Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib

23-03-2020 17:17 / Bu xəbər 1276 dəfə oxundu

Nizami Rayon Məhkəməsində Milli Şuranın Koordinasiya və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Qızı Nigar Həzinin verdiyi məlumata görə, məhkəmə T.Yaqublunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

22 mart günorta saatlarında Tofiq Yaqublunun park halında dayanmış maşını ilə başqa bir avtomobil arasında qəza baş verib. 

Sürücülər arasında çıxan mübahisədən sonra Tofiq Yaqublu "102" polis qaynar xəttinə zəng edib və daha sonra şəxslər Nizami Rayon Polis İdarəsinə aparılıb.

Nigar Həzi Tofiq Yaqublunun şikayətçi qismində polis idarəsinə getdiyini, lakin idarədə ona qarşı ittiham irəli sürüldüyünü deyib. Həmçinin istintaq davam edən zaman T.Yaqublunun vəkil Elçin Sadıqovla görüşünə icazə verilməyib.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu  avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.