Türkiyə dollardan imtinanı təklif edir

Türkiyə dollardan imtinanı təklif edir

21-12-2016 15:27 / Bu xəbər 1947 dəfə oxundu

«Azərbaycan və Türkiyə arasında milli valyuta ilə ikitərəfli ticarətin aparılmasına dair danışıqlar aparılmayıb».

APA-nın xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Buna baxmayaraq, nazir gələcəkdə bu məsələ ətrafında Türkiyə tərəfi ilə danışıqların aparılmasını istisna etməyib.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci isə bildirib ki, dövlət başçıları İlham Əliyev və Recep Tayyip Erdoğan bununla bağlı iqtisadi qurumlara müvafiq təlimatlar verib:

«Artıq önəmli bir nöqtəyə gəlinib. Azərbaycan və Türkiyə bir-birilərinə qarşılıqlı imtiyaz təklif etməlidir. Lazım olarsa, bu imtiyazlar sıfır səviyyəsinədək enməlidir. Hazırda ticarət dövriyyəmiz 3.5 milyard dollar civarındadır, bu göstəricini 10-15 milyard dollara qədər artırmalıyıq. Yaxın zamanda bununla bağlı işlərə başlanılacaq. 2017-ci ilin ilk yarısında Azərbaycan-Türkiyə işgüzar sammitin baş tutması gözlənir. Bu toplantıda sözügedən məsələ ilə bağlı müvafiq sənədin imzalanması planlaşdırılır. Son dövrlər bizim əsas siyasətimiz ikitərəfli ticarət dövriyyəsində milli valyutalarla hesablaşmanın tətbiqidir. Bu, sadəcə, Azərbaycanla münasibətlərimizə aid deyil. Söhbət bir çox ölkələrdən gedir ki, onların arasında Koreya, Yaponiya, Rusiya, Çin və İranı qeyd etmək olar. Heç bir məcburiyyətdən söhbət gedə bilməz. Lakin ticarət dövriyyəsində milli valyutadan maksimum istifadə etməliyik və bunun yollarını tapmalıyıq. Bir daha xatırladıram ki, bununla bağlı həm Türkiyə, həm Azərbaycan prezidentinin müvafiq təlimatı var».