Trampdan cümhuriyyət təbriki

Trampdan cümhuriyyət təbriki

24-05-2018 15:55 / Bu xəbər 3092 dəfə oxundu

ABŞ prezidenti Donald Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Amerika xalqı adından sizi və Azərbaycan xalqını Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edirəm", - məktubda yazılır.

D.Tramp məktubda vurğulayıb ki, Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həllindən ötrü birgə işləyərək sıx tərəfdaşlıq edirlər.

"Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlib. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır", - ABŞ prezidentinin məktubunda vurğulanıb.

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ili tamam olacaq. 2018-ci il ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib.

AXC 1918-ci il mayın 28-də qurulub, Rusiyanın işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.