Türk müğənnini 120 min dollara Azərbaycana gətirən məmur kimdir?

Türk müğənnini 120 min dollara Azərbaycana gətirən məmur kimdir?

14-03-2019 17:02 / Bu xəbər 3957 dəfə oxundu

Bir müddət öncə məşhur türk müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlib.

Bu barədə posta.az məlumat yayıb.

Məlumata görə, ifaçı Böyük saray restoranında baş tutan məclisdə mini konsert verib və ev sahibi Gülü Şəmşirliyə təşəkkür edib. 

Demetin kim tərəfindən toya dəvət alması, tələb etdiyi qonorar müzakirə mövzusuna çevrilib. Çünki sözügedən müğənni Türkiyənin ən məşhur və böyük məbləğdə qonorarlarda adı hallanan sənətçilərindəndir.

Onu Azərbaycana gətirən məmurla bağlı isə müxtəlif müzakirələr gedir. Demetin adını hallandırdığı Şəmşirliyə gəlincə, Azərbaycanda tək məşhur Şəhriyar Şəmşirlidir ki, o da Abşeron rayonunun polis rəisidir. 

Şəhriyar "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşıdır. Onların analarının adı isə Gülüdür.

Məlumata görə, Demetin Azərbaycana 120 min dollar qonorar qarşılığında gəlib.

Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli isə gununsesi.org-a açıqlamasında yazılanları təkzib edib: 

"Adını çəkdiyiniz adam kimdir, nəçidir, heç bilmirəm. Cəfəngiyyat söhbətdir. Azərbaycan demokratik dövlətdir, ölkəmizdə də mətbuat azaddır. Təəssüf ki, bu azadlıqdan sui-istifadə edib ağızlarına gələni yazırlar”.

Polis rəisi onu da vurğulayıb ki, ailəsində kiçik toy mərasimi olası kimsə yoxdur: "Mənim övladlarım böyükdürlər”.