"Tora düşdüm, balamı itirdim..." - REPORTAJ

23-04-2017 01:43 / Bu xəbər 2775 dəfə oxundu

"Ürəyim yanır, oğurlanan qızımı illərdir, tapa bilmirəm. Hara müraciət edirəm, kimə yazıram şikayətimə baxan olmur. Polis də məni hədələyir: "Gəlmə, özümüz əlaqə saxlayacağıq", - deyir. Amma nə onlardan bir xəbər çıxır, nə də mənim balamın yoxluğuna dözməyə taqətim qalıb. Bütün çarələrin tükəndiyi həddəyəm, çarəsizəm”.

Bunu Toplum TV-yə Gürcüstanın Qardabani rayonu Sarticala – Muğanlı kənd sakini Sarıyeva Gülnaz deyir. 

O, 1996-cı ildən Bakıda oğurlanan 5 yaşlı qızı Rafina Abbasovanı axtarır. 

"Evdə otura bilmirəm. Sanki içimdən bir səs: "Get balanı tap", - deyə məni küçələrə uçurur. Elə ki qızım yadıma düşür, özümü atıram küçələrə. Hara getdiyimin fərqinə varmıram çox vaxt", - deyir Gülnaz Sarıyeva. 

"Balamı tapmağa kömək edin"

O, küçələrdə əlindəki müxtəlif qurum və vəzifəli şəxlərə yazdığı ərizələri yoldan ötüb-keçənlərə göstərir, "Balamı tapmağa kömək edin", - deyə ağlayır, yalvarır. 

Pilləkən və səkilərin üzərində oturub saatlarla dayanmadan göz yaşı tökür. 

Gülnaz Sarıyeva ailə-məişət zəminində məruz qaldığı zorakılıqlardan canını qurtarmaq üçün 1995-ci ilin dekabrında əkiz qızlarından birini da götürüb Azərbaycana pənah gətirdiyini deyir. 

O, Gürcüstandan əvvəl Gəncəyə, sonra da Bakıya köçür. Binəqədidə kirayədə qalarkən, qızını tez-tez bulvara gəzməyə apardığını söyləyir: "Bir gün bulvarda zəngin bir qadın bizə yaxınlaşaraq, qızımın çox gözəl olduğunu və onun da uşağı olmadığını, məndən qızımı satın almaq istədiyini dedi. Rədd cavabı verərək onu qovdum. Üç gün sonra keçmiş "BakSovet" metrosunun çıxışında bizə nimdaş geyimdə bir qadın yaxınlaşdı - Süleymanova Süsanə. Söhbət etdik, getməyə yeri olmadığından yazığım gəldi, evimə apardım”.

"Çıxanda qızım Rafinanı tapa bilmədim"

"1996-cı ilin martın 25-də "Semaşko"da (1 saylı Kliniki Tibbi Mərkəz. red) əməliyyat olundum. Qızım Rafinanı etibar etməyə heç kimim yox idi, metroda rastlaşdığım Ceyranbatan qəsəbəsi, Nizami 4/6 saylı mənzilin sakini Süsanədən başqa. Bir miqdar pul və ərzaq da alıb verdim ki, qızıma baxsın. On beş gün xəstəxanada yatdım. Çıxanda isə qızım Rafinanı tapa bilmədim. Bu, bir tor idi düşdüm, aldatdılar məni”, - Gülnaz Sarıyeva danışdıqca, göz yaşlarını saxlaya bilmir və sözləri boğazında düyünlənir. 

Dediyinə görə, əkiz qızların digəri - Rəfiqə isə 14 yaşında Gürcüstanda vəfat edib.

Kimsəsiz və tək qaldığını deyən Gülnaz Sarıyeva dövlət orqanlarından da kömək ala bilmir: "Hər dəfə məhkəmə işi qaldırmaq istəyəndə Xırdalan polis şöbəsinin məmurları mənə hədə-qorxu gəlir, tutmaqla hədələyirlər. Süsanəyə bir sillə belə vursan, özündən küs deyirlər”. 

"Mənə qızımın öldüyünü deyirlər"

"Mənə qızımın öldüyünü deyirlər. Qızımın öldüyünü desələr də, hərdən inanmıram. Qəbrini göstərin mənə əgər ölübsə... Balamı tapmaq üçün Gürcüstandakı evimi, daş-qaş və qızıllarımı satmışam. Övladıma görə qalmışam Bakıda. Kimə yaxınlaşıram pul istəyir. İndi də pulum yoxdur ki, verəm, mənə kömək etsinlər. Kimsəsizəm, üstəlik də işsizəm”, - deyir Gülnaz Sarıyeva. 

O, 10 il Xətai rayonunda süpürgəçi işləyib və bir müddət Nərimanov parkında günəbaxan tumu satmaqla dolanıb: "Zibillikdə işləmişəm, zibili də mənə çox görürlər”.

Qızına görə Bakıda qaldığını deyən Gülnaz Sarıyeva hazırda "Montin"in Daş karxanası 117 ünvanında 5-6 m2 bir otaqda kirayə yaşayır: "Dilənərək, ev və obyektləri təmizləyərək yığdığım pulla çox vaxt 110 manatlıq kirayə haqqını ödəyə bilmirəm. Ev sahibi çox vaxt mənə güzəştə gedir". 

Gülnaz Sarıyevanın sözlərinə görə, qızlarını ev şəraitində dünyaya gətirərkən infarkt keçirib və 9 il əvvəl də ürək genişlənməsindən müalicə alıb. 

 "Qarnımı çox vaxt qonşular doyurur”

Deyir ki, övlad dərdi və ağır həyat şəraiti onda başqa xəstəliklər də yaradıb. Maddi çətinlik çəkdiyindən müayinə də olunmur: "Başım ağrıyır. Pulum yoxdu dərman alım. Dünən baş ağrı dərmanına verdiyim 1.40 manata hələ də heyfim gəlir. Evimdə cəmi 1 manat pul var hazırda. Özümə ancaq çörək və limon ala bilirəm. Qarnımı çox vaxt qonşular doyurur”.

"Baxmayaraq ki, 48 yaşım var, baxanlar mənə 60 yaş verir”, - bir qədər dayanıb əlavə edir. 

"Prezident bilmir, bilsə, mütləq balamı tapıb gətirəcək" 

G.Sarıyeva neçə ildir ki, dövlət orqanlarına - Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova müraciət etdiyini deyir. O, hələ sağlığında şair, deputat Zəlimxan Yaquba etdiyi müraciətin də surətini və rəsmi məktubun qəbzlərini saxlayır. 

Deyir ki, hazırda onu heç nə düşündürmür, yalnız qızını axtarır. O, bu məsələdən prezidentin də xəbərinin olmadığlını deyir: "Prezident bilmir, əgər bilsə, mütləq mənə kömək edəcək, balamı tapıb gətirəcək".

Toplum TV G.Sarıyevanın şikayətini araşdıran müstəntiqlə əlaqə saxlayıb. İşə Abşeron Rayon Prokurorluğunda baxıldığını deyən müstəntiq məlumat almaq üçün sözügedən qurumla əlaqə saxlamağı məsləhət gördü. 

Nə Abşeron rayon Prokurorluğundan, nə də Baş Prokurorluğun mətbuat xidmətindən məsələyə münasibət öyərnmək mümkün oldu. Gülnaz xanımsa ümidlidir. İnanır ki, nə zamansa hüquq-mühafizə orqanları onun qızını tapıb gətirəcək...

Fatma Babayeva
Toplum.Tv