalifətinin çoxillik uğursuzluğunun kökünü başqa yerlərdə axtarın...

Yeri gəlib, P.Hüseynovun bir çıxışı üzərində ayrıca dayanmaq gərəkir: "Bizim yeni siyasi xəttimizin mənası hakimiyət və müxalifətin konsolidasiyasıdır” ("Yeni Müsavat”, 25-28 aprel 1997-ci il). Buradan belə görünür, bir çağlar AXC-nin, sonra AXC hakimiyətinin başında durmuş bu adamlar ("müxalifət liderləri”) limpart yetişdirən siyasi gülümsərovlar imiş- çağında bilməmişik. Hakimiyətlə (üstəlik, Heydər Əliyev hakimiyəti ilə) müxalifətin konsolidasiyasını yaratmaq düşüncəsindən daha düşük düşüncə, yanlış yanaşma ola bilərdimi?! 

H.Əliyev kimi KQB generalı, diktator alışqanlığıyla tanınan birisi ilə müxalifətin konsolidasiyası nəyə gətirib çıxara bilərdi? Sözsüz, müxalifətin yoxluğuna! Bu fakt istər-istəməz ortaya öhdəlik görsənişi çıxarır. Axı H.Əliyevlə müxalifətin konsolidasiyasını yaratmaq kimi bir "siyasi xətt” irəli sürənlər 70-ci illərdə, hələ sovet hakimiyəti ortamında, onun necə bir diktatura oluşdurduğunu görmüşdülər. Görmüşdülərsə, onu niyə hakimiyətə qaytarırdılar, bu azmış kimi niyə onunla konsolidasiya yaratmaq yolu tuturdular? "Konsolidasiya” sözünə baxaq. Birinci yorum: güclənmə, birləşmə; ikinci yorum: bərkinmə, birləşmə; üçüncü yorum: qısasürəli öhdəliyin uzunsürəli öhdəliyə çevrilməsi. Məncə, Ə.Elçibəy üçün də, P.Hüseynov üçün də (bir sıra başqaları üçün də) başlıcası sonuncu idi: haçaqsa götürülmüş qısasürəli öhdəliyin uzunsürəli öhdəliyə çevrilməsi!

Elçibəy Kələkidən qayıdandan sonra H.Əliyevlə "vətəndaş sülhü” yaratmaq istəkləri ilə bağlı ardıcıl çıxışlar edirdi. H.Əliyev o yersiz çıxışlara özünün televiziya çıxışlarının birində belə son qoydu: "Mən indiyədək Elçibəydən dəyərli heç nə eşitməmişəm”. Bu, Elçibəyin H.Əliyevlə 8 saatlıq görüşdəki (fevral, 1993) bitişib-bağlaşma ilə bağlı illüziyalarının bütünlüklə dağılmasına nədən oldu. (O gizli danışıqlara görə, Elçibəy hakimiyəti 1993-də H.Əliyevə ötürüb Naxçıvana getməli, H.Əliyevsə 1998-də hakimiyəti Elçibəyə ötürüb Naxçıvana getməli idi). Bundan sonra Elçibəy acıqlanıb H.Əliyevlə bağlı bir-birinin ardınca kəskin çıxışlar etməyə başladı: "Azərbaycan xalqının başına oyun açan zülmkar, qaniçən, başkəsən, diktator, PKK-nı yaradan...”

Gec idi, çox gec. H.Əliyevə barışmaz baxışları ilə tanınan, dönməz arxa-yoldaş kimi çox gərəkən Tofiq Qasımov daha buralarda deyildi; bütün varlığıyla sevdiyi, uğrunda canını qoyduğu Xalqından, Ölkəsindən, Dövlətindən çooox uzaqlarda - İsveçrədə idi. "Böyük dövlətçilik, idarəçilik təcrübəsi” onu orada ölüb gömülməyə göndərmişdi...

Yox, Xalq, Ölkə, Dövlət ondan üz döndərməmişdi. Ortada İŞĞAL rejimi vardı, bir də o rejimin qurulmasına nədən olanlar. Onlar onda hələ DUZA gedirdilər...

***

14-cü yüzildə Fransanın Şartr şəhərində dünyanın ən gözəl kilsəsi tikilirdi. Tikinti meydançasını gəzən bir jurnalist tir (şalban) aparan birisini görüb soruşur: "Bağışlayın, siz nə iş görürsüz?” O, bildirir: "Mən tir aparıram”. İkinci birisi arabayla kərpic daşıyırmış. "Bəs siz nə iş görürsüz?” - "Mən kərpic aparıram”. Üçüncü birisi əlində balta daş yonurmuş. "Bəs siz nə iş görürsüz?” – "Mən daş yonuram”. Tikinti meydançasının zibilini yığışdıran birisindən soruşur: "Bəs siz nə iş görürsüz?” - "Mən Şartrda kilsə tikirəm”. Tofiq Qasımov Xalq cəbhəsində, Xalq cəbhəsi hakimiyətində KİLSƏ tikdiyini bilən çox az sayda gerçək ideya-ideal adamlarından idi. Belələri dönməz olaraq, birbaşa başlıca amaca-stratejiyə odaqlanırlar.

Son söz yerinə...

Tofiq Qasımov uduzdu. Biz uduzduq. Məni çoxdan tanıyan biriləri arada deyirlər: "İllərlə çalışdın, çarpışdın, sonda... uduzdun”. Bilirəm, bunu dilə gətirib, vurğulayıb qan qaraltmaq artıqdır. Biz uduzduq, ancaq elə-belə kimsələrə deyil, arxasında KQB kimi azman bir qurumun dayandığı partiya-komsomol nomenklatura-agenturasına uduzduq. Bizimlə birgə Azərbaycan uduzdu. Ancaq nə olur olsun üzümüz gələcəyədir - bizi uğura götürəcək gələcəyə!

***
Elçibəy H.Əliyevi gizli danışıqlar yoluyla hakimiyətə gətirdiyi kimi, H.Əliyevlə gizli danışıqlar yoluyla da hakimiyətdən getdi. Ən yaxın komanda yoldaşlarına belə bildirmədən getdi. Beləliklə, Sovetlər birliyində ən güclü hərəkat olan Azərbaycan Xalq Hərəkatı, Xalq Cəbhəsi öncüllüyündə KQB generalının - H.Əliyevin ayaqları altına atıldı...

Mavr işini görmüşdü, Mavr gedə bilərdi.

Bakı, Yeni Yasamal
03-07/02.2020