"Türkiyə geriyə "irəliləyir"" - ŞƏRH

29-08-2018 17:56 / Bu xəbər 1700 dəfə oxundu

Elis sarayında 250-yə yaxın diplomat, millət vəkili, beynəlxalq münasibətlər mütəxəssislərinin də iştirak etdiyi yığıncaqda çıxış edən Fransa prezidenti Emmanuel Macron xarici siyasət və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı təkliflərini verib.

Çıxışda prezident Emmanuel Makron qeyd edib ki, prezident Ərdoğanın Türkiyəsi Mustafa Kamal Atatürkün zamanındakı Türkiyə deyil: "Türkiyənin Avropa Birliyi üzvlüyünə qəbulu əvəzinə, bu ölkə ilə strateji müttəfiq olmaq lazımdır. Bu iki güc təhlükəsizliyimiz üçün vacib olduğundan Rusiya və Türkiyə ilə strateji müttəfiqlik vacibdir, onların Avropa ilə bağlı olması lazımdır".

Maraqlıdır, Emmanuel Makron çıxışında bildirdiyi kimi müttəfiqliyin əsas məqsədini nədə görür və indiki Türkiyəni niyə Atatürkün zamanındakı dövrlə müqayisə edir? 

Müsavat Partiyasının Divan üzvü Elman Fəttah Toplum.Tv-yə deyib ki, Makronun Atatürkü bu kontekslə xatırlaması çox normaldır: "Atatürkün qurduğu dövlət parlemantarizmindən jandarmasına qədər Fransa modeli idi. Ona görə də biz sualı iki hissəyə bölməliyik: Makron niyə Atatürk Türkiyəsi və Ərdoğan Türkiyəsi müqayisəsini aparır və nəyə görə Avropa Birliyinə qəbulunu mümkünsüz saydığı Türkiyəyə strateji müttəfiqlik təklif edir? Atatürk Türkiyə Cümhuriyyətini qurarkən bütün konstitusion əsasları ilə birlikdə idarəetmə sisteminə qədər hər şeyi Fransa sistemindən götürmüşdü. Laiklik, sekulyar dövlət modeli idi.  Bu, Fransa inqilabının ən mühim dəyərlərindən biridir. Türkiyənin bürokratik sistemi belə son zamanlara qədər bonopartist sistem olub. Ancaq indi Ərdoğan Türkiyəsi layiklikdən xeyli uzaqlaşıb və cümhuriyyət öncəsi Osmanlı mühafizəkarlığına doğru geriyə "irəliləyir”.  Ona görə də Makron "Atatürk Türkiyəsi və Ərdoğan Türkiyəsi” müqayisəsi apararkən sonuncunu "panislamist” adlandırıb. Bu səbəbdən də Türkiyənin Avropa Birliyinə üzvlüyünü mümkünsüz sayıb. Bilirsiniz, Avropa Birliyi sadəcə, təhlükəsizlik naminə strateji müttəfiqlik institutu deyil,  o həm də dəyərlər və insan haqları baxımından daha çox laik təfəkkürlü cəmiyyətə sahib dövlətlərin siyasi-iqtisadi-mədəni birliyidir.  Makron hesab edir ki, Türkiyə nəinki bu modelə yaxınlaşır, əksinə Ərdoğanın siyasəti ilə daha da uzaqlaşır”.
 
Elman Fəttah onu da əlavə edib ki, Makron Türkiyəni Avropa Birliyinə, kobud desək, yaraşdırmır: "O zaman niyə ona strateji müttəfiqlik təklif edir? Məsələ burasındadır ki, indiki dünyanın təhlükəsizlik sistemi İkinci Dünya Müharibəsindən sonra formalaşmış təhlükəsizlik sistemi idi. Avropadan baxanda bu sistemin birinci prioriteti iki dünya müharibəsi ilə tar-mar olmuş Avropanın müharibəsiz təhlükəsizlik sistemini üç sahədə yaratmaq idi. Birinci, iqtisadi müstəfidə yüksək inkişafa nail olmaq, hansı ki Avropa Birliyi öncə iqtisadi birliyin formatı kimi ortaya çıxıb. İkincisi, milli təhlükəsizliyin təminatını beynəlxalq təhlükəsizliyin içində təmin etmək. Bu məqsədlə NATO yaradıldı və əlbəttə, insan haqları, humanizm prinsipləri, liberal demokratiya hədəflənən siyasət idi ki, Avropa soyuq müharibə dövründə, bunların hər üçünə, həm iqtisadi inkişafa və rifaha, həm təhlükəsizliyə, həm də insan haqları müstəvisində çox şeyə nail oldu. Amma soyuq müharibədən sonrakı dövr, xüsusilə də son 10 ildə bu ənənəvi beynəlxalq təhlükəsizlik sistem laxlamağa başladı. Hansı ki 2008-ci ildə Rusiya Gürcüstana soxulanda bu sistem işləmədi. Daha sonra Ukrayna mövzusunda 2014-cü ildə Krım işğal olanda yenə də eyni məsələ çıxdı ortalığa. Ardınca İngiltərənin (Brexit) birlikdən çıxma qərarı, Amerikada Tramp dövrü, bütün bunların hamısı ənənəvi təhlükəsizlik sisteminin çöküşünü göstərir”.

"Problemlər, Amerika və İran arasında və yaxud Avropa ilə Rusiya  arasında deyil…"

"Əslində, bu gün ən ciddi sual həm də odur ki, münasibətlərdəki problemlər, Amerika və İran arasında və yaxud Avropa ilə Rusiya  arasında deyil. Diqqətlə baxsaq, görərik ki, əsl konfrantasiya Avropa ilə ABŞ arasındadır. Makron da öz çıxışında onu vurğulayıb ki, təhlükəsizliklə bağlı düşünməliyik, çünki ABŞ bu məsələdə kifayət qədər güvəniləsi deyil. Mən deməzdim ki, Makronun bu çıxışı NATO-nun ömrünün başa çatdığına siqnaldır. Ancaq ən azından bu mövzuda çox ciddi narahatlıqlar var. Bir ay bundan öncə Danimarkanın Baş naziri təhlükəsizliklə bağlı müttəfiqlik sisteminə qayıtmağı təklif eləmişdi. Bu, İkinci Dünya Müharibəsindən öncəki  sistemdir. Dövlətlər öz təhlükəsizliklərini beynəlxalq təhlükəsizlik sistemində yox, ikili müttəfiqlik sistemində görürdü. Hazırda Makronun dediyi, Türkiyə ilə strateji müttəfiqlik təklifi də sırf təhlükəsizlik məsələsində ortaq maraqları tapıb, həmin məsələlərdə AB ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətləri qurmaqdır. Bu yanaşma  bu günə qədər olan Türkiyənin Avropaya interqasiya mövzusuna son qoymaqdır. Yəni Makronun baxışına görə Türkiyənin Avropaya inteqrasiyası dayanır. Bundan sonra tərəflər, Avropa Birliyi və Türkiyə olaraq münasibətlər sistemini ikili maraqların təmini müstəvisində strateji müttəfiqlik formasında quracaq. Makronun çıxışından anlaşılan budur. Əslində, buna bənzər fikirlər əvvəllər də səslənib. Makron dediyi zaman ona görə bu qədər diqqət cəlb edir ki, o, bu məsələni səfirlərin, diplomatların qarşısında 90 dəqiqəlik çıxışında Fransanın xarici siyasətinin yol xəritəsini təqdim edərkən deyib.  Deməli, bu, sadəcə, bir çıxış deyil,  artıq hazırlanmış, ortaya qoyulmuş və həyata keçiriləcək  Fransanın rəsmi  siyasəti olacaq. Qısası, anlaşılan budur ki, Makronun "strateji müttəfiqlik” açıqlaması Avropada inteqrasiya siyasətinə inamın azalmasından xəbər verir və o, Fransanın baxışının İkinci Dünya Müharibəsindən əvvəlki "müttəfiqlik” sisteminə qayıdışdan ibarət olduğunu deyir”.

"İndi fərqli bir Türkiyə var" 

Politoloq Şahin Cəfərli isə bildirib ki, Atatürk Türkiyəsi Fransa laisizm prinsiplərinə əsaslanan dövlət idi və sekulyarizmə ciddi önəm verirdi. İndi isə tamam fərqli Türkiyə var: 

"Fransa Prezidenti Makron öz sözləri ilə eyham vurur ki, Türkiyə artıq əvvəlki Türkiyə deyil. Mustafa Kamalın Türkiyəsi, daha doğrusu, onun göstərdiyi yol ilə gedən Türkiyə Avropa Birliyinə üzvlük istiqamətində irəliləyirdi və üzvlük kriteriyalarını yerinə yetirməyə çalışırdı. 1999-cu ildə Türkiyə Avropa Birliyinə namizəd ölkə statusu ala bilmişdi və bu, tarixi uğur idi. Hazırkı Türkiyədə laiklik, yəni dövlətin dünyəvi xarakteri və sekulyarlıq qalsa da, ciddi erroziyaya uğrayıb, dini dəyərlərə əsaslanan mühafizəkarlıq güclənib. Türkiyə indi heç bir yönü ilə Avropa Birliyinin Kopenhagen siyasi kriteriyalarına və Maastriht iqtisadi kriteriyalarına cavab vermir. Əslində, onu da qeyd etmək lazımdır ki, Fransa və Avropa Birliyinin digər lider ölkəsi Almaniya, eləcə də bəzi başqa Qərbi Avropa ölkələri Türkiyənin təşkilata tamhüquqlu üzvlüyünə əvvəllər də isti yanaşmırdılar. Türkiyənin üzvlüyü mövzusunda Avropada daim mübahisələr mövcud olub. Bəzi çevrələr Türkiyənin Qərb-xristian sivilizasiyasının bir parçası olmadığını, həmçinin Türkiyə kimi böyük ölkəni üzvlüyə qəbul etməyin Avropa Birliyi daxilində ciddi problemlərə səbəb olacağını əsas gətirərək, üzvlüyə qarşı çıxıblar. Məsələyə daha soyuqqanlı yanaşan və uzunmüddətli perspektivi düşünən digər çevrələr isə Avropa Birliyinin dini dəyərlər əsasında formalaşan qurum olmadığını, Türkiyənin bütün meyarlara tam uyğunlaşmasından sonra onu üzvlüyə qəbul etməkdə problem görmədiklərini bildirirdilər. Lakin bu uyğunlaşma prosesinin başa çatmasına qədər Türkiyə üçün aralıq statusu verilməsi təklifləri də səslənib. Məsələn, Almaniya Türkiyə ilə "imtiyazlı ortaqlıq" adı altında xüsusi münasibət qurulmasını bir neçə dəfə gündəmə gətirib. İndi Makronun "strateji müttəfiqlik" təklifini də mən buna oxşadıram. Türkiyəyə tamhüquqlu üzvlük əvəzinə, Avropa Birliyinin strateji ortağı olmaq təklif olunur. Amma bu təklif hələ qeyri-rəsmidir, yəni Avropa Birliyi tərəfindən irəli sürülməyib”.

"Türkiyə Avropa Birliyinin standartlarından sürətlə uzaqlaşır"

Politoloq onu da qeyd edib ki, Türkiyə hər zaman bu tip təklifləri rədd edib və Fransa prezidentinin son təklifinə də öz neqativ münasibətini açıqlayıb. Türkiyə bəyan edir ki, onun məqsədi Avropa Birliyinə üzvlükdür: "Avropada Türkiyəyə qarşı müəyyən haqsızlıqlara, ikili standartlara yol verilməsi, hətta bəzi çevrələrin islamofob mövqe sərgiləməsi ilə yanaşı, Türkiyənin özünün də siyasətində ciddi ziddiyyətlər və problemlər var. Bir tərəfdən Türkiyə deyir ki, biz Avropa Birliyinə üzv olmaq istəyirik, digər tərəfdən isə Avropa Birliyinin standartlarından sürətlə uzaqlaşır. Türkiyə artıq nə yazıq ki, demokratik ölkə deyil, insan hüquq və azadlıqlarının, söz-mətbuat azadlığının, məhkəmə müstəqilliyinin ciddi şəkildə məhdudlaşdırıldığı, avtoritar rejimin formalaşdığı bir ölkədir. Türkiyə bununla Avropadakı əleyhdarlarının əlinə çox yaxşı bəhanə verir. Onlar Türkiyənin Avropa Birliyi kriteriyalarından uzaqlaşdığını, belə bir ölkəni Avropa Birliyinə qəbul etməyin mümkün olmadığını vurğulayırlar və təəssüf ki, haqlıdırlar. Makronun məlum təklifi də buradan irəli gəlir. Amma problemlərə baxmayaraq, iki tərəfin də bir-birinə ehtiyacı var. Özü də bu ehtiyac getdikcə artır”.
 
Lalə İsgəndərli