"Tramp Ağ Evdə oturandan sonra..." - Politoloqlardan şərh

15-11-2016 15:13 / Bu xəbər 1669 dəfə oxundu

"Üç milyon insanı qısa müddətdə ölkədən çıxarmaq Amerikanın özü üçün də ciddi problemlər yarada bilər”

Bunu Toplum.Tv-yə politoloq Elxan Şahinoğlu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın CBS telekanalına müsahibəsində "Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək” fikirinə münasibət bildirərkən deyib.
Elxan Şahinoğlu:
Elxan Şahinoğlu

Politoloq bildirib ki, Trampın seçkiöncəsi verdiyi bəzi vədləri yerinə yetirməsi inandırıcı görünmür: "İnanmıram ki, Tramp prezident seçiləndən sonra dediyi bu vədi çox asanlıqla yerinə yetirə bilsin. Üç milyon insanı Amerikadan qısa müddətə çıxarmaq asan məsələ deyil. Ola bilsin ki, miqrantlara qarşı qanunları sərtləşdirsin, müvafiq tədbirlər görsün. Bundan sonra Amerikada sığınacaq almaq da son dərəcədə çətinləşəcək. Amma seçkiqabağı Tramp çoxlu vədlər verib. Artıq prezident seçiləndən sonra bu vədlərin bir hissəsini yerinə yetirməyəcəyinə dair müəyyən eyhamlar vurub. Bu, ondan xəbər verir ki, Tramp Ağ Evdə oturandan sonra məsələlərə daha praqmatik yanaşacaq. Çünki üç milyon insanı qısa müddətdə ölkədən çıxarmaq Amerikanın özü üçün ciddi problemlər yarada bilər”. 
 
Image result for Qabil Hüseynli
Qabil Hüseynli

Politoloq Qabil Hüseynli hesab edir ki, Trampın bu addımı gerçəkləşsə, ABŞ-ın xarici siyasətində problemlər yaranacaq: "Əlbəttə ki, ABŞ üçün çoxlu problemlər yaranacaq. Birincisi, həmin şəxslərin deportasiya edilməsinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Bu da çox böyük məbləğdir. Bu, məsələnin birinci tərəfi. İkinci tərəfi isə Donald Tramp miqrantlara bağlı verdiyi vədləri yerinə yetirməyə başlasa, özünün dediyi kimi, birinci müsəlmanlardan başlayacaq. Bu da miqrantların təmsil olunduqları ölkələrlə münasibətlərdə problemlər yaradacaq. Onun bu addımı əvvəllər haqqında deyilən islamafob ittihamını və dini ayrı-seçkilik etdiyini sübuta yetirəcək, eyni zamanada ABŞ kimi bir dövlətin rəhbərinin sivlizasiyalararası və dünyadakı multikultural münasibətlərə qarşı olması kimi dəyərləndiririləcək. Bu da ABŞ-ın xarici siyasətində böyük problemlər yaradacaq. Ona görə də düşünürəm ki, bu vədlərin bir çoxu yerinə yetirilməyəcək və sadəcə, seçkiöncəsi verilmiş vədlərdir". 

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın CBS telekanalına müsahibəsində  bildirib ki, üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək. deyib.

"ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər. Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində  qeyri-qanuni yaşayanlardan gedir”, - deyə D.Tramp bildirib.
 
O həmçinin mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb.

Sevinc Paşayeva