Trampdan İranla bağlı açıqlama: "Zəng vursunlar, danışaq"

Trampdan İranla bağlı açıqlama:

10-05-2019 12:46 / Bu xəbər 904 dəfə oxundu

ABŞ prezidenti Donald Tramp İran İslam Respublikasının son zamanlar atdığı addımları özlərinə qarşı təhlükə kimi qiymətləndirib, lakin üstüörtülü şəkildə rəsmi Tehranla yeni nüvə sazişi ilə bağlı danışığa hazır olduğunu söyləyib.

"Euronews” xəbər verir ki, Ağ Evdə təşkil olunan bir tədbirdə çıxış edən ABŞ prezidenti ABŞ-İran gərginliyi haqqında verilən sualları cavablandırıb.

ABŞ prezidenti İranla bağlı belə deyib: "İran ətrafa təhlükə saçırdı. Sizin bilmək istəməyəcəyiniz şeyləri bilirik. Bu səbəbdən ölkəmizi qorumaq üçün tədbir görməli idik”.

İranla hərbi münaqişənin olub-olmayacağına dair verilən suala ABŞ prezidenti belə cavab verib: "Buna "hə” və ya "yox” deyə bilmərəm". Ümid edirəm ki, belə bir münaqişə olmaz”.

ABŞ-ın nüvə sazişindən imtinasından sonra İranın iqtisadi böhranla üzləşdiyini söyləyən Tramp məsələnin danışıqlar yolu ilə həll olunmasına işarə edib: "Etməli olduqları şey budur ki, mənə zəng vursunlar və danışıb məsələni həll edək. İranın nüvə silahına malik olmasını istəmirik. İrana zərər vurmaq da istəmirik”.

İran ABŞ-ın təklif etdiyi nüvə sazişinə imza atacağı təqdirdə ABŞ dövlətinin onlara maddi yardım etməyə hazır olduğunu bildirən Donald Tramp nümunə olaraq Şimali Koreyanı (ŞKXDR) göstərib.
 
Vüqar Mirzəbəy