Tramp ABŞ-ın Azərbaycanda yeni səfirinin adını açıqlayıb

Tramp ABŞ-ın Azərbaycanda yeni səfirinin adını açıqlayıb

05-09-2018 14:35 / Bu xəbər 2039 dəfə oxundu

Yeni səfir ABŞ-ın NATO-da daimi nümayəndəsi olub

Ağ Ev sentyabrın 4-də elan edib ki, prezident Donald Tramp karyeralı diplomat Erl Litsenbergeri Amerikanın Azərbaycandakı yeni səfiri postuna namizəd kimi seçib.

Əgər namizədlik təsdiq olunarsa, E.Litsenberger Bakıya gələcək. 

O, ötən ilə qədər ABŞ-ın NATO-da daimi nümayəndəsi olub.

"Turan” İA yazır ki, E.Litsenbergerin namizədliyinin irəli sürülməsi Azərbaycanda ölkənin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması ilə bağlı ciddi müzakirələrin başlanmasına təsadüf edir.

Karyeralı diplomat E.Litsenberger hazırda ABŞ Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda baş müşavirdir.

E.Litsenberger öz karyerası ərzində Almaniya Marşal Fondunun baş elmi əməkdaşı, Əfqanıstanda NATO nümayəndəsinin müavini, ABŞ-ın Belqraddakı səfirliyində missiya rəhbərinin müavini, Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini kimi çalışıb.

Fransız, rus, serb və bolqar dillərini bilir.

Keçmiş səfir Robert Sekuta bu ilin martında fəaliyyətini başa vurub. O, Azərbaycanda 2015-ci ilin fevralından fəaliyyət göstərib.